Xəbər lenti


Böyük Britaniya ordusunun sabiq polkovniki Riçard Kemp İsrail-İran müharibəsi barədə “The Telegraph” nəşri üçün qələmə aldığı analiz yazısında bildirir: ““Yüksələn Şir” əməliyyatı İrana Yaxın Şərq mədəniyyətində mümkün olan ən ağır cəzanı verdi: alçaldılma. Ayətullahların namusunu bərpa etmək cəhdləri isə daha böyük rüsvayçılıqla nəticələndi. Onların cavab tədbirləri indiyədək təsirsiz oldu”.

 

Riçard Kemp

“Xamenei və onun mühafizəçiləri hərbi cəhətdən məğlubdurlar, qalanı iranlıların işidir” sərlövhəli yazısında polkovnik qeyd edir ki, “hər biri yarım ton yüksək partlayıcı maddə daşıyan 350 ballistik raket, eləcə də 100-dən çox pilotsuz təyyarə 24 İsrail vətəndaşını öldürüb, bir neçə binanı zədələyib və ya dağıdıb. Bu ölümlərin hər biri faciədir, lakin bu, İsrailin qabaqlayıcı hücumundan sonra Xamneyi və onun əlaltılarının dəfələrlə vəd etdiyi səviyyədə dağıntı deyil. İsrail ordusu İrandan atılan raketlərin təxminən 90 faizini vurub və yalnız 5-10 faizi yaşayış məntəqələrini vurub.

 

İranlıların İsrailə ciddi ziyan vurmaqdansa, öz xalqlarına güc nümayiş etdirməyə çalışdığına inanan müəllifin fikrincə, Ayətullah rejiminin bu güc nümayişinə böyük ehtiyacları var: “Çünki indiyə qədər göstərə bildikləri tək şey zəiflikdir. İsrail İranın hava məkanında belə tam üstün mövqeyə sahibdir. İsrail ordusunun təyyarələri Tehran üzərində də Tel-Əviv səmasında olduğu qədər sərbəst uça bilir. Ayətullahlar hətta öz hərbi komandanlığının yuxarı səviyyələrini belə qoruya bilmədilər, demək olar ki, böyük əksəriyyəti bombardman altında məhv edildi. Bu, müharibə tarixində görünməmiş bir hadisədir.

 

Eyni şey, ölkənin ən çox qorunan insanları olan nüvə alimlərinə də aiddir. Güclü mühafizə olunan nüvə obyektləri, eləcə də enerji infrastrukturu dəfələrlə vurulub. Əhəmiyyətli sayda ballistik raketlər və pilotsuz təyyarələr buraxılmamışdan əvvəl məhv edilib. İsrailin xüsusi təyinatlı qüvvələri İranda cəzasızlıq şəraitində fəaliyyət göstərir, rejim və onun ordusunun kəşfiyyat məlumatlarına nüfuz etmə dərəcəsi heyrətamiz görünür.

 

İsraildən gələn evakuasiya əmri çox sayda Tehran sakinini hərəkətdə gətirmək üçün kifayət etdi. Bir sözlə, rejim öz ərazisi üzərində suverenliyini itirib. İran bu və  ehtimal olunan daha güclü perspektiv zərbələrə tab gətirə bilərmi? 

 

Biz artıq küçələrdə çoxlu sayda etirazçının “Xamneyiyə ölüm” və “SEPAH-a [İslam İnqilabı Keşikçiləri Korpusuna] ölüm” şüarları səsləndirdiyini görürük. Hökumət binaları yaxınlığında çoxlu bomba yüklü avtomobillər partlayır.

 

İsrail bu hadisələrdə öz iştirakını yalanlayır, bəs bütün bunları kim edir? İranda müxtəlif fraksiyaları təmsil edən çoxlu yeraltı qruplar var və onlar rejimin getdikcə daha çox gözə çarpan zəifliyi ilə cəsarətlənirlər. Xamneyinin və ya onun SEPAH-ının böyük pərəstişkarı olmadığı düşünülən İran ordusu var. Ola bilsin ki, onlar rejimlə ixtilafa girələr.

 

İsrail İran xalqına yeni hökumət sırımaq niyyətində deyil. Lakin son bir neçə gündəki fəaliyyətinin nəticəsi olaraq, 1979-cu ildən bəri ilk dəfə olaraq iranlılara böyük nifrət etdikləri diktatorları özləri qərar verdikləri rəhbərliklə əvəz etmək imkanı verir. Baş nazir Netanyahu birbaşa İran xalqını rejimə qarşı birləşməyə və zülmdən azad olmağa çağırdı və bu mesaj bir çox iranlı arasında geniş coşğu ilə qarşılandı.

 

Digər dünya liderləri də gərginliyin azaldılması ilə bağlı ziddiyyətli çağırışlarla müşayiət olunan nüvə İranının təhlükələri barədə boş danışmaqdansa, bu qədər qan tökülməsinə, repressiyalara və qeyri-sabitliyə görə məsuliyyət daşıyan ayətullahların hakimiyyətinə son qoymağa təşviq etmək üçün əllərindən gələni etməlidirlər”.

___ 

 

    • Riçard Kastin Kemp 14 aprel 1959-cu ildə anadan olub. 1977-2006-cı illərdə Britaniya Ordusunda xidmət etmiş hazırda təqaüddə olan zabitdir. Kemp hərbi xidmət zamanı piyada batalyonunun komandiri idi. Onun tapşırıqları arasında 2003-cü ilin iyul-noyabr aylarında Əfqanıstanda Finqal Əməliyyatı komandanlığı da var idi.




Ana səhifəyə qayıt        Baxış: 6 269          Tarix: 17-06-2025, 07:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma