Xəbər lenti


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Türk düşməni Bob Menendez və onun erməni əsilli həyat yoldaşı Nadin Arslanyana qarşı rüşvət almaları ilə bağlı ittihamnamə hazırlanıb. İttihamnanə əsasında cütlüyün evinə basqın edilib, aparılan araşdırmalar zamanı zərflərdə və seyfdə gizlədilmiş yüz minlərlə dollar pul tapılıb.

 

Ovqat.com-un məlumatına görə, ittihamnamədə Menendez və onun həyat yoldaşı Nadin Arslanyanın "yüz minlərlə dollar" rüşvət aldıqları və senatorun nüfuzundan "Nyu Cersidən olan bir neçə iş adamını və Misir hökumətini zənginləşdirmək üçün" istifadə olunduğu bildirilir.

 

69 yaşlı Menendezin nağd pul, qızıl külçələr, ipoteka ödənişləri, iş üçün təzminat, lüks avtomobil və digər qiymətli əşyaları rüşvət kimi aldığı vurğulanan iddianamədə həmçinin, onun Misir əsilli amerikalı iş adamı Vael Hanna və Qahirə hökumətini qorumaq üçün Kənd Təsərrüfatı Nazirliyində bir məmura təzyiq göstərdiyi də iddia olunur. Menendezin həmçinin Nyu Cersili iş adamı Xose Uribe ilə bağlı istintaqa müdaxilə etdiyi də iddialar arasındadır.

 

İttihamnamədə vurğulanır ki, Menendez “nüfuzundan istifadə edib və rəsmi vəzifəsi səlahiyyətini aşaraq Nyu-Cersi ştatında podratçı kimi çalışan Fred Daibsin federal məhkəmədə davam edən cinayət işinə təsir edə biləcəyinə inandığı bir şəxsi ABŞ prezidentinə bu seçki dairəsi üzrə vəkil kimi namizəd göstərməyi tövsiyə edib”.

 

Menendezin evindən tapılan qızıl külçə və pulun 2022-ci ilin iyununda keçirilən basqın zamanı necə aşkar edildiyi bildirilir. İttihamnamədə göstərilir ki, “480.000 dollardan çox nağd pul çoxu zərflərə doldurularaq paltarların cibində, şkaf və seyfdə gizlədilib. Onun 70.000 dollardan çoxu isə Menendezin həyat yoldaşı Nadinə Arslanyana aid seyfindən tapılıb. Pulların bəzilərində Menendezin sürücüsünün barmaq izləri və yaxud DNT-si təsbit olunub”. 

 

Senator barəsində korrupsiya təhqiqatına bir il ərzində ABŞ prokuroru Damian Williams rəhbərlik edib. İstintaq Menendez və həyat yoldaşının zinət əşyaları, Mercedes-Benz avtomobili, lüks mənzillər və 400 min dollar dəyərində qızıl külçələr də daxil olmaqla, nağd pul və hədiyyə alıb-almadığını araşdırıb. Barəsində irəli sürülən ittihamları rədd edən Menendez may ayında aparılan istintaqla bağlı “Əminəm ki, bunun heç bir nəticəsi olmayacaq” demişdi.

 

Maraqlıdır ki, bu, Menendez barəsində irəli sürülən ilk ittiham deyil. Senator 2015-ci ildə qeyri-qanuni olaraq “rüşvət qəbul etməkdə”, o cümlədən “Floridada oftalmoloq işləyən bir həkimin şəxsi təyyarəsi ilə uçuşda, onun hesabına Parisdə beşulduzlu oteldə üç gecə qalmaqda və həkimdən 700 min dollardan çox siyasi ianə” almaqda ittiham olunmuşdu. Həmin vaxt Menendez rüşvət almaqda günahlandırıldığı oftalmoloqun dostu olduğunu, hər hansı rüşvət qarşılığında deyil, dostunun “iltifat”dan yararlandığını irəli sürərək ittihamlardan yaxa qurtara bilmişdi. Bu dəfə isə ittihamlar çox ciddidir və onun məsuliyyətdən yayına bilməsi mümkün görünmür.

 

2018-ci ildə 54 faiz səslə üçüncü müddətə Senata seçilən Menendez Türkiyə və Azərbaycana qarşı bir sıra qətnamə layihələrinin müəlliflərindən biri kimi tanınır. O, senator seçiləndən cəmi bir il sonra, 2019-cu ildə qondarma “erməni soyqırımının rəsmən tanınmasını” nəzərdə tutan qətnamə layihəsinin ABŞ Konqresində səsə qoyulmasını tələb etmişdi.

 

ABŞ prezidenti Co Baydenin ötən il ilk dəfə qondarma “erməni soyqırımı” ifadəsini işlətməsində Menendezin müstəsna rolunun olduğu bildirilir.

 

Menendez 2016-cı ilin iyun ayında o zamankı dövlət katibi Mayk Pompeoya yazdığı məktubda Türkiyənin Yunanıstan və Kiprə qarşı aqressiv davrandığını iddia edərək, Şərqi Aralıq dənizindəki fəaliyyətinə görə Ankaraya qarşı sanksiyaların tətbiqini istəmişdi.

 

Yenə 2020-ci ilin iyul ayında Menendez də daxil olmaqla 6 senator "Ankara tərəfindən Türkiyədə və ətrafında insan hüquqları və əsas azadlıqların pozulması iddiaları ilə bağlı bütün məlumatların paylaşılmasını tələb edən" təklif hazırlamışdı.

 

2020-ci ilin noyabr ayında aralarında Menendezin də olduğu həmin 6 senator dövlət katibi Mayk Pompeodan Türkiyə və Azərbaycanla bağlı bəzi qərəzli suallara aydınlıq gətirməyi tələb etmişdi. Həmin suallarda iki ölkənin Cənubi Qafqazda və Yaxın Şərqdə insan haqları pozuntularına yol verdiyi iddia edilir və ABŞ-ın bu hadisələrdə hansı rolları oynadığına cavab istənilirdi.

 

İki ölkə barəsində ayrı-ayrılıqda hazırlanan təkliflərdə Ağ Evin təhlükəsizlik dəstəyini və silah satışını dayandırması tələb edilir, yaxud dayandırmaması üçün bir alternativin olub-olmadığı sorğulanırdı. Bob Menendez təqdim edilən sualla bağlı bu fikirləri səsləndirmişdi: "Azərbaycanın Türkiyənin dəstəyi ilə erməni xalqına qarşı davam edən hücumları bölgədə dinc əhalinin əziyyət çəkməsinə və insan haqlarının pozulmasına səbəb olub. Türkiyə regionda sülhü getdikcə daha da uzaqlaşdırır və biz Azərbaycana silah satmağa davam edə bilmərik”.

 

Bəzi məlumatlara görə, Bob Menendez basqılara duruş gətirməyərək artıq istefa verib.

 




Ana səhifəyə qayıt        Baxış: 6 110          Tarix: 23-09-2023, 04:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma