Xəbər lenti


 

Rusiyanın Smolensk vilayətinin xaricdəki ziyalıları müstəqilliklərinin elan etməyə hazırlaşırlar.

 

Ovqat.com-un məlumatına görə, ziyalılar hələ ötən ilin avqust ayında müstəqillik qərarına gəliblər və indi onun Konstitusiyasını hazırlamaq üzərində fikirləşirlər.

 

Bildirilir ki, 21 mart 2024-cü il tarixində Varşavadakı Belarus Evində toplanan “Smolensk Respublika Mərkəzi”nin ekspertləri tərəfindən hazırlanmış “Smolensk Respublikasının Konstitusiya layihəsinin təqdimatı keçirilib.

 

Tədbirdə “Smolensk Respublika Mərkəzi”nin sədri Vladislav Jivitsa, mərkəzin nümayəndələrindən biri Vadim Sidorov, jurnalistlər və ictimai xadimlər iştirak ediblər.

  

Tədbirin fəxri qonağı Belarus milli hərəkatının patriarxı Zenon Poznyak olub, o, layihənin əsas ideyasını dəstəkləyib, bu barədə fikirlərini, həmçinin Smolensk vilayəti ilə Belarusun tarixi və perspektivlərinə dair fikirlərini bölüşüb.

 

Tədbirə Rusiyaya qarşı aktiv hərbi döyüşlərə qatılan legionerlər də görüntülü çat vasitəsilə qatılıblar. Kalinovski alayının döyüşçüsü Yan Rudik və Rusiya Azadlığı Legionunun döyüşçüsü Aleksey Baranovski tədbirin onlayn iştirakçılarından olublar. Onlar tədbir iştirakçılarına salamlarını və ürək sözlərini çatdırıblar.

 

Toplantıda bəyan olunub ki, rəsmi təqdimatdan sonra Smolensk Respublikasının Konstitusiyasının layihəsi ictimai müzakirəyə çıxarılacaq, daha sonra isə üzərində təkrar işlənəcək. Layihənin gələn həftə ictimai müzakirəyə çıxarılması gözlənilir.

 

Konstitusiya layihəsində Smolenski Respublikasının dövlət dilinin belaruscanın Smolenski ləhcəsi olması nəzərdə tutulur. Bundan əlavə, rusca da “respublika”nın digər rəsmi dili olacaq. Jurnalistlərin “niyə məhz hansısa qədim ləhcə, yaxşı olmazmı ki, dövlət dili elə müasir belarusca olsun” sualına cavab verən Smolensk Respublika Mərkəzinin sədri Vladislav Jivitsa bildirib ki, bu, Smolensk sakinlərinin milli kimliyinin dirçəlişi üçün vacibdir. Bununla belə, o, müasir belaruscanın da dövlət dili olması ehtimalını tamamilə rədd etməyib. “Smolensk Respublikasının sakinləri son nəticədə belarus dilinə üstünlük verə bilərlər və bunda problem yoxdur”, deyən Jivitsa ümid etdiyini bildirib ki, belaruslar belarus dilinin populyarlaşmasına kömək edəcəklər; beləcə Smolensk vilayətində belarusdilli məktəblər, mədəni-maarif mərkəzləri yaranacaq.

 

Konstitusiyada Smolensk Respublikasının dövlət bayrağının forması da müəyyənləşdirilir. Ağ fonun ortasında qırmızı zolaq və onun üzərində ağ və qırmızı rəngli aslan fiqurları.

 

Sənəd layihəsində həmçinin Smolensk ordusu və digər dövlət qurumlarının yaradılması maddələri də yer alıb.

 

Yaradılması nəzərdə tutulan Smolensk Respublikasının Belarusla əlaqəsinə gəlincə, bizə olduqca tanış olan bir tezis irəli sürüblər: “İki dövlət bir millət” prinsipi əsasında müstəqil post-diktatura Belarusu ilə sıx əməkdaşlıq edəcəklər. Maraqlıdır ki, bu tezis Konstitusiyada da qeyd olunub. Tədbirin təşkilatçıları bu tezisin dünyada nümunələri olduğunu da diqqətə çatdırıblar, amma nədənsə Azərbaycan-Türkiyə əlaqələrini xatırlamağı unudublar. Onlar əsasən Moldova və Rumıniya nümunəsindən ilhamlandıqlarını bildiriblər. Bundan əlavə, ölkə Litva Böyük Hersoqluğuna daxil olan dövlətlərlə sıx əlaqələr qurmağa çalışacaq.

 

Tədbirdə Belarusun məşhur siyasətçisi, yazıçı və dramaturqu Zenon Poznyak iştirak və çıxış edib. Onun sözlərinə görə, Smolenskin Rusiyadan ayrılması fikri yeni deyil. SSRİ dağıldıqdan və Belarus müstəqillik əldə etdikdən sonra Smolensk vilayət icraiyyə komitəsinin sədri Aleksey Orlov Belarus hakimiyyəti ilə Smolensk vilayətinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Smolensk deputatları ilə gizli danışıqlar aparılıb. İş o yerə çatıb ki, onlara Rusiyanın digər şimal-qərb vilayətlərinin hakimiyyət nümayəndələri də qoşulub. Sadəcə Çeçenistandakı müharibə bu planın həyata keçməsinə mane olub. Aydın olub ki, Rusiya imperiya siyasəti yürütməkdə davam edir və bu arzu reallaşmayacaq.

 

Tədbirin iştirakçılarından biri də “Vahid Qüvvələr” çeçen hərəkatının rəhbəri Cambulat Süleymanov olub. O, çıxışında bildirib ki, Çeçenistanın Rusiya Federasiyasından ayrıldığı dövründə ölkənin iqtisadi vəziyyəti yalnız yaxşılaşıb – Çeçenistan sakinlərinin vergiləri regionda qalıb və Moskvaya getməyib. Bir sözlə, Rusiyadan ayrılmağa dəyər.

 

 Çeçen qobağın sözlərinə dəstək verən Jivitsa təsdiqləyib ki, Smolensk vilayətində hazırkı vəziyyət acınacaqlıdır - bütün pullar müharibəyə xərclənir və işğalçılar bölgənin infrastrukturunu ordunun ehtiyaclarına uyğunlaşdırırlar.

 

Jivitsa onu da bildirib ki, Smolensk vətənpərvərləri Rusiya Könüllülər Korpusu və Azad Rusiya legionunun tərkibində döyüşürlər. Son həftələrdə bu bölmələrin döyüşçüləri Rusiya ərazisində dəfələrlə döyüş əməliyyatları keçirərək rus ordusunu uğurla dəf ediblər. Ola bilsin ki, bu mübarizə Smolensk Respublikasına müstəqillik qazanmağa kömək etsin.


 


Qeyd edək ki, Smolensk vilayəti Rusiyanın qərbində yerləşən strateji əhəmiyyətli regiondur. Vilayətin mərkəzi Smolensk şəhəru Rusiya tarixində “qalxan şəhər” adı ilə də tanınır və əsrlər boyu Moskvanı bir sıra Avropa qonşularının təcavüzündən qoruyan etibarlı istehkam rolunu oynayıb. Məhz bu xüsusiyyətlərinə görə 1985-ci ildə “Qəhrəman şəhər” adı verilib, Lenin ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni və Qızıl Ulduz medalı ilə təltif edilib.

 

Şəhər Moskvadan 378 km (maşın yolu ilə 410 km) qərbdə, Dnepr çayının yuxarı axarında yerləşir, Moskvadan bölgənin ən ucqar inzibati mərkəzi olmaqla birlikdə, birbaşa paytaxt bölgəsi ilə həmsərhəddir. Moskvadan Belarusa, Baltikyanı ölkələrə, Mərkəzi və Qərbi Avropa ölkələrinə gedən marşrutlarda əlverişli coğrafi mövqeyə malikdir. Şəhər qərbdən şərqə 25 km, şimaldan cənuba isə 15 km uzanır. Ərazisi 166,35 km²-dir. Əhalisi - 312 896 nəfərdir. 

 

Bir sözlə, Smolenski itirmək Moskva üçün ölümcül ola bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 5 296          Tarix: 23-03-2024, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma