ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya qəfil səfəri geniş müzakirələrə meydan açıb. Prezident İlham Əliyevlə görüşündə masaya yatırılan əsas mövzu Orta dəhlizin açılması, regional əməkdaşlıq və Azərbaycanla Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh müqaviləsi kimi hərbi-siyasi və iqtisadi məsələlər olub.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, dövlət katibi köməkçisinin məhz indi Bakıya səfər etməsi təsadüfi deyil. Heydər Oğuzun fikrincə, Azərbaycanın yerləşdiyi geosiyasi məkan, regionda və dünyada yaşanan gərginliklər ölkəmizdə demokratik islahatların aparılmasına hələ ki münbit şərait yaratmır: “Vaxtilə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun maraqlı bir fikri vardı. Azərbaycandan demokratiya tələb edən Avropa yetkililərinə verdiyi cavabda ölkəmizi sendviçə bənzədən Seyidov bir tərəfdən İranın, digər tərəfdən Rusiyanın təzyiqləri ilə üzləşən ölkəmizin indiki şəraitdə hansısa demokratik islahatlara gedə bilməyəcəyini bildirmişdi. Prinsipcə, Avropa yetkililəri ritorikalarında olmasa belə, ürəklərində bu fikirlə razılaşmışdılar. Və indiyədək Azərbaycanda təhlükəsizlik məsələsinin demokratik dəyərlərdən ön plana çıxarılması da bu həqiqətlə bağlıdır. Söykəndikləri arqument isə çox sadədir: demokratik şəraitdən istifadə edib hakimiyyəti ələ keçirən xarici qüvvələr Azərbaycanı arzuolunmaz istiqamətlərə yönləndirə bilərlər”.
Azərbaycanın həyata keçirilən qlobal layihələrin mərkəz ölkəsi olduğunu bildirən Heydər Oğuzun fikrincə, heç bir beynəlxalq güc mərkəzi bu layihələri təhlükəyə atmaq istəmir: “Onların Azərbaycandan bir gözləntiləri var: planlaşdırılan bu layihələri qüsursuz həyata keçirmək”.
ABŞ Dövlət katibinin köməkçisi O`Braynın da bu məqsədlə Azərbaycana səfər etdiyini bildirən Heydər Oğuzun fikrincə, amerikalı diplomatın özü də bu faktı gizlətmirdi: “O, Bakıya gəlməmişdən əvvəl Nümayəndələr Palatasının beynəlxalq əlaqələr komitəsində çıxış edərək bildirmişdi ki, Azərbaycana səfərinin məqsədi təkcə bizim yox, həm də Mərkəzi Asiya ölkələrinin taleyi ilə əlaqədardır. Söhbət Mərkəzi Asiya ölkələrini Çinin və Rusiyanın asılılığından xilas edərək Avropaya alternativ marşrutla bağlanmasından gedir. Onun fikrincə, hazırda Çin və ya Rusiyadan keçən ixracat marşrutlarına arxalanan Mərkəzi Asiya ölkələri məhz Azərbaycandan keçən alternativ marşrutlardan faydalanaraq Avropaya inteqrasiya edə bilərlər. Bu marşrutlardan biri Gürcüstandan keçərək Qara Dənizə çıxır, digər potensial marşrut isə Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər”.
Sual oluna bilər: məlumdur ki, Orta dəhliz marşrutu Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin tərkib hissələrindən biridir. O zaman O`Brayn nədən bir tərəfdən Rusiyaya və Çinə qarşı çıxır, digər tərəfdən Çinin layihəsini dəstəkləyir?
Heydər Oğuz deyib ki, O`Brayn heç də bir tərəfdən qarşı çıxdığı Çini digər tərəfdən dəstəkləmir: “Məsələ burasındadır ki, eyni marşrut üzərində, əslində, iki müxtəlif layihə hazırlanıb. Bunlardan biri həqiqətən də Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin Orta dəhlizidir. Amma O`Brayn bu dəhlizi nəzərdə tutmur. Onun nəzərdə tutduğu ABŞ və Avropa tərəfindən hazırlanan “Qlobal Keçid” (Global Gateway) layihəsidir. Orta dəhlizə alternativ kimi planlaşdırılan bu layihə Avropa İttifaqı tərəfindən hazırlanıb. Azərbaycan 44 günlük müharibədə qələbə çaldıqdan sonra – 2021-ci ildə Aİ bu layihənin inşası üçün 2027-ci ilə qədər 300 milyard avro ayırıb. Layihənin məqsədi Mərkəzi Asiyadan başlayıb Azərbaycandan keçərək Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan magistral və dəmir yolları, enerji xətləri çəkmək, region ölkələrinin təbii sərvətlərindən və bərpaolunan enerji potensialından yararlanaraq, alternativ enerji mənbələri yaratmaqdır. Azərbaycan bu layihədə təkcə marşrut mərkəzi kimi əhəmiyyət daşımır. Həm də bizim külək və günəş resurslarımız var və onları elektrik enerjisinə çevirmək mümkündür. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin, o cümlədən də bizim çox zəngin nadir metallar və torpaq elementləri ehtiyatımız da mövcuddur. Bu ehtiyatlar alternativ enerji hasilatında və müasir bateriyaların istehsalında istifadə olunur. İndiyə qədər dünyanın nadir metal və torpaq elementlərinin 90%-i Çində istehsal olunduğundan və Çin bu gücündən strateji silah kimi istifadə edib Qərbə təzyiq göstərdiyindən regionun bu potensialı Avropa və ABŞ üçün həyati əhəmiyyət daşıyır. O`Braynı Bakıya gətirən də budur. Onun Ermənistanı da bu xəttə qoşmaq istəməsi isə təkcə ABŞ-ın ermənipərəst konqresmenlərinin və senatorlarının arzularından irəli gəlmir. Ermənistanın Zəngəzur dağları da nadir metal yataqları ilə doludur. Eyni şəkildə Ukraynanın da ən azı 12 trilyon dollarlıq nadir torpaq elementlərinə sahib olduğunu ABŞ rəsmilərinin özləri də etiraf edirlər. Məhz bu səbəbdən də Ukraynanı Rusiyanın ixtiyarına buraxmayacaqlarını bildirirlər. Eyni məntiqlə ABŞ Cənubi Qafqazı və Mərkəzi Asiyanı da Rusiyaya buraxmaq istəmir. Əks halda yeni sənaye və enerji inqilabının yaşandığı müasir çağımızda qlobal güc rəqabətində uduza bilərlər”.
E.Məmmədəliyev,
Musavat.com
Paylaş: