Son zamanlar Ermənistanın Rusiya təsir dairəsindən çıxıb Qərbə yönəlmək istəməsi bir çoxlarımızda müəyyən nigarançılıqlar yaradır. Əsas narahatlığımız isə onun NATO blokuna qoşulması ehtimalından doğur.
Bəs görəsən, İrəvan bu potensial imkanlarından Azərbaycana qarşı istifadə edə bilərmi?
Sözsüz ki, bu sualın cavabı ölkəmizin Avro-Atlantik Alyansla əlaqələrimizdən birbaşa asılıdır.
Beynəlxalq Mühasibətlərin Təhlili Mərkəzinin analitiki Mətin Məmmədlinin qələmə aldığı “Yeni geosiyasi reallıqlarda Azərbaycan-NATO əlaqələri” sərlövhəli analizi dolaylı da olsa, bu suallara aydınlıq gətirir.
Məqaləni Ovqat.com oxucularının müzakirəsinə təqdim edirik:
Mətin Məmmədli,
BMTM-in aparıcı məsləhətçisi
Son otuz ildən artıq dövrdə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çoxvektorlu xarici siyasətində NATO ilə münasibətlərə xüsusi yer verilib.
1990-cı illərin əvvəllərindən formalaşan Azərbaycan - NATO əlaqələrini hər iki tərəfin də maraqlarına cavab verən etibarlı tərəfdaşlıq kimi səciyyələndirmək olar. Zamanında, Azərbaycanın Atlantika bloku ilə münasibətlərini dərinləşdirmək siyasətinin əsas məqsədlərini belə sıralamaq olar: müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq münasibətlər sisteminə effektiv inteqrasiya, ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək, ordunun, təhlükəsizlik sektorunun alyans standartlarına uyğunlaşdırılması, mürəkkəb geosiyasi məkanda yerləşən ölkənin təhlükəsizlik qayğılarının azaldılması.
Eyni zamanda, NATO da Azərbaycanla münasibətlərinə xüsusi əhəmiyyət verib və bu əhəmiyyəti xarakterizə edən əsas amillər Azərbaycanın coğrafi yerləşməsi, alyansın geosiyasi, təhlükəsizlik maraqları olmuşdur. Son onilliklərdə Azərbaycan – NATO əlaqələri müxtəlif mərhələlərdən keçərək inkişaf etmişdir və qısa olaraq bu əlaqələrin tarixi fonuna nəzər salaq.
Şəkillərdə: Mərhum Prezident Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədinin imzalanma mərasimində - Brüssel, NATO-nun iqamətgahı, 4 May 1994-cü il
Azərbaycanın NATO ilə əlaqələri ölkənin 1992 – ci ilin martında Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlamışdır. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın postsovet və postsosialist dövlətləri ilə əməkdaşlıq platforması kimi nəzərdə tutulan bu format 1997-ci ildən Avro – Atlantik Tərəfdaşlıq Şurası adlanmağa başladı. NATO və Azərbaycan arasında əhatəli tərəfdaşlıq münasibətlərinin əsası 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) çərçivə sənədini imzalamaqla qoyulmuşdur.
Bütövlükdə isə, SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Baxış Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (2004) Sənədləri Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının əsas prinsiplərini və məqsədlərini müəyyən edən əsas milli sənədlər hesab edilə bilər. Bu sənədlərə əsasən, Azərbaycan NATO ilə müdafiə və təhlükəsizlik sektorunda islahatlar, NATO standartlarına uyğun hərbi qüvvələrin inkişafı, Alyansın rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak, mülki fövqəladə halların planlaşdırılması, yaranan təhlükəsizlik problemlərinin həlli və elm, ətraf mühit, xalq diplomatiyası kimi sahələrdə əməkdaşlıq edib. Onu da əlavə edək ki, Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) Atlantika bloku ilə müntəzəm siyasi dialoq aparmağa, ikitərəfli əməkdaşlığı sistemləşdirməyə və qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq fəaliyyətlərini daha çevik şəkildə razılaşdırmağa imkan verib.
Azərbaycan IPAP sənədinin birinci (2005-2007), ikinci (2008-2010), üçüncü (2012-2013), dördüncü (2014-2016) və beşinci dövrəsini (2017-2019) uğurla həyata keçirib. Həmçinin, Azərbaycanın NATO – nun Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı əməliyyatlarında fəal iştirakı Azərbaycan – NATO əlaqələrinin inkişafına böyük töhfə verib. Burada xatırladaq ki, xüsusilə, Şimal Paylama Şəbəkəsində Azərbaycan alyansın Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda hərbi, humanitar ləvazimatların, əsgərlərin daşınmasında logistik baxımdan böyük rol oynayıb . Bir faktı da əlavə edək ki, Əfqanıstana daşınan yüklərin təxminən 40 %-i məhz Azərbaycandan keçərək mənzil başına çatıb.
Ümumiyyətlə, 2000-ci illərin əvvəllərində NATO-nun Əfqanıstan və İraqda keçirdiyi hərbi əməliyyatlar Azərbaycanın alyans üçün təhlükəsizlik və geostrateji baxımdan əhəmiyyətini xeyli artırmışdır. Həmçinin, bu illər ərzində Azərbaycan və NATO arasında strateji xarakterli lokal, regional, qlobal məsələlərlə bağlı da yüksək səviyyyəli siyasi dialoq, diplomatik təmaslar olmuşdur. Azərbaycanın və alyansın yüksək səviyyəli rəsmilərinin qarşılıqlı olaraq xeyli sayda səfərləri həyata keçirilmişdir. Yalnız bir faktı qeyd edək ki, bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyev səkkiz dəfə NATO sammitlərində iştirak edib. Azərbaycan – NATO münasibətlərinə yalnız ikitərəfli müstəvidə baxmaq doğru olmazdı. Məsələn, Azərbaycan 2017 – 2020 – ci illər ərzində yeddi dəfə NATO - Rusiya, ABŞ – Rusiya yüksək rütbəli hərbçilərinin görüşünə ev sahibliyi edib. Bir vacib məqamı da əlavə edək ki, NATO Azərbaycanla əməkdaşlıq etdiyi son otuz il ərzində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə digər Avropa strukturları ilə müqayisədə daha aydın, ciddi dəstəyini ifadə edib və bu mövqe xüsusilə alyansın zirvə toplantılarında qəbul edilən sənədlərdə, blok rəsmilərinin açıqlamalarında vurğulanıb. NATO – nun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı belə mövqeyi Ermənistan – Azərbaycan münaqişəsinin mövcud olduğu illərdə ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyıb.
Azərbaycanın alyansın ayrı-ayrı proqramları çərçivəsində NATO ilə əməkdaşlığına verdiyi böyük önəm 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasında da ifadə edilib. Eyni zamanda, Azərbaycanın qüvvədə olan hərbi doktrinasında da NATO ilə əməkdaşlığa, ordu quruculuğu prosesində alyansın “Sülh Naminə Tərəfdaşlıq” proqramından, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından istifadə edilməsi kimi məsələlərə xüsusi yer verilib.
Bütün bunlarla bərabər, son otuz ildə ölkəmizin alyansla çoxşaxəli əməkdaşlığına və geniş əlaqələrinə baxmayaraq, Azərbaycanın NATO-ya daxil olmaq istəyi və yaxud, bu istiqamətdə fəaliyyəti olmayıb. Rəsmi Bakı Atlantika bloku ilə münasibətlərini xarici siyasətinin mahiyyətinə (bloklara qoşulmamaq, çoxvektorlu) uyğun olaraq formalaşdırıb. Xüsusilə, 2011 – ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması ölkəmizin hər hansı hərbi-siyasi ittifaqa daxil olması ilə bağlı niyyətinin olmadığını aydın ifadə edir.
Azərbaycan – NATO əlaqələrində vacib amillərdən biri də Türkiyə ilə bağlıdır. Şimali Atlantika blokunun aparıcı üzvlərindən olan Türkiyə ilə hərbi-siyasi münasibətlər Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşmasında, döyüş qabiliyyətinin artırılmasında böyük rol oynayıb və oynamaqda da davam edir. Xüsusilə, alyansın “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Türkiyə ilə geniş əməkdaşlıq etmişdir. Azərbaycanın NATO-nun əsas hərbi-siyasi güclərindən olan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malik olması həm də ölkənin təhlükəsizlik maraqları baxımından əhəmiyyətli hesab edilə bilər. Alyans üzvü olmasa da, Azərbaycanın NATO üzvü (Türkiyə) ilə müttəfiqlik münasibətləri ölkəyə Şimali Atlantika bloku tərəfindən birbaşa olmasa da, müəyyən təhlükəsizlik təminatları verir. Təsadüfi deyil ki, bir çox yerli təhlilçilər belə bir vəziyyəti NATO-nun Azərbaycan üzərində dolayı təhlükəsizlik “çətiri” kimi dəyərləndirir. Qeyd edək ki, Şimali Atlantika blokunda da Azərbaycan – Türkiyə hərbi əməkdaşlığı yüksək dəyərləndirilir və bu əməkdaşlıq, Azərbaycan – NATO əlaqələrinə əhəmiyyətli dəstək kimi xarakterizə edilir.
Son illərdə Avropada və dünyada baş verən hadisələr, kəskin geosiyasi proseslər NATO – nun strategiyasına, o cümlədən də, Azərbaycanın da yerləşdiyi regionla bağlı siyasətinə ciddi təsir göstərib. 2022-ci ilin fevralında başlayan Rusiya – Ukrayna müharibəsinin alyans ətrafında yeni strateji mühit formalaşdırması NATO-nun qlobal və regional siyasətində bir sıra amilləri önə çıxardıb.
Bu baxımdan, Şimali Atlantika blokunun 2022-ci ilin iyunun 30-da Madrid sammitində qəbul etdiyi Strateji Konsepsiyada yeni məqamlar diqqəti cəlb edir. Alyansın qəbul etdiyi yeni Strateji Konsepsiyanı əvvəllər qəbul edilən analoji sənədlərdən fərqləndirən məqamları əsasən belə ümumiləşdirmək olar :
a) Rusiya Avro-Atlantik məkanda sülh və sabitliyə, o cümlədən, alyansa ən böyük və birbaşa təhdid yaradır;
b) Çin təftişçi, iddialı, dünya iqtisadiyyatında proteksionist siyasətinə görə alyansın strateji rəqibi hesab edilir;
c) Hərbi gücün artırılması;
d) Ortaq dəyərlərin, demokratik siyasi sistemlərin qorunması;
e) Alyans üzvü ölkələrdə sosial davamlılığın gücləndirilməsi.
Beləliklə, həm alyansın qəbul etdiyi yeni strateji sənəddən, həm də atdığı praktiki addımlardan aydın olur ki, dünyada və o cümlədən də, Avrasiya məkanında geosiyasi konyunkturun dəyişməsi, təhlükəsizlik risklərinin artması NATO – nu daha fəal siyasət həyata keçirməyə təşviq etməkdədir. Burada fəal siyasət və strategiya dedikdə, yalnız ittifaqdaxili deyil, həmçinin, yaxın regionlarla, tərəfdaş dövlətlərlə münasibətlər də nəzərdə tutulur. Baş verən proseslər fonunda qeyd edə bilərik ki, Azərbaycanın və bütövlükdə, yerləşdiyimiz bölgənin alyans üçün geostrateji əhəmiyyəti artıb.
NATO-nun regional strategiyasında Azərbaycanın yerini şərtləndirən digər vacib amil enerji təhlükəsizliyidir. Haşiyəyə çıxaraq qeyd etmək istərdim ki, alyans üçün enerji təhlükəsizliyi məsələsi son iyirmi ilə yaxın dövr ərzində xeyli aktuallaşıb və hələ, ittifaqın 2006-cı ildə keçirilən Riqa sammitində həyati strateji maraqlarını təmin etmək üçün təbii ehtiyatlara əlçatanlığa, onların etibarlı ixracına nail olmaq kimi hədəfləri qarşıya qoyub.
Son illərdə Qərb – Rusiya geosiyasi qarşıdurmasının kəskinləşməsi, xüsusilə də Rusiya – Ukrayna müharibəsinin başlanmasından sonra ittifaq siyasətində enerji təhlükəsizliyinə böyük əhəmiyyət verir. Bu baxımdan, NATO-nun nəzərində Azərbaycan Rusiyadan enerji asılılığını azaltmaq, alternativ enerji mənbələrinə çıxış əldə etmək üçün ən uyğun təchizatçı, logistik imkanları olan tərəfdaş ölkələrdən biridir. Azərbaycanın enerji resurslarının ixracını müxtəlifləşdirmək siyasəti də NATO-nun bu yanaşması ilə üst-üstə düşür.
İkinci Qarabağ Müharibəsindən sonra da Azərbaycan NATO ilə əlaqələri dərinləşdirmək siyasətini davam etdirib. Son üç ildə ittifaq və Azərbaycan rəsmilərinin, hərbçilərinin qarşılıqlı səfərləri, görüşləri həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ilin dekabrında Brüsselə səfər edərək NATO sammitində iştirak edib. Yeri gəlmişkən qeyd edək ki, bu sammit çərçivəsində NATO baş katibi Y.Stoltenberq ilə görüşən Prezident İlham Əliyev bəyan etmişdir ki, “Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının etibarlı tərəfdaşı olduğunu sübut etmişdir”. Eyni zamanda, Y.Stoltenberq də Azərbaycanı “dəyərli tərəfdaş” adlandırmışdır. 2023-cü ilin may ayında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Brüsselə, NATO Baş Qərargahına səfər etmiş və səfər müddətində alyans təmsilçiləri ilə çoxsaylı görüşlər keçirmişdir. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina da 2021 – 2023-cü illər ərzində bir neçə dəfə Azərbaycanda olmuş, ölkə rəsmiləri ilə ikitərəfli münasibətləri, regionda cərəyan edən prosesləri müzakirə etmişdir. X.Kolomina son səfərlərinin birində bildirmişdir ki, Azərbaycan – NATO əlaqələri yenidən fəallaşaraq pandemiyadan əvvəlki dövrə qayıdıb.
Burada digər vacib məqam ondan ibarətdir ki, NATO da İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etməkdə tərəddüd etməmişdir. Belə ki, 2021-ci ilin iyununda NATO-nun Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılmışdır. Bu fakt sübut edir ki, Alyans da Azərbaycan kimi münaqişəni bitmiş sayır. İkinci Qarabağ Müharibəsi bitdikdən sonra Ermənistan – Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyən NATO tərəflər arasında birbaşa vasitəçi kimi çıxış etməsə də sülh prosesində Aİ və Birləşmiş Ştatların vasitəçilik təşəbbüslərini dəstəkləyir.
Bütün bunlarla bərabər, son üç ildə NATO – Azərbaycan əlaqələrində pozitiv məqamlarla yanaşı, müəyyən neqativ hallar da müşahidə edilib. Məsələn, Azərbaycanlı fəalların Laçın – Şuşa yolunda keçirdiyi aksiyalar və Azərbaycanın Laçında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi quraşdırması ilə bağlı alyans rəsmiləri narahatlıqlarını bildirmişdir. Ümumiyyətlə, Azərbaycan – NATO münasibətlərinə mənfi təsir edən əsas amillərdən biri bəzi aparıcı Qərb dövlətlərinin, təşkilatlarının postmünaqişə problemlərinə yanaşması, Ermənistan – Azərbaycan arasında davam edən sülh prosesi ilə bağlı nümayiş etdirdiyi və Azərbaycan tərəfindən qərəzli, tərəfkeş hesab olunan mövqedir. Bu kontekstdə, Azərbaycanın Qərblə münasibətlərində meydana çıxan problemlər, gərginliklər müəyyən mənada ölkəmizin NATO ilə əlaqələrinə də təsir edir.
Eyni zamanda, burada toxunulmalı olan bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda və bütövlükdə, postsovet məkanında mövcud olan geosiyasi reallıqları, təhlükəsizlik risklərini nəzərə alaraq alyansla münasibətlərini qurur. Qeyd edək ki, Azərbaycanın həyata keçirdiyi risklərin azaldılması (Strategic Hedging) və yaxud, çoxvektorlu xarici siyasət birtərəfli siyasətdən imtina etməyi, regional güclərlə əlaqəli potensial riskləri, onlarla qarşıdurmaya getmədən azaltmağı özündə ehtiva edir. Azərbaycan ilk növbədə özünün təhlükəsizlik maraqlarını nəzərə alaraq bloklara qoşulmamaq və bununla da ayrı-ayrı güc mərkəzlərinin geosiyasi hədəfinə çevrilməmək siyasətinə üstünlük verir. Bu baxımdan hesab edirəm ki, son 10-15 ildə Gürcüstanın və Ukraynanın timsalında bir sıra post-sovet ölkələrinin birmənalı olaraq alyansa inteqrasiya siyasətinin bu ölkələr üçün hansı böyük təhdidlər yaratdığını xatırlamaq yerinə düşər. Məsələn, 2008-ci ilin avqustunda, Cənubi Osetiyada baş verən “5 günlük müharibə” fonunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, bu müdaxilənin qarşısının alınmasında və ondan sonrakı proseslərdə NATO-nun və bütövlükdə, Qərbin davranışları region dövlətlərinin daha ehtiyatlı, balanslaşdırılmış siyasət həyata keçirməsi zərurətini bir daha meydana çıxartdı. Və yaxud, 2014 – cü ildən Ukrayna ətrafında yaranmış vəziyyət və bu gün də tam şiddətlə davam edən Rusiya - Ukrayna müharibəsini də bura əlavə etmək olar. Burada nəzərə alınmalı olan daha bir vacib amil onunla bağlıdır ki, Alyans özü də ittifaqa üzv olmaq istəyən dövlətərin strateji istəklərinə tərəddüdlə, ehtiyatla yanaşır və bu yanaşmada, Rusiya faktoru böyük rol oynayır. Belə olan halda, bəzi region dövlətlərinin birtərəfli siyasəti onlar ətrafında ciddi təhlükəsizlik boşluğu yaradır ki, bu da nəticədə, həmin dövlətlər üçün hətta mövcudluq (ekzistensial) təhlükəsinə çevrilə bilər.
Nəticə
Beləliklə, NATO – Azərbaycan əlaqələrinin tarixinə, mahiyyətinə, əldə olunan nəticələrə nəzər saldıqda əminliklə qeyd etmək olar ki, bu əlaqələr etibarlı tərəfdaşlıq xarakteri daşıyır. Və yeni geosiyasi reallıqlarda bu əlaqələrin əhəmiyyəti hər iki tərəf üçün daha da artıb. Azərbaycanın coğrafi yerləşməsi, geostrateji mövqeyi, zəngin enerji resurslarına və regionda güclü orduya malik olması, mürəkkəb geosiyasi məkanda müstəqil, çoxvektorlu xarici siyasət həyata keçirməsi NATO-nun ölkəmizlə münasibətlərində önəm verdiyi əsas amillər hesab edilə bilər. Eyni zamanda, Azərbaycanın da çoxvektorlu, balanslaşdırılmış xarici siyasətində Şimali Atlantika bloku ilə əlaqələr həm regional geosiyasi konfiqurasiyada tarazlıq yaradan faktor kimi, həm də ölkə silahlı qüvvələrinin, təhlükəsizlik sektorunun NATO standartlarına uyğunlaşmasında, döyüş, əməliyyat qabiliyyətinin artırılmasında, təhlükəsizlik qayğılarının azaldılmasında mühüm amil kimi çıxış edir. Ancaq bunlarla bərabər, təhlildə də qeyd edildiyi kimi, Azərbaycan – NATO əlaqələrinə mənfi təsir edən və yaxud təsir etmək potensialında olan amilləri də nəzərdən qaçırmaq olmaz. Məhz bu amillər Azərbaycan – NATO əlaqələrinin perspektivdə yalnız yüksələn xətt üzrə inkişaf edəcəyini düşünməyimizə mane olur. Həmçinin, Azərbaycan Şimali Atlantika bloku ilə tərəfdaşlığının, əlaqələrinin və bütövlükdə, Cənubi Qafqazın Qərb – Rusiya geosiyasi qarşıdurmasının obyektinə çevrilməsini qəbul etmir və regionda effektiv təhlükəsizlik sisteminin ayrıcı xətlər üzrə deyil, ümumi, qarşılıqlı maraqlara, beynəlxalq hüquq normalarına uyğun formalaşdırılması siyasətini həyata keçirir.
İstənilən halda, son olaraq qeyd etmək istərdim ki, alyansa üzv olmaq istəyi olmayan Azərbaycanın dünyada və regionda yaranmaqda olan yeni geosiyasi reallıqlarda NATO ilə əlaqələri davam etdirmək siyasəti dəyişməz olaraq qalıb və Azərbaycan bu siyasəti hər iki tərəf üçün geosiyasi, təhlükəsizlik faydaları gətirəcəyinə inanaraq həyata keçirir.
Paylaş: