“Avropa İttifaqının bəyanatlarına istinad etmək istərdim ki, burada Laçın dəhlizinin açılmasının vacibliyi vurğulanır. Aİ-də vəziyyətin həllinə yönəlmiş müxtəlif aktorlarla görüşlər keçirilib. Mən demirəm ki, bu, sadə prosesdir, lakin biz vəziyyətin həlli yollarının tapılması prosesində müxtəlif beynəlxalq tərəfdaşlarla birgə tam şəkildə iştirak edirik. Biz Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll yolu üzərində işləyirik”.
Ovqat.com-un məlumatına görə, bunu Alpha News-a müsahibəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Münaqişənin 35 ili ərzində bütün tərəflər üçün bir çox ağrılar, emosiyalar yaratdığını qeyd edən Klaar bildirib ki, bu problemlərin öhdəsindən yalnız dialoq yolu ilə gəlmək olar: “Odur ki, biz Xankəndi ilə Bakı arasında dialoqun qurulmasına kömək etmək üçün çalışırıq.
Nifrət ritorikasının vəziyyəti xeyli mürəkkəbləşdirdiyinə inanan sözçü buna görə ölkə rəhbərlərinin məsuliyyət daşıdığını vurğulayıb.
Onun fikrincə, ermənilərlə azərbaycanlılar arasında xoş münasibətləri bərpa etmək lazımdır, bu da Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılması ilə yanaşı, Ağdamdan Xankəndinə humanitar yüklərin çatdırılması hesabına baş verməlidir: “Əvvəl-axır bütün bunlar baş verməlidir. Əks halda, təmaslar olmadığı bir şəraitdə biz sülhü necə bərqərar edib, bu istiqamətdə real addımlar ata bilərik?”
Regionda etimad mühitinin yaradılması üçün çox işlər görülməsinin lazım olduğunu vurğulayan Klaar ilk növbədə liderləri öz baxışlarını dəyişdirməyə çağırıb. Bununla yanaşı, “Xankəndində və ya başqa yerdə yaşayan insanların öz hüquq və təhlükəsizliyinin qorunduğunu hiss etməsi son dərəcə vacibdir. Bu baxımdan irəliləmək üçün elektrik enerjisinin, qaz təchizatının bərpası, nəqliyyatın və malların tədarükü bərpa edilməlidir”, - deyən Aİ-nın xüsusi nümayəndəsi bildirib:
“Siyasi liderlərdən köhnə səhifəni çevirmək, fərqli bir Cənubi Qafqaz qurmağa hazır olmaq tələb edilir. Biz bunun mümkün olduğuna əminik. Qarabağ erməniləri prosesin və müzakirənin bir hissəsi olmalıdırlar, buna görə də Xankəndi ilə Bakı arasında dialoq vacibdir və biz buna görə çalışırıq”.
Paylaş: