Xəbər lenti


 

54 yaşım var. Üzeyr Hacıbəyovun qocalıq simvolu kimi ölümsüzləşdirdiyi Məşhədi İbaddan 4 yaş böyüyəm. Başqa sözlə desək, hay-hayım gedib, vay-vayım qalıb. Amma bu uzun ömrüm boyu yalnız bir dəfə seçkiyə getmişəm. O da 5 il bundan əvvəl.

 

O zamanadək seçkilərdə iştirak etməməyimin səbəbi seçki məntəqəsinin uzaqda olmasından qaynaqlanmır. Əksinə, mənim səs verdiyim seçki məntəqəsi yaşadığım binanın tam qarşısındadır. Bizim evdən ora getmək heç bir dəqiqə də çəkməz. Seçki zamanı bu məntəqədə seçici növbəsi də olmur. Yenə əksinə, seçki məntəqəsi günün sonuna qədər qapısını açıb bir Allah bəndəsinin ona təşrif buyurmasını gözləyir. Nadir Allah bəndələri isə onun bu gözləntisini doğruldur. Bir sözlə, bir dəqiqəlik məsafə qət edib məntəqəyə getsəm, 1 dəqiqəm də səs verməyə sərf olunar. Evə qayıtmağım da yenə bir dəqiqə çəkər. Yəni mənim seçkilərdə iştirak etməyim cəmi 3 dəqiqəmi alar.  Amma ömrümün bu 3 dəqiqəlik hissəsini 5 il necə idarə olunmağıma belə xərcləmək istəmirəm. Bunun isə bir neçə vacib səbəbi var.

 

Əvvəla, mənim necə idarə olunmağımı verəcəyim səsin müəyyənləşdirəcəyinə inanmıram. Sağ olsun Məzahir Pənahovu, onsuz da mənim əvəzimə səs verir və ya verdirir. Bir də əziyyət çəkib onun işinə niyə qarışım?

 

İkinci vacib məsələ, mən heç vaxt arzuladığım namizədə səs vermək iqtidarında olmamışam. Namizədləri də Məzahir Pənahov seçir və guya mənim seçimimə buraxır. Sonra da özü mənim əvəzimə səs verirsə, mən niyə 3 dəqiqəmi bu mənasız prosesə ayırım?

 

Sual edə bilərsiniz: bəs niyə 5 il bundan əvvəl həyatımda ilk dəfə şeytanın bacaqlarını qırıb səsverməyə getmişəm? 

 

Bunun səbəbkarı oğlum olub. O, 5 il bundan əvvəl 18 yaşını doldurmuşdu və həyatında ilk dəfə səsvermə hüququ qazanmışdı. Mən də oğluma yaxşı vətəndaşlığı öyrətmək üçün özümü əziyyətə salıb onu səsverməyə aparmışdım. Ona örnək olmaq üçün isə gözü qabağında səs vermişdim. Çünki mənim kimi necə idarə olunmağını müəyyənləşdirməyi Məzahir “əmisi”nin ixtiyarına buraxmasını istəmirdim. İnanırdım və hələ də inanmaq istəyirəm ki, oğlum məndən fərqli olaraq bir gün vətəndaşı olduğu ölkəmizdə eynilə digər dövlətlərin insanları kimi seçmək, seçilmək hüququna və imkanına malik olacaq. Elədirsə, ilk təcrübələrinə və vərdişlərinə indidən yiyələnməlidir. Mən də bu istiqamətdə ona əlimdən gələn köməkliyi göstərməliyəm. 

 

Oğlum isə gedib elə adama səs vermişdi ki, seçkidən 3 sonra bunu özündən eşidəndə hirsimdən dodaqlarımı gəmirmişdim. Amma ona bir söz deməmişdim və 3 dəqiqəlik zəhmətimə heyfim də gəlməmişdi. Ona görə ki, oğluma ürək sözlərimi desəydim, mən də Məzahir Pənahovluq etmiş olardım.

 

Bu gün Türkiyədə də seçki keçirilir. Qardaş ölkədəki seçki aktivliyi bizdən xeyli fərqlənir. Hər seçki dövründə seçicilərin prosesdə iştirakı 80%-ə, bəzən hətta bundan daha artığa çıxır. Təbii ki, Türkiyə bu seçki aktivliyi vərdişlərini təsadüfən qazanmayıb. Qurulduğu illərdən indiyədək bu ölkədə seçkidə iştirakı təmin etmək üçün müəyyən həvəsləndirmələr və cəza metodları tətbiq olunub. Hətta cəza qanunvericiliyində seçkidə iştirak etməyənlər üçün cinayət məsuliyyətləri belə nəzərdə tutulub. Türk insanı məhz bu məcburi tədbirlərin nəticəsində bəlkə də dünyada ən aktiv seçiciyə çevrilib. Bəzən mənim oğlum kimi səhv adamlara səs versə də.

 

Türkiyədə seçici aktivliyinin ən bariz örnəyi bir neçə ay əvvəl dünyanın ən şiddətli zəlzələləri ilə sarsılan güney-doğu bölgəsinin sakinlərinin bugünkü seçkidə göstərdikləri fəallıqdır. Yuxarıdakı şəkildə gördüyünüz bu adam zəlzələ zamanı yerlə bir olan Hatayda yaşayır. Zəlzələdə bir çox doğmalarını itirib. Özü isə darmadağın olmuş məmləkətindən baş götürüb İstanbula gedib. Adı İbrahim Kayadır. Səsvermədə iştirak etmək üçün dünəndən məmləkətinə qayıdıb. O məmləkətinə ki, yeməyə çörək, zəruri ehtiyacını gidərmək üçün tualet belə tapa bilmir. Özü də xarabalığa çevrilən evində gecələyir. Bütün çətinliklərə baxmayaraq, İbrahim Kaya səsvermə hüququnu Türkiyənin Məzahir Pənahovlarına buraxmaq istəmir.

 

Üstəlik, o tək də deyil. Rəsmilərin bildirdiyinə görə, son bir neçə gündə (dünənki məlumatlara əsasən) Türkiyənin müxtəlif yerlərinə köçən 200 mindən artıq Hataylı məmləkətlərinə qayıdıb. Sadəcə bir günlüyünə. Səs verdikdən sonra yenidən maşınlarına əyləşib müvəqqəti sığındıqları mənzillərinə dönəcəklər. İddialara inansaq, bu gün də Hataylıların məmləkətlərinə axını davam edəcək. Onlardan bəziləri hətta səsvermə zamanı bitənə qədər gəlib mənzillərinə belə çatmayacaqlar. Çünki yollar dar və tıxaclarla doludur. Hataya gəlmək üçün saatlarla həmin tıxaclarda gözləməlidirlər. Amma heç bir maneə Türk insanını səsvermədə iştirakdan yayındıra bilmir.

 

Bax, mən belə bir seçici aktivliyinin olduğu məmləkət üçün oğlumu hazırlayırdım. Onun bu səadətə qovuşub-qovuşmayacağına inamım isə hələ də tam deyil.

 Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 6 320          Tarix: 14-05-2023, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma