
ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken Rusiya-Ukrayna savaşının dayandırılması təklifi ilə çıxış edib.
Ovqat.com-un məlumatına görə, dövlət katibi ABŞ-ın ABC telekanalına müsahibəsində sülh danışıqlarının baş tutması qarşısında yalnız bir əngəlin dayandığına eyham vuraraq bildirib:
“Bütün bunların necə bitəcəyinə, xətlərin hara çəkiləcəyinə dəqiq qərar vermək ukraynalıların işidir. Amma Kiyevə səfərim zamanı mən ərazinin qaytarılması üçün səyləri davam etdirmək üçün ciddi ruh gördüm. Danışıqlara gəldikdə isə, tanqoya iki nəfər lazımdır. İndiyədək biz Rusiya prezidenti Vladimir Putinin diplomatik həllə marağının heç bir əlamətini görməmişik”.
Blinken vurğulayıb ki, ABŞ Moskvanın belə bir təşəbbüslə çıxış edəcəyi təqdirdə, Ukraynanın da danışıqlara hazır olacağına inanır və bu məsələdə Kiyevin arxasınca getməyə hazırdır.
“Əgər Putin belə bir maraq göstərsə, o zaman düşünürəm ki, danışıqlara birinci ukraynalılar girəcək və biz onların arxasında olacağıq. Hər kəs bu müharibənin bitməsini istəyir, lakin o (sülh razılaşmaları), Ukraynanın suverenliyini və ərazi bütövlüyünü əks etdirən ədalətli və davamlı şərtlərlə başa çatmalıdır”, - Blinken əlavə edib.
Blinkenin Ukraynaya səfərindən bir neçə gün sonra bu cür açıqlama verməsi təsadüfi sayılmır. Belə anlaşılır ki, ABŞ-ın dövlət katibinin Ukraynaya səfərində əsas məqsədi də elə rəsmi Kiyevin sülh danışıqlarına hazır olub-olmamasını araşdırmaq idi. Kiyevdə görüşlərini tamamladıqdan sonra Hindistana yollanan dövlət katibi Amerikaya qayıtdığı gün bu təkliflə çıxış edib.
Blinkenin ərazi bütövlüyü və suverenlik şərtini Rusiya prezidenti Vladimir Putinin qəbul etməsi çətin görünsə də, hər halda qarşılıqlı sövdələşmələr nəticəsində tərəflərin ortaq fikrə gəlməsi istisna edilmir. Təbii ki, bu zaman Ukrayna bəzi torpaq güzəştlərinə getməli olacaq.
Xatırladaq ki, Blinkendən qabaq ABŞ Baş Qərargah rəisi Mark Milli çıxış edərək, Ukraynanın əks-hücum əməliyyatını sona çatdırmaq ərəfəsində olduğunu bildirmiş və bunu hava şəraitinin pisləşməsi ilə əlaqələndirmişdi. General Millinin fikrincə, Ukraynanın qarşısında əməliyyatları davam etdirmək üçün cəmi 30-45 gün qalıb.
Paylaş: