“Dədə Qorqud” filmində el ağsaqqalının dilindən səsləndirilən bir aforizm var: “Torpağı əkib-becərmədin qorumağa, qoruya bilmədinsə əkib becərməyə dəyməz”. Yəqin ki, bu aforizmin müəllifi Dədə Qorqudun özü yox, filmi ssenariləşdirən yazıçı Anardır. Müəllifi kim olursa olsun, bu fikirlər böyük fəlsəfi anlam ehtiva edir.
Həqiqətən də istənilən torpaq parçası yalnız uğrunda qan tökməklə vətənləşmir, həm də üzərində qurulan iqtisadi təsisatlarla öz həqiqi möhtəvasına bürünür. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün nə qədər vəsait xərclənsə azdır və etiraf edək ki, ölkə rəhbərliyi də bunun fərqindədir, işğaldan azad olunmuş ərazilərimizin inşası üçün milyardlarla manat vəsait ayırıb.
Məlumata görə, təkcə 2023-cü il üçün dövlət büdcə layihəsində Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı 3 milyard manat nəzərdə tutulub. Eyni böyük fədakarlığın digər illərdə də edildiyini görürük. Büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon (hardasa 8 milyard) manat xərclənib. Qarşılamağa hazırlaşdığımız 2024-cü ildə bu istiqamətə ayrılan vəsait daha böyükdür. Növbəti ilin dövlət büdcəsində Qarabağın bərpasına 4 milyard manat vəsaitin yönləndirilməsi proqnozlaşdırılır. Üst-üstə toplayanda, 44 günlük müharibədən sonra keçən 4 il ərzində Qarabağın yenidən inşasına hardasa 12 milyard manat xərclənəcək.
Rəsmi məlumatlara inansaq, kifayət qədər böyük olan bu vəsait sayəsində Qarabağda ağıllı kənd və şəhərlər, yeni körpülər, yollar, müasir aeroportlar tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Üstəlik, bütün bu xərclər dövlət büdcəsindən ayrılanlardır. Xarici sərmayədarların da bu inşa prosesinə qoşulduğu və böyük vəsaitlər xərclədiyi sirr deyil. Bəs, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənilirmi? Bu xərclər tikinti sektorunda çalışanların gün-güzaranına necə təsir göstərir?
Sözsüz ki, bu qədər böyük vəsaitin təkcə Qarabağın yenidən inşasına ayrıldığını düşünən hər kəs, böyük ehtimalla, yuxarıdakı suala belə cavab verərdi: inşaatçılarımız yağ-bal içərisində yaşayır, qaz vurub qazan doldururlar.
Nə yazıq ki, inşaat sektorunda işləyənlərlə söhbətimizdə vəziyyətin tamamilə başqa cür olduğunu təsbit etdik. Sən demə, dövlətin inşaata ayırdığı bu pullar onların yox, onların adından istifadə edən bir qrup şəxslərin ciblərini doldurur. İşləyən, tenikaları bu ağır işdə məhv olan real inşaatçılardır, pulu qazananar isə podratçı, subpodratçı şirkətlər. Onlar vasitəsilə tikinti sektorunda iş tapmaq yarışına girən kiçik inşaat şirkətləri isə ayrılan vəsaitin yalnız cüzi qismini qazanırlar. Təbii ki, kağız üzərində. Ən pisi isə odur ki, sənədlərdə qazandıqlarını belə, reallıqda ala bilmirlər. Nəticədə bir çoxları lizinq vasitəsilə aldıqları krediti belə ödəyə bilmir, iflasa uğrayırlar.
Ovqat.com-a bu barədə xeyli şikayətlər daxil olur və biz də həmin şikayətlərdən birini araşdırmağa qərar verdik.
Şikayətçi Səməd Niftaliyevin iddiasına görə, onun 2 ekskavatoru 4 ay boyunca Qarabağın müxtəlif bölgələrində işləyib. Amma indiyədək o, işverən şirkətdən 11 min manat pulunu ala bilməyib.
Fərdi sahibkar Səməd Niftaliyevlə İcraçı şirkət “Alfa Construction Company” arasında bağlanan müqaviləyə görə, hər ekskavatorun bir aylıq işi üçün 16 min manat ödənilməlidir. Sahibkara 4 ay müddətində cəmi 32 min manat pul yazılıb. Həmin məbləğin isə sadəcə üçdə ikisi - 21 min manatı verilib. Səməd Niftalıyev bağlanan müqavilə ilə yazılan xidmət haqqı arasındakı bu fərqi hava şəraitinin uyğunsuzluğu ilə əlaqələndirib. Xüsusilə qış və yaz aylarında Qarabağda havalar yağmurlu keçdiyindən ekskavatorlar işləməyib. Nəticədə fərdi sahibkara xidmət haqqı da yazılmayıb. Halbuki, bağlanan müqavilədə bu cür şəraitlərdə məsuliyyət işverən tərəfin üzərinə düşür və ekskavatorun sahibinə xidmət haqqının ödənilməsi nəzərdə tutulur. “Alfa Construction Company” şirkəti isə texnikanın işlədiyi günlərə müftə ödənişdən boyun qaçırıb. Sahibkar da naç-naçar onunla razılaşıb. Nəticədə 32 min manat borc yaranıb. Hardasa 4 ay müddətində 2 texnikanın bir ay xidmət haqqı dəyərində. Di gəl ki, işverən şirkət bu vəsaiti də tam ödəmək istəmir.
Müştərilərinə bayram hədiyyəsi vəd edən "Alfa" şirkəti neçə ailənin bayram süfrəsini boş qoyub
Şikayəti araşdırmaq üçün “Alfa Construcion Company”nin ofisində olduq. Bizi şirkətin rəhbəri Mehdi adlı şəxs qarşıladı. Mehdi müəllimlə baş tutan qısa söhbətimiz zamanı o, həqiqətən də şikayətçilərə borclu olduqlarını təsdiqlədi. Pulu ödəməmələrinin səbəbini isə podratçı şirkətdən vəsait ala bilməmələri ilə əlaqələndirdi. Məlum oldu ki, “Alfa Constriction Company” əslində layihənin rəhbəri deyil. Layihə Türkiyənin “Polat Yol Yapı” şikəti tərəfindən həyata keçirilir. Podratçı şirkət görülən işlərin haqqını “Alfa Constriction Company”yə ödəmədiyindən o da istər-istəməz fərdi sahibkarların haqqını verə bilmir.
"Alfa"nın Rövşən adlı qoçusu da var. Təsadüfidirmi? Əlbəttə ki, yox. Koroğlunun da əsl adı Rövşən deyildimi?
Özünü tikinti şirkətinin qoçusu kimi aparan Rövşən adlı vətəndaşın kobud müdaxiləsi sayəsində familiyasını belə öyrənməyə macal tapmadığımız Mehdi müəllim bildirdi ki, “Polat Yol Yapı” şirkətindən görülən işlərin haqqının ödənilməsi dəfələrlə tələb edib. Türk şirkəti isə nəinki borcunu ödəməyib, əksinə “Alfa Constriction Company”ni borclu çıxarıb. Özü də nə qədər? Hardasa 172 min manatdan çox. Bəs, “Polat Yol Yapı” bu iddianı irəli sürərkən nəyə istinad edir? Nə yazıq ki, Mehdi müəllimdən bu sualımıza cavab ala bilmədik. Söhbətimizin şirin yerində içəriyə daxil olan Rövşən adlı “tikinti qoçusu” başılovlu içəri girərək, bizdən jurnalist vəsiqəsi tələb etdi. Təbii ki, biz də öz növbəmizə dəvətsiz qonağımızın bu tələbini yerinə yetirməyə borclu olmadığımızı onun diqqətinə çatdırdıq. O isə bizi polislə qorxudaraq, Mehdi müəllimlə söhbətimizə son verməyimizi tələb etdi. Biz də qoçu ritorikası ilə danışmağa maraqlı olmadığımızdan aradakı gərginliyi artırmamaq və mövzunun davamını “Polat Yol Yapı” şirkətinin nümayəndələri ilə davam etdirmək qərarına gəldik.
Yeri gəlmişkən, Mehdi müəllimlə söhbətləşərkən, içəriyə bir başqa şikayətçi daxil oldu. Anar Həsənov adlı şikayətçi də fərdi sahibkardır. Onun da bir ekskavatoru “Alfa Construction Campany”nin vasitəçiliyi ilə “Polat Yol Yapı”nın obyektlərində işləyir. O da iyul ayından indiyədək şirkətdən 36 min manatını ala bilməyib.
Ofisin binasından çıxarkən, binanın qarşısında xeyli şikayətçi ilə qarşılaşdıq. Onlar da buraya məşhur filmdə deyildiyi kimi, “bir abbası”larını istəməyə gəlmişdilər. Nə illah etdimsə, mənə açıqlama vermək istəmədilər. Bildirdilər ki, Mehdi müəllimlə danışıblar, o, şəxsi evini satıb dekabrın 5-nə qədər borclarını qaytaracağına söz verib. Biz də şikayətçilərə “inşallah, Allah bazar versin” deyib yolumuza davam etdik və məsləhət gördük ki, “işdir, şayət pullarını vəd edilən vaxtda ala bilməsələr, bizim qapımızı döyə bilərlər”.
“Alfa Construction Campany”nin ofisindən ayrılarkən “Polat Yol Yapı”nın layihə direktoru Burhan Bayrakçıya zəng etdim. O, maliyyə işlərinə baxmadığını və bu səbəbdən də sualımızı cavablandıra bilməyəcəyini bildirdi. Biz də “Polat Yol Yapı”nın təsisçisi Aydın Polatı aradıq. Aydın əfəndi jurnalist olduğumuzu və onun inşaat obyektlərində çalışan işçilərin xidmət haqqı ilə maraqlandığımızı eşidəndə cin atına mindi. Elə çığırıb bağırdı ki, nə dediyini anlamaqda çətinlik çəkdik. Bircə onu eşitdik ki, bizim heç kimə borcumuz yoxdur. “Alfa Construction Campany” hesab edirsə ki, bizdən alacağı var, zəhmət çəkib məhkəməyə müraciət edə bilər.
Bir sözlə, Qarabağı və Şərqi Zəngəzuru yenidən inşa edən işçilərin ümidləri nə vaxtsa podratçı və subpodratçı şirkətlərinin iddialarına baxacağı güman olunan Azərbaycan məhkəmələrinə qalıb. Bu da “bir millət iki dövlət” qardaşlığının Qarabağın yenidən bərpa quruculuğunda düyünlənən son həlqəsi. Qorxuram ki, kimlərinsə acgözlüyü nəticəsində bu həlqə Qordi düyününə çevrilsin.
Fərdi sahibkarla söhbətimiz zamanı bu ehtimalın onları da narahat etdiyi hiss olunurdu. Şikayətçilər soruşurdular ki, Azərbaycan hökuməti öz yerli şirkətlərimizi kənarda qoyub niyə işi xarici şirkətlərə verir. Xarici şirkət isə texnikası olan yerli müəssisələr və fərdi sahibkarlarla yox, adından başqa heç nəyi olmayan, qapısında ancaq qoçu saxlayan “Alfa Construction Company” ilə quru adından və kirayəyə götürdüyü ofisindən başqa heç nəyi olmayan qurumlarla podratçı müqaviləsi bağlayır, nəticədə zərərə düşənlər yerli sahibkarlar olurlar. Axı bu fərdi sahibkarlar inşaat sektoruna ayrılmış vəsaitdən qazandıqları 5-10 manatla həm təsərrüfatlarını maliyyələşdirir, həm də aldıqları texnikanın kreditlərini ödəyirlər. İşləyib pul ala bilməyəndə isə həm texnikaları sıradan çıxır, həm də öhdəlik borclarını ödəyə bilmirlər.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: