Xəbər lenti


Ermənistanda Qarabağ erməniləri ilə yerlilər arasında konfliktlər getdikcə artır. Artıq bu barədə erməni mediası da açıq danışır və “artsaxlı” adlandırdıqları köçkünlərin özbaşınalığından gileylənir.

 

 “ArmenianReport”un analitiki Tevos Arşakyan ““Mitinq materialı” ilə primitiv manipulyasiya” sərlövhəli məqaləsi də bunun bariz nümunələrindəndir. 

 

Məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

 

Könüllü olaraq müxalifətin “mitinq materialına” çevrilmiş Artsaxdan olan məcburi köçkünlərin xeyli hissəsi Ermənistana müvəqqəti sığınacaq və sağmal inəyi kimi baxmaqda davam edir. Onlar hesab edirlər ki, biz, Ermənistan vətəndaşları, sadəcə olaraq, onları qucağımızda gəzdirməyə və onların çox vaxt kobudluq, özbaşınalıq və hörmətsizlik sərhədlərini açan bütün iyrəncliklərinə dözməyə borcluyuq. Təbii ki, belə münasibət cəmiyyətimizdə kəskin əks-reaksiya doğurur.

 

Müxalifət mediası və TG kanalları tərəfindən indi fəal müzakirə olunan qarşıdurmanın növbəti mərhələsi Artsax hüquqşünası Roman Yeritsyanın qardaşı Aram ilə insidentdən sonra baş verdi. Üstəlik, Köçəryan və Sarkisyanın qidalandırdığı media və sosial şəbəkələrdəki səhifələr tərəfindən platformasını məmnuniyyətlə təqdim edən zərərçəkmiş tərəf İstintaq Komitəsinin başlatdığı araşdırmanın sonunu gözləmədən dərhal təkcə polisi deyil, həm də Ermənistanı və bu hadisə ilə bağlı səlahiyyətliləri günahlandırıb. R.Yeritsyan bildirir ki, 10 patrul əməkdaşı avtomobili qadağan olunmuş yerdə saxladığını bəhanə edərək qardaşını vəhşicəsinə döyərək müxtəlif bədən xəsarətləri ilə polis bölməsinə aparıblar.

 

“Polislər onun üzünə gözyaşardıcı qaz atıb, döyüb, qollarını qandallayıb polis bölməsinə aparıblar. Qolu və barmaqları sınıb, heç görmür, başı şişib. Ona tibbi yardım göstərilir”.

 

Davamı da var. “Ermənistan polisinin Aram Yeritsyana qarşı zorakılığı, təkcə Aram Yeritsyana deyil, bütün Artsax xalqına qarşı çoxsaylı təhqirlərlə müşayiət olunması, Artsax xalqına qarşı hörmətsizliyin və düşmən münasibətin təzahüründən başqa bir şey deyil”, - Aram Yeritsyanın vəkili Erik Beqlaryan Facebook səhifəsində yazıb.

 

Onların sözlərindən belə çıxır: Ermənistan əhalisi Artsax xalqına qarşı düşmənçilik edirlər. Doğrudanmı? Əminəm ki, bir çox oxucularımız bu sətirlərin müəllifi kimi mütəmadi olaraq həm şəhərlərimizin küçələrində, həm də sosial şəbəkələrdə Artsaxdan olan məcburi köçkünlərin əsassız iddiaları ilə qarşılaşırlar.

 

Görünür, artıq unudublar ki, müstəqillik illərində onların saxlanması, nisbətən doymuş və təhlükəsiz yaşaması üçün çəkilən xərclərin böyük hissəsi Ermənistanın dövlət büdcəsi hesabına olub. Ən çətin anlarda - 90-cı illərin əvvəllərində belə son şeyləri özümüzdən qoparıb onlara verdik. Keçən ilin sentyabrında minlərlə erməni Artsaxı tərk edənləri qarşılamaq, yedizdirmək, isindirmək və hətta qonaq etmək üçün sərhədə axışdı.

 

Üstəlik, ermənilər Artsaxdan köçdükdən sonra da Ermənistan onları öz taleyinə buraxmadı. Onları dəstəkləmək üçün nə qədər proqram hazırlanıb? Onlar üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılıb? İcazə verin, sizə bəzilərini deyim. Birincisi, Ermənistan hökuməti Artsaxdan olan məcburi köçkünlərə yardım proqramını bu ilin sonuna qədər uzadıb. “40+10 min dram” proqramı üzrə ödənişlər də var. Artsaxdan olan köçkünlərin yenidən ayağa qalxmasına, işlə və mənzillə təmin olunmasına kömək edən proqramlar var. Məsələn, mənzil proqramı.


Artsaxdan olan məcburi köçkünlərin mənzillə təmin edilməsi üzrə dövlət proqramı Ermənistan tarixində ən bahalı və irimiqyaslı sosial təşəbbüs olacaq - bu, 2 milyard dollar dəyərində qiymətləndirilir və 25 min ailə üçün nəzərdə tutulub. Baxmayaraq ki, 1988-ci ilin dekabrında baş vermiş dağıdıcı zəlzələdən sonra Gümrüdə və Spitakda onlarla, hətta yüzlərlə ailə hələ də yataqxanalarda, müvəqqəti sığınacaqlarda və qoşqularda sıxışıb qalıb. Hakimiyyət bu kateqoriyadan olan əhalini mənzillə təmin etmək əvəzinə, Artsax sakinləri üçün külli miqdarda vəsait ayırır. Və bunun müqabilində sonunculardan qara nankorluq görürük. Bunun müqabilində hər cür Baqratların və onların arxasında duran Qarabağ klanının təşkil etdiyi müxalifət mitinqlərində kütləvi iştirakları ilə qarşılaşırıq.

 

Yoxsa Köçəryan, Qukasyan, Saakyan tərəfindən idarə olunduğunuz dövrlər üçün darıxırsınız? Siz orada, Artsaxda olanda rəhbərliyiniz sizi adam saymırdı. Yəqin ki, özünüzə qarşı belə münasibətə, qanunsuzluğa öyrəşmisiniz və ona görə də indi öz konsepsiyalarınızı Ermənistan ərazisinə keçirməyə çalışırsınız? Alınmayacaq.

 

Mən heç bir halda bugünkü Ermənistanda ciddi problem və çatışmazlıqların olmadığını düşünmürəm. Amma bununla yanaşı, son 6 ildə ölkəmizdə Artsaxda heç vaxt olmamış dərəcədə və həmkarımız Roman Baqdasaryanın dəfələrlə danışdığı asayiş işləyir. Bizim Ermənistanda insan hüquqlarına və vətəndaşların təhlükəsizliyinə önəm verilir.

 

Yeritsyanla bağlı insidentə qayıdaraq bildirmək istəyirəm ki, o, polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmaqdan imtina etdikdən sonra ona qarşı güc tətbiq oluna bilərdi. Əgər o, avtomobili qadağan olunmuş yerdə saxlayıbsa və patrul əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edirsə, deməli, polislərin güc tətbiq etmək hüququ var.

 

Dünyanın ən demokratik ölkəsi olan ABŞ-da polisin tələblərinə tabe olmamağın nəticəsini xatırlayın. Belə hallarda söhbət qısa olur: ən yaxşı halda üzünüzü kapotun üstünə qoyurlar, ən pis halda odlu silahdan istifadə edirlər.

 

Mən hər kəsi eyni fırça ilə boyamaq istəmirəm; Artsax xalqı arasında Ermənistanı ürəkdən sevən, qanunlara əməl edən və ölkənin inkişafına öz təvazökar töhfələrini verməyə hazır olan çoxlu yaxşı insanlar var. Amma məcburi köçkünlərin hüquqlarını pozan, Ermənistan qanunlarına tabe olmayan digər hissəsi isə bütövlükdə Ermənistan cəmiyyətində olduğu kimi, məndə də kəskin əks-reaksiya doğurur. Nə hökumət, nə də biz cəmiyyət olaraq heç kimə ictimai asayişi pozmağa, ölkənin təhlükəsizliyini təhlükəyə atmağa, siyasi manipulyasiya ilə məşğul olmağa icazə verməyəcəyik.

 

Tərcümə etdi: Ovqat.com

 

P.S. Yazının orijinallığına toxunmamaq üçün "Artsax" sözünün "Qarabağ"la əvəz etmədik və dırnaqarasına almadıq.




Ana səhifəyə qayıt        Baxış: 5 264          Tarix: 3-08-2024, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma