“İrəvan azərbaycanlıların Ermənistan Respublikası ərazisinə qaytarılması ilə bağlı heç bir danışıq aparmır”.
Ovqat.com-un məlumatına görə, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan mətbuata açıqlamasında bildirib.
“Danışıqlar masasında belə bir mövzu yoxdur. Bu, azərbaycanlıların apardığı təbliğatdır... Bizim bununla bağlı heç bir hüquqi öhdəliyimiz yoxdur”, - deyə səfir qeyd edib.
Marukyanın fikrincə isə, Lavrovun bəyanatı müzakirə olunan mövzuya uyğun gəlmir, çünki bu məsələ Ermənistanın xarici işlər naziri ilə müzakirə olunmayıb. O vurğulayıb ki, ermənilər guya zorakılıq, qətl, evlərinin yandırılması təhlükəsi ilə Azərbaycandan qaçıblar, azərbaycanlılar isə sakitcə Ermənistanı tərk edib, mənzilləri dəyişdirib, təzminat alıblar: “Yəni, hətta bu hissədə belə şərtlər mütənasib deyil”.
Qeyd edək ki, Lavrov erməni və azərbaycanlı həmkarlarının Moskvadakı son görüşündən sonra Rusiya XİN-in rəsmi saytında yayılan bəyanatında vurğulamışdı ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi tərəflər arasında ən həssas məsələ olaraq qalır. “Erməni tərəfi Dağlıq Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə mümkün olan ən tez görüşlərdə müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqları razılaşdırmağa inandırmağın zəruriliyini başa düşür. Azərbaycan tərəfi isə öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər bütün konvensiyaların Ermənistan Respublikasında yaşayan vətəndaşlara tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar”, - Lavrov bildirmişdi.
Rusiya xarici işlər nazirinin fikrincə, bu prinsipin effektivliyi bu gün həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib və buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə onun bu iddiasını inkar edərək, danışıqların effektivliyini faktiki olaraq yenidən çıxmaz dalana sürükləyir.
Paylaş: