Xəbər lenti


“Dünya həm ABŞ, həm də Çinin inkişafı üçün kifayət qədər böyükdür”.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın Xəzinə katibi Janet Yellen bazar günü Pekinə səfərini başa vurarkən belə deyib. 

 

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında “münasibətləri sabitləşdirmək məqsədilə” Pekinə səfər edən Yellen Çinin yeni iqtisadi rəhbərliyi, o cümlədən Baş nazir Li Qiang və Çin Mərkəzi Bankının yeni təyin olunmuş sədri Pan Gongsheng ilə "birbaşa, əsaslı və məhsuldar" danışıqlar apardığını deyib.

 

Heç bir səfər bizim problemlərimizi bir gecədə həll etməyəcək. Amma ümid edirəm ki, bu səfər davamlı və məhsuldar kommunikasiya kanalı qurmağa kömək edəcək”, - Yellen Pekində mətbuat konfransında həmçinin deyib: “Ümumi desək, hesab edirəm ki, iki gün ərzində təxminən 10 saat davam edən ikitərəfli görüşlərim  ABŞ-Çin münasibətlərini daha etibarlı təmələ oturtmaq səylərimizdə irəliyə doğru bir addım oldu”.

 

Vaşinqton aylarla davam edən gərginlikdən sonra Pekinlə münasibətləri yoluna qaytarmağa çalışan Yellenin bu ziyarəti ABŞ rəsmilərinin bir neçə həftə ərzində Çinə ikinci səfəridir. Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken də Çinə getmişdi.

 

Maraqlıdır ki, ABŞ bir tərəfdən son aylarda yüksək səviyyəli diplomatik danışıqları bərpa etməyə çalışarkən, digər tərəfdən də Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edir. Vaşinqton Yaponiya və Hollandiya kimi müttəfiqlərinin Çinə qabaqcıl yarımkeçiricilərin satışını məhdudlaşdırmasına nail oldu və Pekinin “iqtisadi məcburiyyətinə” qarşı çıxmaq üçün digər inkişaf etmiş iqtisadiyyatları birləşdirdi. 

 

Yellen isə öz açıqlamasında “ABŞ-ın Çindən ayrılmaq istəmədiyini”, bunun "hər iki ölkə üçün fəlakətli və dünya üçün sabitliyi pozacaq və öhdəsindən gəlinməsi faktiki olaraq mümkün olmayan" problemlər yarada biləcəyini vurğulayıb. O, ABŞ-ın bu bir-birinə zidd addımlarını isə belə əsaslandırıb: "Bir tərəfdən ayrılma, digər tərəfdən kritik təchizat zəncirlərinin şaxələndirilməsi və ya hədəflənmiş milli təhlükəsizlik tədbirlərinin görülməsi arasında mühüm fərq var".

 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar öz milli təhlükəsizlik maraqlarını və müttəfiqlərinin maraqlarını qorumaq üçün “məqsədli tədbirlər” görməyə davam edəcək, eyni zamanda bu hərəkətlərin “şəffaf, dar əhatəli və aydın məqsədlərə yönəldilməsinə” çalışacaq.

 

Yellenin şənbə günü Çinin baş nazirinin müavini He Lifeng ilə görüşündən sonra rəsmi “Xinhua” xəbər agentliyi məlumat yaymışdı ki, Çin tərəfinin bu yanaşma ilə bağlı problemləri var: "Çin hesab edir ki, milli təhlükəsizliyin ümumiləşdirilməsi normal iqtisadi və ticarət mübadilələri üçün əlverişli deyil. Pekin ABŞ-ın Çinə qarşı sanksiyaları və məhdudlaşdırıcı tədbirləri ilə bağlı narahatlığını nəzərə çatdırıb”, - məlumatda bildirilir.

 

Yellen də ABŞ və Çin arasında "aydın və birbaşa" bildirilməli olan "əhəmiyyətli fikir ayrılıqlarının" olduğunu danmır, lakin Bayden administrasiyasının ABŞ-Çin münasibətlərini "böyük güc münaqişəsi çərçivəsində görmədiyini” vurğulayır. “Biz inanırıq ki, dünya hər iki ölkəmizin inkişafı üçün kifayət qədər böyükdür. Hər iki xalqın bu əlaqələri məsuliyyətlə idarə etmək öhdəliyi var: birlikdə yaşamaq və qlobal rifahı bölüşmək üçün bir yol tapmalıyıq”, - ABŞ rəsmisi bildirib.

 

Yellen Çin rəsmilərinə Vaşinqtonun bir sıra narahatlıqlarını da çatdırıb. Bunlar əsasən Çinin ədalətsiz iqtisadi təcrübələri, xarici firmaların bazara çıxışı üçün maneələr, əqli mülkiyyətlə bağlı məsələlər  və Amerika firmalarına qarşı məcburi hərəkətlərin son zamanlarda artması kimi amillərdir.

 

Yellen Vaşinqtonun tətbiq edə biləcəyi potensial xarici investisiya sanksiyaları ilə bağlı suala cavab olaraq, ABŞ şirkətlərinin Çinə xaricə sərmayələrini məhdudlaşdırmaq üçün yekun qərarın verilmədiyini söyləyib.

 

 "Mən çinli həmkarlarıma izah edə bildim ki, əgər bu cür məhdudiyyətləri tətbiq etsək, bunu şəffaf şəkildə həyata keçirəcəyik", - deyən Yelen onu da vurğulayıb ki, hər hansı yeni məhdudiyyətlər və ya sanksiyalar "yüksək hədəfə “kilidlənəcək” və açıq şəkildə bir neçə spesifik milli təhlükəsizlik narahatlıqlarımız olan sahələrə yönəldiləcək: “Mən onların Çin iqtisadiyyatına geniş miqyasda təsir edəcək bir şey edəcəyimizlə bağlı qorxularını aradan qaldırmaq istəyirəm. Bu belə deyil. Məqsəd bu deyil”.

 

Qeyd edək ki, Çində bu cür əndişələrin yaranmasının səbəb “The Wall Street Journal” və “Politico” da daxil olmaqla bir çox ABŞ media qurumlarının yaydığı məlumatlardır. ABŞ mediasının bildirdiyinə görə, Bayden administrasiyası Çinin müəyyən sektorlarına investisiyaları məhdudlaşdıra biləcək yeni qaydalar üzərində işləyir.

 

Yellen isə son səfərində Çin rəsmiləri ilə qlobal problemlər üzrə əməkdaşlıq sahələrini, o cümlədən iqlimlə bağlı fəaliyyət üçün çoxtərəfli maliyyəni səfərbər etmək üçün birgə işləməyi müzakirə edib və qərara alınıb ki, müzakirələr ABŞ-ın iqlim üzrə katibi Con Kerrinin Çinə gözlənilən növbəti səfərində davam etdirilsin. Fakt ABŞ-ın Çindəki səfiri Nikolas Börns tərəfindən təsdiqlənsə də səfərin qrafiki açıqlanmayıb.

 

Yellen çinli həmkarları ilə görüşündə Rusiyanın Ukraynaya qarşı “amansız və qeyri-qanuni müharibəsinə son qoymağın vacibliyini" vurğulayıb və Çin firmalarının Rusiyaya maddi hərbi dəstək verməkdən və ya sanksiyalardan yayınmalarını məsləhət görüb.

 

Yellenin səfəri Çinin yarımkeçiricilər istehsalı üçün lazım olan iki strateji materialın ixracına məhdudiyyətlər elan edərək ABŞ-la texnoloji müharibədə qisas almasından bir neçə gün sonra baş verib. Bu addım, Bayden administrasiyasının keçən oktyabr ayında elan edilən Çinə qabaqcıl çip satışına qadağasına cavab olaraq qəbul olunub. Bir çox KİV-in məlumatına görə, süni intellekt çiplərinin satışını məhdudlaşdırmaq üçün bəzi mühüm addımlar atılacaq.

 

Sanksiyalar Pekinin texnoloji ambisiyalarının mərkəzində dayanır, çünki çiplər smartfonlar, özü idarə olunan avtomobillər və qabaqcıl hesablamalardan silah istehsalına qədər bir çox sahələrdə istifadə olunur.

 

Bəs Yelen Çin rəsmilərini buna inandıra bilibmi?

 

Vaşinqtondakı Quincy İnstitutunun Şərqi Asiya tədqiqatçısı Cek Verner, Yellenin çinli həmkarlarının ABŞ-ın qadağanının Çin iqtisadiyyatını boğmaq məqsədi daşımadığına dair arqumentinə inandırmasının çətin olduğunu söyləyib.

 

“ABŞ və Çin liderləri bu texnologiyaları gələcək inkişafın təməli hesab edirlər. Çin liderləri məhdudiyyətləri Çini daimi olaraq ABŞ-ın gücünə tabe etmək və Çin biznesini gələcəyin ən mühüm sənayelərindən məcburi şəkildə kənarlaşdırmaq cəhdi kimi qiymətləndirirlər”, - Verner bildirib.

 

Onun fikrincə, bu məsələ, münasibətlərdəki “ən zəhərli mübahisə sahələrindən biri olmağa davam edəcək."

 

Bununla belə, ABŞ rəsmilərinin Çinə səfərlərinin intensivləşməsi və danışıqlarda ortaq dəyərlər ətrafında fikir mübadiləsi aparması geosiyasi müstəvidə yeni arayışların ortaya çıxdığından xəbər verir və Rusiyanı daha da yalnızlaşdırır. Təsadüfi deyil ki, Yelenin gündəmində Çin şirkətlərinin Rusiya ilə ticari münasibətləri məhdudlaşdırmaq mövzusu da olub.

 

Ovqat.com 




Ana səhifəyə qayıt        Baxış: 6 760          Tarix: 9-07-2023, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma