Xəbər lenti

 

Qürur hissi keçirirəm ki, ulu öndər Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirərkən bu barədə mövqeyimi bildirmişəm və “Dədə Qorqud dünyası” adlı fundamental tədqiqat toplusunda Ulu Öndərin giriş sözündən sonra mənim “Milli varlığımızın mötəbər qaynağı” adlı məqaləm ikinci sırada gəlir. Bununla belə Dədəmiz Qorqud və Bayat elinin Dərbənddəki izləri ilə bağlı öyrənilməyən məsələlər çoxdur və bunlar məni narahat edir.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmədiyini vurğulayan Yaqub Mahmudov bildirib: “XVII əsrdə səyyahlar Adam Oleari və Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu öz yazılarında qeyd ediblər. Adam Oleari bu barədə belə yazıb: “Biz Dərbənddən dörd mil uzaqlaşdıq və üzümlüyün yanında məskunlaşdıq... Burada biz daha iki müsəlman müqəddəsinin qəbirlərini gördük. Bunlardan biri – Pir Muxtarınkı düzdə, digəri – İmam Qorqudunku dağda idi. Onun qəbri dağda sal qayada oyulmuş böyük mağaradan ibarətdir. Qəbir dörd taxta ilə örtülüb. Lap arxada, yerdən iki qulac hündürlükdə deşikdən bu qəbir son dərəcə miskin bir mənzərə yaradır və onu hamı görə bilir. Dünən mən oraya girdim, hər şeyi diqqətlə müşahidə etdim və heç bir bəzək-düzək görmədim. Bir qarı qəbiri mühafizə edirdi. O, axşamlar qəbirin üstündə çıraq tutur... Növbəti gecə düşərgəmizdə bu dəfn yerində, eləcə də qırx müqəddəslərin dəfn olunduğu yerdə əylənən, rəqs edən və hətta ağlayan insanlardan gələn fəryad səslərini eşitdik”.

Övliya Çələbi isə bunları qeyd edib: “Dərbənddə Dədə Qorqud ziyarətgahı: Ulu sultandır. Cümlə Şirvan xalqı bu sultana etiqad edir”.

Ötən əsrin 60-cı illərində bu iki səyyahın araşdırmaları məni dərindən maraqlandırdığı üçün o zamankı yazılarımda Dədə Qorqud və onun bağlı olduğu Bayat elinin Dərbənd tarixi ilə sıx bağlı olduğunu araşdırmaq üçün dəfələrlə bu şəhərə səfər etmişəm. Həm dədəmiz Qorqudun, həm də Bayat elinin Dərbənddə qalan izlərini araşdırmağa cəhd etmişəm. Elmi tədqiqatlarımda da səyyahların Dərbəndlə bağlı məlumatlarına və onların araşdırılmasına geniş yer vermişəm. Bu günlərdə həmkarlarımla - dosent Şahlar Şərifov, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, ərəbşünas tədqiqatçı alim, dosent Gülnur Mahmud ilə birlikdə Dərbəndə səfərimin məqsədi də bu idi”.

“Dərbənd Dövlət Tarix Muzeyi-Qoruğunun direktoru Əli İbrahimov və “Dərbənd şəhərinin ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynovun köməyi ilə həm Adam Olearinin, həm də Övliya Çələbinin qeyd etdikləri İmam Qorqud ziyarətgahının yerini - Dədə Qorqudun dəfn olunduğu qayadakı məzarın yerini ilkin olaraq müəyyənləşdirə bildik. Adam Oleari araşdırmalarında qeyd edir ki, Dədə Qorqud Məhəmməd peyğəmbərlə dost olub. Əlbəttə, son iki yüz il ərzində yaddan çıxarılmış, lakin vaxtilə bütün Dərbənd əhalisinin ən gur ziyarətgah yeri olan İmam Qorqud ziyarətgahı demək olar ki, nə üçünsə unutdurulmuşdur”, - deyə akademik qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 519          Tarix: 12-08-2019, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma