Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi.
İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi.
İsrailə nəyə görə əlavə eskalasiya lazım idi?
İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar:
- İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi.
- İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə, təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər.
- İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək və İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar.
- İsrailin hərəkəti münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər.
- Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir.
- İsrail bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi.
Müxtəlif tərəflər, fərqli mövqelər
İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu. İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu.
ABŞ hakimiyyəti hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həll də mümkünsüz görünür.
Hazırda bir çox Qərb tərəfdaşları bəyan edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir.
İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı. Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir.
Rusiyaya gəlincə, təmasda olduğumuz israilli ekspertlər iddia edirlər ki, Kreml hazırda İrana çox ehtiyacı olduğundan İsrail əleyhinə açıqlamalar verir, lakin eyni zamanda Təl-Əvivi belə yanaşmasının müvəqqəti olduğuna inandırmağa çalışır. Öz növbəsində, Netanyahu hökuməti də Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə səy göstərir.
Mövzu ilə bağlı daha ətraflı:
https://cssc.az/az/view/2/54/
Paylaş: