Xəbər lenti


 

“İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vəziyyəti (ən azı yaxın 10-15 ildə) qaytarmaq mümkün olmayacaq. Hakimiyyətdə Paşinyan yox, Qriqoryan olsa, nə dəyişiləcək? “Artsax”ı (Qarabağı) yenidən fəth etməyəmi gedəcəyik? Buna gücümüz çatarmı? Və reallıqda bunu istəyən o qədər də çox deyil”.

 

Ovqat.com-un məlumatına görə, erməni yazarı Tevos Arşakyan “Köçəryanın Ermənistanın müstəqilliyinə və təhlükəsizliyinə qarşı marionetası” sərlövhəli məqaləsində bu sözləri qələmə alıb.

 

Müəllif məqalədə son günlər Paşinyana qarşı baş qaldıran üsyanın Qarabağ klanı tərəfindən himayə olunduğunu açıq mətnlə ifadə edərək, bildirir: “Qarabağ klanı, daşnaklar və onların şirnikləndirdiyi keşişlər - II Qarekinin nökərləri ən adi manqurtlardır, onilliklər ərzində bizi və ölkəmizi talayıb zənginləşən cinayətkar dəstədir. Onlar hakimiyyətə qayıtmaq, qənimətlərini geri almaq arzusundadırlar. Və onların hakimiyyətə əsas namizədi qaniçən Robert Köçəryandır”.

 

Ermənistanı vətəndaş qarşıdurmasına sürükləyəcəyi güman olunan bu fikirlərin açıq şəkildə media orqanlarında yer alması İrəvan üçün yaxşı gələcək vəd etmir. Aktuallığını nəzərə alıb məqalənin tərcüməsini Ovqat.com oxucularının diqqətinə sunuruq:

 


 

Maskalar atılır, kartlar düzülür. Arxiyepiskop Baqrat Qalstanyanın “başçılıq etdiyi” “Vətən naminə Tavuş” hərəkatını deyirəm. Təsadüfi deyil ki, “rəhbərlik” sözünü dırnaq içərisində işlətmişik, çünki gözlənildiyi kimi Ümumerməni kilsəsinin (ÜEK) xidmətçisi dağıdıcı qüvvələrin əlində marionet deyilsə belə, itaətkar alətə çevrilib. Hansıları aşağıda izah edəcəyik.

 

Əvvəlcə Tavuşdan İrəvana bir din xadiminin başlatdığı teatr yürüşü ilə bağlı bütün bu hay-küy ölkəmizin ayıq düşüncəli sakinlərinə çox uzaq göründü. Bəli, Baqrat Srbazan indiki hakimiyyətə qarşı olan əhalinin bir hissəsinin diqqətini çəkdi. O, Azərbaycana “birtərəfli güzəştlərə”, sərhədin delimitasiyası və demarkasiyasına qarşı çıxıb, ümumiyyətlə, acı reallığı hələ də qəbul edə bilməyənlərin hissləri ilə məharətlə oynadı.

 

 

Bəli, bu reallıq doğrudan da acıdır və ürəyimizi parçalayır. Amma başı çiynində olanlar bilir ki, İrəvanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vəziyyəti (ən azı yaxın 10-15 ildə) qaytarmaq mümkün olmayacaq. Hakimiyyətdə Paşinyan yox, Qriqoryan olsa, nə dəyişiləcək? “Artsax”ı (Qarabağı) yenidən fəth etməyəmi gedəcəyik? Buna gücümüz çatarmı? Və reallıqda bunu istəyən o qədər də çox deyil. Ən azı, 44 günlük müharibədə mən onların heç birini İrəvanda görmədim.

 

Sadəcə demaqoqluq, jinqoizm, bayraq dalğalandırmaq və yüksək səsli çıxışlar var. Amma həmin aksiyaların iştirakçılarından yalnız bir neçəsi hərbi komissarlıqlara gələrək döyüşə gedib. Məğlubiyyətdən sonra onları tapmaq belə mümkün deyildi. Hətta Ermənistanda mövcud hakimiyyətin tam qayğısına qaldığı “Artsax” xalqı da döyüşməyə həvəsli deyildi. Əgər onlar döyüşmək istəmirlərsə, o zaman kim döyüşəcək? Yeni müharibə bizim üçün daha böyük faciəyə çevriləcək, çünki bizim 2020-ci ildəki qədər nə gücümüz, nə də beynəlxalq dəstəyimiz var.

 

 

Və buna baxmayaraq, cəmiyyətin bir hissəsi Qalstanyana inanaraq onun arxasınca getdi, adi bir təxribatçının cəfənglə getdiyini bilmədi. Hətta yürüşün lap əvvəlində onun məharətlə manipulyasiya edildiyinə dair şübhələr var idi. Və tezliklə, artıq İrəvanda Paşinyana ultimatumlar verməyə, istefasını tələb etməyə başlayanda hər şey öz yerinə oturdu. Arxiyepiskop da, onun arxasında duran qüvvələr də, göründüyü kimi, onların hamısı öz eqoist maraqlarını güdürdülər. Baqrat Qalstanyanı daşnak İşxan Saqatelyan və keçmiş müdafiə naziri Seyran Ohanyanla öpüşəndə ruhaniyə kimin rəhbərlik etdiyi məlum olub. Şəxsən mənim üçün Ohanyanla Qalstanyan arasındakı bu yaxınlıq soyuq bir duş idi. Axı bu həmin Ohanyandır ki, ordunu şəxsi varlanma vasitəsinə çevirib, onun içindəki bütün komandanlıq mövqelərini sağa-sola sataraq metodik şəkildə məhv edib talayıb. Ohanyanla bərabər gəzən adamın arxasınca getmək? Bu, ordumuza, ölkəmizə nifrət etməkdən başqa bir şey deyil.

 

 

Qalstanyan Köçəryanla görüşə gedəndə nəhayət hər şey aydın oldu. Bütün bu teatr tamaşası, məqsədi Ermənistanda hakimiyyəti dəyişmək və Azərbaycanla yeni müharibəni qızışdırmaq olan ikinci prezident tərəfindən koordinasiya edilib. Bir başqa məqsəd isə Ermənistanı Rusiya protektoratlığına qaytarmaqdır. Və Baqrat artıq özünü bundan təmizləyə bilməyəcək. Eləcə də “təcili yardım məntəqəsi” ilə bağlı yalanlarından. Tavuşdan İrəvana gedəndə ayaqları qanayıbmış. Yalançı və əclaf.

 

İndi siz, əziz oxucular, baş verənlərin bütün mənzərəsini başa düşürsünüz. Qarabağ klanı, daşnaklar və onların şirnikləndirdiyi keşişlər - II Qarekinin nökərləri ən adi manqurtlardır, onilliklər ərzində bizi və ölkəmizi talayıb zənginləşən cinayətkar dəstədir. Onlar hakimiyyətə qayıtmaq, qənimətlərini geri almaq arzusundadırlar. Və onların hakimiyyətə əsas namizədi qaniçən Robert Köçəryandır.

 

Dünən meydanda Baqratın sözlərinə qulaq asanlar o vaxtları unudublarmı? Siz yenidən Köçəryan-Sarkisyan dəstəsinin zənginləşmə mənbəyinə çevrilmək istəyirsiniz? Onların ölkədə öz vəhşiliklərini necə törətdiklərini unutmusunuz? Paşinyan mələkdən deyil, amma onu Qarabağ klanından olan qatillərlə müqayisə etmək olmaz. Sonda heç olmasa özünüqoruma instinktini işə salın - əgər sərhədin müəyyənləşdirilməsi prosesi pozularsa, deməli, bizi müharibə gözləyir.

 

 

Baxratlar, Qareginlər, Köçəryanlar, Sarkisyanlar, Saqatelyanlar, Ohanyanlar məhz buna nail olmağa çalışırlar. Ölkə nə qədər pisləşsə, Paşinyanı devirmək şansları bir o qədər çox olar.

 

Onu aşağı salmaq və hakimiyyətə qayıtmaq. Xalqın qanı üzərində, növbəti itirilmiş ərazilərdə, Vətəni qurbanlar qurbangahına qoyaraq. Özünüz, ailəniz və dostlarınız üçün istədiyiniz budurmu? Düşünün, özünüzə gəlin və hisslərimizi və həyatımızı manipulyasiya edənlərin pankartlarına qoşulmağı dayandırın.

 




Ana səhifəyə qayıt        Baxış: 5 512          Tarix: 11-05-2024, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma