Son günlər ərzində Ukrayna münaqişəsinə dair iki mühüm beynəlxalq konfrans baş tutdu. Onların mahiyyəti və məqsədi müxtəlif dairələr tərəfindən fərqli istiqamətdə şərh edilir. Bəziləri hətta bu tədbirləri yeni dünya nizamının formalaşması, dövlətlərin iki qütbə parçalanması kimi təqdim etməyə çalışırlar.
Humanitar konfrans və siyasi sammit
Sözügedən tədbirlərdən birincisi Berlində təxminən 60 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilmiş Ukraynanın Bərpası Konfransıdır. Artıq üçüncü dəfədir ki, təşkil edilən tədbir çərçivəsində ölkənin müharibə nəticəsində dağıdılmış ərazilərinin yenidənqurulması üzrə 16 milyard avroluq 100-dən çox saziş imzalanıb.
İkinci beynəlxalq tədbir isə İsveçrədə baş tutmuş Ukrayna Sülh Sammitidir. Burada dəvət edilmiş 160 dövlətdən 91-i iştirak edib. Sammitin yekun sənədinə isə 80 dövlət imza atıb ki, onlardan 1-i (Ruanda) sonradan öz imzasını geri çəkib.
Berlin Konfransı sırf humanitar xarakter daşısa da, İsveçrə Sammmiti əsasən siyasi xarakterli tədbir idi. Bu sammit həm nümayəndə heyətlərinin sayı və tərkibi, həm də gündəliyi baxımından daha mühüm əhəmiyyət daşıyırdı. Sammitin əsas mahiyyətini isə Zelenski və onun sülh planına dəstək təşkil edirdi.
Belə ki, mayın 20-də Ukrayna prezidentinin səlahiyyət müddəti başa çatsa da, ölkə müharibə şəraitində olduğundan yeni seçkilərin keçirilməməsi qərara alındı. Lakin Rusiya bu tarixdən sonra Zelenskini legitim dövlət başçısı kimi tanımaqdan imtina etdi. Bu baxımdan, İsveçrə Sammiti faktiki olaraq Zelenskinin legitimliyinin dünya birliyi tərəfindən qəbul edilməsi və təsdiqlənməsi idi.
Digər tərəfdən, təsadüfi deyil ki, Sülh Sammitinin keçirildiyi bir zamanda Rusiya lideri də özünün alternativ sülh planını açıqladı və hər iki tərəfin yanaşmaları arasında kəskin fərqlərin olduğunu bir daha ortaya qoydu.
Azərbaycanın mövqeyi
Azərbaycan nümayəndə heyəti İsveçrə Sammitinə qatılmasa da, Berlin Konfransında iştirak edib. Bakı münaqişənin aktiv fazası başlayandan bəri Ukraynaya ilk humanitar yardım göstərənlərdən biri olub. Bu günədək Kiyevə 40 milyon ABŞ dolları dəyərində yardım edilib. Ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramı həyata keçirilib, indiyədək 154 uşaq proqramın iştirakçısı olub.
Azərbaycan Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərib, bu çərçivədə İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərini öz üzərinə götürərək icra edib. İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycan Ukraynaya minatəmizləmə sahəsində də yardım edərək, oxşar problemlərlə üzləşmiş dövlətlərlə həmrəyliyini nümayiş etdirib.
Berlin Konfransına qatılmaqla Azərbaycan Ukraynaya humanitar dəstəyini davam etdirməyə hazır olduğunu göstərdi. Eyni zamanda, Azərbaycan Prezidentinin Zelenski ilə son telefon danışığı, Ukrayna dövlət başçısının COP29-a dəvət edilməsi belə deməyə əsas verir ki, rəsmi Bakı Ukrayna prezidentinin legitimliyini tanıyır.
Nəticə
Beləliklə də, Ukraynanın Bərpası Konfransı və Ukrayna Sülh Sammiti yeni qlobal nizamın, dünya dövlətlərinin iki fəqli düşərgəyə bölünməsinin göstəricisi deyil. Bu tədbirlər əslində heç sülhə də xidmət etmir. Bunlar yalnız tərəflərdən birinin mövqeyinin səsləndirilməsi, gələcək danışıqlarda əlinin gücləndirilməsi istiqamətində atılmış addımlardır. Günümüzdə Zelenski və Putinin sülh planları arasında böyük və keçilməz fərqlər mövcuddur. Odur ki, hazırda və yaxın gələcəkdə diplomatiyaya yer yoxdur.
Belə görünür ki, tərəflər arasında hərbi əməliyyatlar hələ bir müddət də davam edəcək. Aydındır ki, bu yolla onlar gələcək danışıqlar zamanı daha çox üstünlük əldə etməyə, masa arxasında öz mövqelərini gücləndirməyə çalışırlar. Moskva və Kiyevdə inanırlar ki, müharibə yolu ilə yeni reallıq yaratmaq, bununla da münaqişənin növbəti mərhələsi - dinc nizamlanma prosesində köklü dəyişikliklərə nail olmaq mümkündür.
@cssc_cqtm
Paylaş: