Xəbər lenti


İranda baş verən hadisələr istər-istəməz ictimaiyyətdə bəzi müzakirələrə yol açır. Hər kəsi düşündürən əsas məsələ, sözsüz ki, cənub qonşumuzun gələcəyi, xüsusilə də Cənubi Azərbaycanın taleyidir. Bir çoxlarının fikrincə, İsrail Urmu vilayətində Kürdüstanın bir parçasını qurmaq istəyir və artıq qaçılmaz olaraq görülən Xamenei sonrası dövrdə bu qədim türk torpaqlarında Azərbaycan türkləri sığışdırılaraq yurd-yuvalarından didərgin salınacaq və həmin ərazilər PKK/PEJAK ünsürlərinə veriləcək.

 Bəri başdan qeyd edim ki, bu əndişələrin yaranmasında müəyyən haqlı məqamlar da yox deyil. Müxtəlif illərdə paylaşılan “Böyük Yaxın Şərq” xəritələrində həqiqətən də belə görünür. Əcəba, doğrudanmı dünyanı yenidən nizamlamağa çalışan ABŞ-ın, xüsusilə də Tramp hakimiyyətinin belə bir planı varmı? Məncə, İranın gələcəyi ilə bağlı mülahizələr yürüdərkən ilk növbədə bu suala aydınlıq gətirmək lazımdır.

 Əvvəla, onu deyim ki, ABŞ-ın belə bir ssenarini həyata keçirməyə çalışması bizim coğrafiyamızda dəhşətli müharibələrə start verilməsi anlamına gəlir. Bundan ən çox zərər çəkən isə, sözsüz ki, bütün region dövlətlərini, o cümlədən bütövlüklə ərəb, fars və türk millətlərini qarşısına alan kürd xalqı olar. Nəticədə böyük itkilər verilər və ABŞ-ın Yeni Yaxın Şərq projesi də eynilə Əfqanıstanda olduğu kimi böyük fiaskoya uğrayar. Ortaq təhdidlər İran, Türkiyə, İraq, Suriya və Azərbaycanı bir məqsəd ətrafında birləşdirər və Çinin regiona hakim olmasını asanlaşdırar. Beləcə, ABŞ  da suyu süzülə-süzülə regionu tərk etmək perspektivi ilə üzləşər. Dolayısıyla, bundan ikinci ən çox zərər çəkən tərəf İsrailin özü olar. Qısası, irəli sürülən projenin ilk qurbanına kürd separatçıları, perspektiv qurbanına isə yəhudi sionistləri və ABŞ çevrilə bilər. ABŞ-ın və Qərbin əvəzsiz dəstəyini aldığı halda, təkcə İranla müharibədə belə xeyli çətinliklərlə üzləşən İsrailin bütün regional dövlətlərə qarşı eyni anda savaş açması özünə dərin quyu qazmaqdan başqa bir şey deyil və inanmıram ki, Tel-əvivdə oturanlar normal düşünmə qabiliyyətini itirəcək qədər eyforiyaya qapılıblar.

 Təbii ki, ABŞ-ın və İsrailin bu qədər zərərli geopolitik planın peşinə düşəcəyi mənə inandırıcı görünmür. Üstəlik, Tramp adminitrasiyasının yetkilərinin regionla əlaqədar dilə gətirdikləri fikirlər və həyata keçirdikləri siyasətlər də tamamilə fərqli nəticələr ortaya çıxarır.


Yenilənmiş Yeni Yaxın Şərq Projesi



 Gəlin, ən yaxşısı, Tramp hakimiyyətinin yetkilərinin dilindən səsləndirilən yeni plana nəzər salaq.

 Bilirsiniz ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak həm də onun Suriya üzrə nümayəndəsidir. Bu, faktiki olaraq, ABŞ-ın Suriyanı da Türkiyənin tərkibində görmək istəməsi anlamına gəlir və bizim irəli sürəcəyimiz mülahizələr üçün mühüm anlam ifadə edir. Onu da unutmayaq ki, Suriya I Dünya Müharibəsinə qədər Osmanlı imperiyasının tərkibində idi və İraq, Livan və s. ölkələr kimi müharibədən sonra ondan ayrılmışdı. Bu mənada I Dünya savaşında regionun bölünməsində iştirak etməyən ABŞ üçün tarixin yenidən geri qaytarılması o qədər də təəccüblü deyil.

İndisə gəlin, bu bölünməyə Tramp adminsitrasiyasının region üzrə səfiri Tom Barrakın münasibətinə nəzər salaq. Səfir bir müddət Türkiyənin NTV telekanalına müsahibəsində Osmanlının bölünməsi prosesini belə şərh edib:
 

[media=ABD'nin Ankara Büyükelçisi Tom Barrack, İlk Röportajını NTV'ye Verdi! | NTV]


"Gəlin, məsələn, Balfur Bəyannaməsi ilə başlayaq. Yəhudi əhalisi üçün yeni bir sərbəst ərazi yaratmaq niyyətilə bir yol tapmağa çalışdılar. Daha sonra bir ingilis və bir fransızın birləşdiyini və bölgəni inanılmaz əşirət və dini qruplarla ələ keçirmək və Osmanlı imperiyasını bölmək üçün bir yol tapmağa çalışdılar, beləcə bu plan “Sayks Pikot”a çevrildi. Osmanlı İmperiyası üçün işləyən bir idarəetmə sistemi mövcud idi, lakin qəbilələr və dinlər mövcud ikən, onların ətrafında süni sərhədlər çəkə bilməzsiniz. Ancaq Sayks-Pikot bunu etdi."

 

Balfur bəyannaməsi və Sayks-Pikot anlaşması
 

 Göründüyü kimi, səfir burada iki mühüm sənəddən sənəddən söhbət açır: Balfur Bəyannaməsi və Sayks-Pikot anlaşması. Balfur Bəyannaməsi Birinci Dünya müharibəsi zamanı 1917-ci ilin 2 noyabr tarixində İngiltərə Baş naziri Artur Balfurun ingilis yəhudi icmasının lideri Lord Rotşildə göndərdiyi məktubun bir başqa adıdır. Məktubda Fələstində “yəhudi xalqı üçün milli ev" qurulmasına söz verilirdi.

 Sayks-Pikot anlaşması isə I Dünya müharibəsində Fransa və Böyük Britaniya arasında Osmanlı torpaqlarını bölüşdürmək üçün imzaladıqları anlaşma idi. Anlaşma 1916-cı ildə Birləşmiş Krallıq və Fransa arasında imzalanmış və daha sonra Antanta ittifaqının digər müttəfiqləri Rusiya və İtaliya tərəfindən ratifikasiya edilmişdi. Müqavilədə nəzərdə tutulurdu:

• Trabzon, Ərzurum, Van və Bitlis və Cənub-Şərqi Anadolunun bir hissəsi Rusiyaya;
 • Şərqi Aralıq dənizi bölgəsi, Adana, Antep, Urfa, Mardin, Diyarbəkir, Mosul və Suriya sahilləri Fransaya;
 • Hayfa və Akka limanları İngiltərəyə, Bağdad, Bəsrə isə Cənubi Mesopotamiyaya veriləcəkdi;
 • Fransa və İngiltərənin aldığı torpaqlarda ərəb dövlətlərinin konfederasiyası Fransa və İngiltərənin nəzarəti altında vahid ərəb dövləti yaradılacaqdı;
 • İskəndərun azad liman olacaq;
 • Fələstində müqəddəs yer olduğu üçün beynəlxalq idarə qurulacaq.


 1917-ci ildə Rusiya inqilabından sonra Rusiya müqavilədən imtina etdi və Leon Trotski bu gizli müqavilənin bir nüsxəsini 24 noyabr 1917-ci ildə “İzvestiya” qəzetində dərc edərək Osmanlı İmperiyasının parçalanması ilə bağlı gizli məlumatı dünya ictimaiyyətinə açıqladı.
 

Atatürkün və Leninin kökünü qazdığı ingilis-fransız planı


 Göründüyü kimi, Atatürkün başlatdığı Qurtuluş savaşı və Rusiyanın I Dünya müharibəsindən geri çəkilməsi ilə bu müqavilənin mühüm maddələri həyata keçmədi. Bununla belə, Osmanlının cənub torpaqları ondan alındı və yerində süni dövlətlər quruldu. Beləcə, Yaxın Şərqin 100 ildən artıq davam edən problemləri də başladı, bu ərazilərdə qan su yerinə axdı. İnsafən, Tom Barrak da bu həqiqəti etiraf edir və Yaxın Şərqdə tükənməyən savaşları regional faktorların nəzərə alınmadan ərazilərin bölünməsi ilə izah edir:

"Bu, əlbəttə ki, sözügedən razılaşma, o cümlədən Sevr müqaviləsi, Lozanna müqaviləsi və əlbəttə ki, kürdlərlə bağlı bir sıra digər anlaşmalar bizim uğursuzluqlarla üzləşdiyimizə gətirib çıxardı. Çünki Qərb üç fərqli vaxtda hamıya eyni torpaqları vəd etmişdi. Bu qarışıqlıq haradan qaynaqlanırdı? Bu qarışıqlıq Qərbdən gəlirdi. Çünki Şərqin gələcəyini diktə edən yanacaq və fosillərə ehtiyacımız var idi. Məqsəd bu idi”.
 

 Göründüyü kimi, Tom Barrak Qərbin Yaxın Şərq üzərində qurduğu bütün planların uğursuzluğa düçar olduğunu etiraf edir və bunun yanlış etnik siyasətlərlə əlaqələndirirdi. O, xüsusilə üzərində dayandığı kürd məsələsini də uğursuz ssnerilərdən biri kimi görür. Tramp administrasiyasının uğursuz hesab etdiyi bir ssenarini davam etdirəcəyi nə dərəcədə məntiqlidir?

 Üstəlik, səfirin özü də etiraf edir ki, Yaxın Şərqin Sayks-Pikot anlaşması əsasında bölünməsi fosil yanacağa sahiblənməklə bağlıdır. Həmin ərazilər isə əsasən Böyük Britaniyanın nəzarət sahəsinə düşür. Fransanın payına düşən ərazilər isə yeni dünya düzəni üçün o qədər böyük əhəmiyyət daşımır. Nəzərə alsaq ki, ABŞ həm də anglo-saks ölkələr birliyinin aparıcı nümayəndəsi kimi Fransanın dünyanın bölünməsindəki roluna o qədər də böyük əhəmiyyət vermir, əksinə, onunla ciddi rəqabət halındadır, məlum olar ki, Trampın planlaşdırdığı yeni dünya düzənində Parisə yer ayırması da mümkün deyil. Onu da unutmayaq ki, İran 1979-cu il inqilabından sonra Fransa tərəfindən ABŞ-ın əlindən alınmış bölgədir və Tramp bu ölkə ilə bağlı bütün çağırışlarında dünya iqtisadiyyatı ilə inteqrasiya olunmağı təklif edir, hətta ona razılaşacağı təqdirdə sanksiya altına düşən xarici valyutasına qovuşma vədi verir. Demək istəyir ki, sən öz inadkarlığından vaz keç və bizimlə əməkdaşlığa başla, mən də səni yağ-bal içində yaşadım.

Yeri gəlmişkən, Böyük Britaniyanın bir neçə gün əvvəl bəyan etdiyi “Milli Təhlükəsizlik Strategiyası 2025: Təhlükəli Dünyada Britaniya xalqının təhlükəsizliyi” adlı sənədin 15-ci maddəsində Türkiyə “kilid ortaq” kimi qiymətləndirilir və Qafqazdan tutmuş Qara dənizə, Afrikadan Yaxın Şərqə qədər böyük ərazilərdən məsul dövlət kimi göstərilir: “Qara dəniz, Qafqaz, Yaxın Şərq və Afrikanın kəsişməsində Türkiyə Böyük Britaniyanın bütün Avropada və NATO-nun cinahlarında təhlükəsizlik maraqları üçün vacibdir və güclü hərbi inteqrasiya və müdafiə sənayesi əməkdaşlığı ilə Böyük Britaniya üçün əsas NATO və ikitərəfli tərəfdaş olaraq qalır”, - sənəddə bildirilir.


 Böyük Britaniya ilə ABŞ-ın anqlo-sakslar ittifaqının iki aparıcı gücü olduğunu nəzərə alsaq, Londonun bu strateji yol xəritəsində Türkiyənin regionun əsas gücü kimi təqdim olunması təsadüfi ola bilməz. Görünən budur ki, dünyanın əsas güc mərkəzləri Türkiyə mərkəzli Yaxın Şərq, Cənubi Qafqaz və Afrika coğrafiyası planlaşdırırlar. Əlbəttə ki, bu qədər böyük geosiyasi planı baş tutacağı müəmmalı görünən hansısa xəyali Kürdüstan ideyasına qurban verməzlər. 


 Sözsüz ki, dünyanın yeni nizamının cızıldığı bu coğrafiyada İranın əl-ayağa dolaşması böyük güclərin marağına cavab vermir. Məhz bu səbəbdən də onun Yaxın Şərqi qucaqlayan “Şiə hilalı” layihəsindən geri çəkilməsi üçün hər şey edildi. Regiondakı bütün İran proksiləri ortadan qaldırıldı, Suriya tamamilə Türkiyənin əlinə keçdi, İraqda da, Livanda da, ümumiyyətlə Sayks-Pikot anlaşmasının əhatə etdiyi bütün coğrafiyalarda Ankaranın lehinə mühüm hadisələr yaşanır və yaxın gələcəkdə daha ciddi proseslərə də şahidlik edə bilərik.

 

Yaxın Şərqin bir növ “zavod ayarı”na qayıtması üçün İranın bəzi “könüllü addımlar” da atması lazımdır. O, ilk növbədə teokratik dövlət quruluşundan vaz keçməli, əyalətlərin milli kimliklərini tanımalı, region dövlətlərinə qarşı məzhəb müharibələrindən imtina etməli, öz qınına çəkilməlidir. Bu həm də İsraili təhdid etməmək öhdəliyi deməkdir və özünü bir növ Balfur Bəyannaməsinin şərtlərinə uyğunlaşdırmaqdır. Zənnimcə, İranda hazırda baş verənlərə bu aspektdən baxanda bir çox müəmmalar gün işığına çıxır. 

 

Trampizmin İsrail siyasəti


 Yeri gəlmişkən, Trampın İsraillə bağlı mövqeyi də düşündüyümüz kimi əla deyil. ABŞ prezidenti dəfələrlə İsrail Baş nazirinə öz iradlarını bildirib və onu “ağıllı” olmağa çağırıb. İran-İsrail arasında bağlanan atəşkəs sazişinin pozulmasına görə söyüşə qonaq etdiyi əsas şəxsin Xameneidən çox Netanyahu olduğu belə heç kimə sirr deyil. Fikrimcə, bunun səbəbi Trampın Rötşilddən daha çox, Rokifeller ailəsinə bağlılığından qaynaqlanır və əslində nüvəsiz İranla əməkdaşlığa can atması da bundan irəli gəlir. Məlumdur ki, Rokifeller ailəsi dünyanın ən böyük fosil enerji hasilatı ilə məşğul olan transmilli şirkətlərini idarə edir və İran bu mənada o şirkətlər üçün də vazkeçilməz ölkələrdən biridir. Təbii ki, dişi çəkilmiş, ona-buna boş-boşuna hədə-qorxu gəlməyən və Yaxın Şərqin neft zəngini ölkələrini məzhəb müharibələrinə sürükləməyən İran.

Nəticə

 

  1. ABŞ-ın İranla bağlı siyasəti Kürdüstan qurulmasına xidmət etmir, əksinə bu bölgəni I Dünya Müharibəsindən öncəki duruma – “zovad ayarına” aparmağı qarşısına məqsəd qoyur. ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın faktiki olaraq Sayks-Pikot lahiyəsini yararsız hesab etməsi də bundan xəbər verir.
  2. ABŞ-ın Yaxın Şərqdə yürütdüyü siyasət sionizmə yox, özünün dövlət maraqlarına xidmət edir. Yəhudi məsələsi bu planda sadəcə bir tramplindir və artıq öz əhəmiyyətini getdikcə itirir.
  3. İran dinc yolla dəyişilmək xəttini tutmasa, yaxın zamanlarda daha ağır zərbələrlə qarşılaşacaq. Hətta İranın parçalanması ssenarisi işə düşə bilər. Bu ssenari işə düşərsə çox böyük iqtisadi və hümanitar itkilərlə də müşahidə olunacaq.
  4. Yaxın gələcəkdə region uğrunda geopolitik mübarizədə ABŞ-Fransa çəkişməsinin daha da şiddətlənməsinin şahidi olacağıq və ABŞ böyük ehtimalla Fransanı bu tənlikdən çıxarmağa çalışacaq.
  5. Yeni dünya düzənində Yaxın Şərq, Cənubi Qafqaz, Qara dəniz bölgəsi və Afrikada kimi ərazilərdə mühüm söz sahibi Türkiyə olacaq. Bu zamanadək Fransanın təsir dairəsinə düşən Ermənistan Baş naziri Nikol Paşinyanın İrana hərbi əməliyyatlar başlayan kimi tələm-tələsik Türkiyəyə getməsi də bunun əlamətidir. Görünür, ağaları Paşinyanı bölgənin geopolitik gələcəyi barədə yaxşıca məlumatlandırıblar və o da tələb olunan addımları atmağı başlayıb. 

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 244          Tarix: 28-06-2025, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma