Xəbər lenti


 

Ermənilərin ABŞ Senatındakı ən güclü kürəkəni Bob Menendezin məhkəməsi keçirilib.

 

Ovqat.com-un məlumatına görə, Manhetten Federal Məhkəməsi “əniştə”ni yarğılandığı bütün ittihamlar üzrə günahkar çıxarıb.

 

Qeyd edək ki, Bon Menendez 16 cinayət işi üzrə mühakimə olunurdu. Barəsində ən ciddi ittiham isə korrupsiyaya bulaşması və Misirə agentlik etməsi ilə bağlı idi.

 

Bu, erməni “kürəkəni” senatorun ilk məhkəməsi də deyil. 2006-cı ildən Senatda ən yüksək vəzifələrdə çalışan və səlahiyyətlərindən istifadə edərək Azərbaycan və Türkiyə barəsində ən qərəzli qərarlara imza atan Bob Menendez ilk dəfə 2017-ci ildə korrupsiya əməllərinə görə məhkəməyə verilmişdi. Fəqət o zaman məhkəmənin münsiflər heyətinin aldatmağı bacaran senator yaxasını cəza almadan qurtara bilmişdi. 

 

Öz əməlləri ilə ABŞ Senatının və Demokrat partiyasının adını batıran erməni kürəkəninə həmkarlarının reaksiyası da birmənalı olmayıb. ABŞ Senatının əksəriyyət Lideri Çak Şumer və Nyu Cersi senatoru Cory Booker də daxil olmaqla yüksək səviyyəli demokratlar Menendesi tez bir zamanda palatadan istefa verməyə çağırıblar. O, komitə sədrliyindən istefa versə də, mandatından vaz keçməmişdi.

  

Məlumata görə, məhkəmə münsifləri Menendezin son mühakiməsinə cümə günü başlayıblar və üç gün ərzində 12 saatdan çox müzakirə aparıblar. 70 yaşlı türk düşməni Menendez Misir hökumətinin agenti kimi qeyri-qanuni fəaliyyət göstərmək, ədalət mühakiməsinə mane olmaq, pul köçürmələri fırıldaqçılığı və qəsb etmək kimi ağır cinayətlərdə ittiham olunub. Senator isə ittihamlar üzrə özünü təqsirli bilməyib.

 

Əməllərinə görə ABŞ Senatının nüfuzlu Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verən Menendez jurnalistlərin suallarına cavab verərək deyib: "Mən heç vaxt ictimai andımı pozmamışam. Mən heç vaxt ölkəmə xəyanət etməmişəm və ABŞ vətənpərvərindən başqa bir şey olmamışam. Mən heç vaxt xarici agent olmamışam”.

 

Məhkəmə prosesi federal prokurorların senator və arvadı Nadine Menendezin ondan kömək istəyən üç iş adamından yüz minlərlə dollar pul, qızıl külçələr, avtomobil və ipoteka ödənişlərini qəbul etməklə bağlı iddialarına baxır. Prokurorların fikrincə, Menendez rüşvət müqabilində, iş adamı Vael Hananın Amerikadan Misirə milyardlarla dollarlıq yardım almasına kömək edib. Menendez həmçinin digər iki iş adamı - Fred Daibes və Xose Uribe ilə bağlı cinayət araşdırmalarına təsir göstərməkdə günahlandırılır.

 

Manhettenin baş federal prokuroru Damian Villyams Menendezin ittiham olunan əməlləri barədə jurnalistlərə deyib: "Bu, mənfəət xətrinə siyasət idi”.

 

“Reuters” agentliyinin bildirdiyinə görə, münsiflər heyətinin rəhbəri hökmü oxuduqdan sonra Menendez dirsəklərini masaya söykəyib, əllərini bir-birinə sıxıb və düz irəli baxıb. Məhkəmədə Menendezlə birlikdə ittiham olunan Hana və Daibesin də ifadələri alınıb. Senatora ən böyük sürpriz isə Xose Uribedən gəlib. Uribe günahını boynuna alıb və ittiham tərəfinin şahidi kimi Menendezin “üzünə durub”.

 

ABŞ-ın Dairə Hakimi Sidney Stein məhkəmənin növbəti iclasını oktyabrın 29-na elan edib. Bu tarix Menendezin Senata daha 6 il müddətinə seçilmək üçün namizədliyini irəli sürdüyü 5 noyabr seçkilərindən cəmi 1 həftə əvvələ təsadüf edir. Görünür, ABŞ məhkəməsi “kürəkən”ə seçki sürpizi etməyə hazırlaşır.

 

Rüşvətxor və Misir agenti kimi sifətləri ilə Demokratlar partiyasına ləkə gətirən Menendezə vəzifəsindən istefa verməsi üçün təzyiqlərin artdığı bildirir. Nyu Cersi ştatının qubernatoru, demokrat Fil Mörfi bildirib ki, Menendez istefa verməkdən imtina edərsə, Senat onun bu vəzifədən qovmasını səsə qoymalıdır. 

 

Menendez otuz ildən artıqdır ki, mandat daşıyır. O, əvvəllər ABŞ Konqresinin Nümayəndələr Palatasında 13 il xidmət etdikdən sonra 2006-cı ildən Nyu Cersi ştatından senator seçilib. Bundan əvvəl isə Nyu-Cersi qanunverici orqanında və bələdiyyə sədri vəzifəsində çalışıb.

 

Müttəhimlər kürsüsündə oturmamışdan əvvəl Menendez təkcə Senatın ən güclü komitələrindən birinin sədri sədri deyil, həm də prezident Co Baydenin xaricdə ABŞ-ın təsirini bərpa etmək, Ukraynaya kömək üçün dəstək və pul toplamaq, Çinin irəliləyişlərini dayandırmaq səylərində mühüm müttəfiqi olub. Təbii ki, bir də erməni himayədarlığı ilə tanınıb.

 

Məhkəməyə Menendezin əleyhinə kifayət qədər bol və əsaslı dəlillər təqdim olunub. Məhkəmə zamanı senatorun həyat yoldaşı ilə yaşadığı Nyu Cersidəki evindən federal agentlərin ələ keçirdikləri qızıl külçələrdən bəziləri jurilərə təqdim olunub. Agentlər həmçinin, axtarış zamanı senatorun gödəkçənin içərisində zərflərə doldurulmuş  480.000 dollardan çox nağd pul tapıblar.

 

Prokurorların iddiasına inansaq, senator bütün cinayətləri erməni əsilli arvadı Nadinenin göstərişi ilə törədib. Odur ki, Nadinenin də mühakimə olunması gözlənilir. Onun hələlik məhkəmə prosesindən kənarda qalması sağlamlığı ilə əlaqədardır. Nadine döş xərçəngindən əziyyət çəkir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 627          Tarix: 17-07-2024, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma