Xəbər lenti

 

Avropa İttifaqı sədri Donald Tusk 2010-cu ildə Polşa eks-prezidenti Leks Kaçinskinin həyatını itirdiyi təyyarə qəzasıyla əlaqədar istintaqa cəlb olunub.

Ovqat.com xəbər verir ki, Tuskun dindirilməsi 8 saatdan çox çəkib.

Məlumata görə, Tusk istintaqa şahid qismində cəlb olunsa da, onun müttəhimlər kürsüsündə oturmaq ehtimalı da var. Hər halda Polşanın iqtidar partiyasının sədri, 2010-cu ildə Smolenskidə qəzaya uğrayan təyyarədə həyatını itirmiş Leks Kaçinskinin qardaşı Yaroslav Kaçinskinin sözlərindən belə çıxır. Faktiki olaraq Polşanın indiki “boz kardinalı” sayılan Y. Kaçinski, Donald Tuskun istintaqa çağırılmasını şərh edərkən bildirib: “Tusk qorxmalıdır!”

Tuskun cavabı isə özünü çox gözlətməyib: "Mənim qorxacaq bir şeyim yoxdur. Nə qədər istəsə də, cənab Kaçinski məni qorxuda bilməz."

Qeyd edək ki, Polşa siyasi elitasının böyük qisminin həlak olduğu məlum təyyarə qəzası baş verən zaman Donald Tusk ölkənin baş naziri idi. Faktiki olaraq, bütün hökumət üzvlərinin həlak olduğu həmin qəza zamanı Tuskun təyyarədə olmaması ciddi şübhələrə yol açmışdı. O dövrün Polşa prezidenti Leks Kaçinskinin əkiz qardaşı olan Yaroslav Kaçinski üzərindən xeyli keçdikdən sonra Tuskun bostanına daş atması Avropa İttifaqı sədrinin ruslarla əməkdaşlıqda günahlandırıla biləcəyi ehtimalını yaradır.

Qeyd edək ki, Yaroslav Kaçinskinin rəhbərlik etdiyi  Hüquq və Ədalət patiyası Polşada hakimiyyətdədir. Özü kabinetdən kənarda qalmasına baxmayaraq, Polşanın faktiki Kaçinski tərəfindən idarə edildiyi iddia olunur. Avropa İttifaqı Şurasının sədri D. Tusk da dəfələrlə Kaçinskini diktə hakimiyyəti qurmaqda günahlandırıb. O, xüsusilə Polşa parlamentində qəbul edilən bir sənədə - Ədliyyə nazirinə və parlamentə hüquq çevrəsiylə məsləhətləşmədən Ali Məhkəmə üzvlərini təyinetmə səlahiyyəti verən qanuna qarşı çıxırdı. Bu çıxışından sonra istintaqa çağrılmasını şərh edən Avropa İttifaqı Şurasının sədri deyib:

 "Son zamanlarda atılan sistematik addımlar, siyasilərin ağılında məhkəmə sisteminin də rəqiblərə, müxaliflərə və sevilməyən insanlara qarşı represiya xidmət göstərən bir orqana çevrildiyinə dair şübhələrə yol açmaqdadır. Qorxuram ki, mən də sevilməyən qrupdanım. ".

Polşadakı müxalif qüvvələr də Donald Tuskun bu fikrinə qatılır və məlum aeroqəzada onun adının hallanmasını siyasi sifariş kimi qiymətləndirirlər.

Qeyd edək ki, Polşada 2007-2014 dövründə baş nazir olan Tusk, Kaçinskinin həyatını itirdiyi təyyarə qəzasıyla əlaqədar "vəzifəsinə laqeyd yanaşmaqda" günahlandırılır. Jaroslaw Kaçinski isə Tusku, qəzadan bilvasitə məsul tutur və istintaqı pis idarə etməkdə günahlandırır.




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 4-08-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma