
Azərbaycanın böyük sənətkarı Xan Şuşunskinin bu günlərə qədər gəlib çıxan məşhur bir mahnısı var – “Şuşanın dağları”. Mahnı bu bəndlə başlayır:
“Şuşanın dağları deyil dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı.
Uzaqdan da hiss olunur ki, Xan Şuşunski bəstələdiyi bu mahnıya əl gəzdirib. Çünki Şuşanın dağları əksər hallarda dumanlı olur, bu mənada “deyil dumanlı” ifadəsi yerinə düşmür.
Bir çox tədqiqatçılar bu müəmmanı belə izah edirlər: Sovet hakimiyyəti illərində Xan Şuşinskiyə bu mahnının sözlərini irad tuturlar. Deyirlər ki, sovet Şuşasının dağları dumanlı ola bilməz, o hissəni dəyişdir. Müğənni də mahnının ruhuna toxunmamaq üçün bəstələdiyi yaratdığı əsərə əl gəzdirməli olur; “Şuşanın dağları başı dumanlı” misrasını “Şuşanın dağları deyil dumanlı” şəklinə salır.
Sovet hakimiyyətinin müğənnidən bu absurd tələbi səbəbsiz deyildi. Xan Şuşinski sözügedən mahnının ilk 3 misrasında faktiki olaraq, Azərbaycan Demokratik Cümhuriyyətinin ən mühüm artributlarından birinin – bayrağın rənglərini gözəl bir qadın timsalında təsvir etmiş və “dərdindən ölməyə çoxdur gümanlı” deyərək müstəqil dövlətçiliyimizin nostalgiyasını dilə gətirmişdi. Zira mahnıda keçən “Şuşanın dağlarının başı dumanlı” ifadəsi ilə göy rəngə işarə olunmuş və bu rəng ikinci bənddəki “qırmızı qofta” və “yaşıl tuman”la birləşdirilərək milli dövlət bayrağımızın tam təsviri verilmişdir. Təqdirə layiqdir ki, Xan Şuşinki sovet represiyalarının at oynatdığı bir dövrdə öz inadkar mövqeyindən əl çəkməmiş, bacardığı qədər milli dövlətçiliyimizin simvollarını və ona duyulan özləmi qoruyub saxlamağa çalışmışdır.

***
Şuşanın dağlarının başı dumanlı olması və milli dövlətçiliyimizin bizə buraxdığı mirasa özləm 44 günlük müharibə zamanı da öz sözünü demişdir. Qarabağa səfərim zamanı görüşdüyüm bir keçmiş döyüşçünün bildirdiyinə görə, xüsusitəyinatlılarımızın Şuşa əməliyyatına başladığı 7 noyabr 2020-ci il tarixində də dağların qoynunda yuva salmış bu şəhərimizi duman bürüyübmüş. Məhz bu səbəbdən “Bayraktar TB-2” və digər dronlardan istifadə edə bilməyən əsgərlərimiz əlavə dəstək olmadan Şuşaya doğru irəliləmək məcburiyyətində qalmışlar. Sığındıqları yeganə vasitə isə Xan Şuşinskinin vəsf etdiyi duman olmuşdur. Nə yazıq ki, hərəkət istiqamətlərindən birində Şuşa qalasına yaxınlaşarkən duman birdən-birə çəkilmiş və əsgərlərimiz gözlə görünən hala gəlmişdir. Buna rəğmən, əməliyyatı dayandırmamış və Şuşa qalasını işğaldan azad edənə qədər döyüşmüşdülər. Fəqət itkilərimiz də az olmamışdır. Keçmiş döyüşçünün bildirdiyinə görə, Şuşa dağlarının bu cığallığı 100-lərlə əsgərimizin şəhadəti ilə nəticələnmişdir. Həmin qanlı döyüşlərin iştirakçısı və şahidinin mənə dediyi konkret rəqəm də vardı. Amma mən onun iddiasından çox, rəsmi rəqəmlərə istinad etmək istərdim. Şuşa döyüşlərində rəsmi məlumatlara görə, həqiqətən də 357 şəhid vermişik (Bu, elə yüzlərlə itki deməkdir). Şuşanın dağlarının cığallığı olmasaydı, yəqin ki, itkilərimiz xeyli az olardı.
Rəsmi məlumatlarda 44 günlük savaş zamanı ən çox itki verdiyimiz məkanların siyahısı belə sıralanır:
- Füzuli – 812 nəfər;
2. Suqovuşan – 644 nəfər;
3. Xocavənd – 412 nəfər;
4. Şuşa – 357 nəfər.
Göründüyü kimi, ən çox itki verdiyimiz ilk 3 bölgə işğal altındakı ərazilərimizlə sərhəddə, başqa sözlər desək, təmas xəttində yerləşirdi. Ermənilərin keçilməzliyinə inandıqları Ohanyan səddinin bir neçə qat istehkamlarla əhatələndiyini nəzərə alsaq, cəbhə xəttini yarmaq naminə bu itkiləri verməyimiz anlaşılandır. Əsgərlərimizin dünya hərb strategiyaları tarixinə düşən Şuşa qəhrəmanlığı zamanı verdiyi itkilər isə həm də Şuşanın dumanı ilə bağlıdır.

Qeyd edim ki, Müasir Müharibə İnstitutunun mütəxəssislərinin 44 günlük Vətən müharibəsindən bəhs edən məqaləsində də duman fakt öz əksini tapıb. Məqalədə deyilir:
“Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan müşahidə etmək qabiliyyətini, eləcə də hava zərbə qurğularından istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – “T-72” tanklarından və “BMP-2” piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.
Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya - yaxın məsafədən aparılırdı”.

Bir sözlə, Şuşa qalası fəth olunduqdan sonra Azərbaycan xüsusi təyinatlılarının dillərə dastan olan əlbəyaxa döyüşləri başlayəb və döyüşlər nəticəsində tankla, topla silahlanmış erməni qəsbkarları böyük itkilər verərək şəhəri tərk etmək məcburiyyətində qalıblar.
Ermənilərin Şuşa uğrunda döyüşlərdə itkiləri barədə müxtəlif rəqəmlər səsləndirilir. Ermənistan Baş naziri Nikol Paşinyan 16 oktyabr 2020-ci il tarixində parlamentdə etdiyi çıxışında bildirmişdi ki, son iki gündə Şuşadan çıxarılan erməni hərbçilərinin cəsədi 300-dən çoxdur: "300-dən çox cəsəd. Bu döyüşün miqyasını təsəvvür edirsinizmi?”.
Paşinyanın bu sözləri 2020-ci ilin 15-16 noyabr tarixini əhatə edir. Təbii ki, ondan əvvəl də, sonra da Şuşada öldürülən erməni əsgərlərinin meyitləri qarşı tərəfə təhvil verilib. Rusiya mənbələrinə inansaq, Şuşanın işğaldan azad olunmasından, dolayısıyla döyüşlərin dayandırılmasından sonra keçən bir həftə ərzində 2000-dən çox cəsət tapılaraq tərəflərə verilib. Şuşa uğrunda şəhid olan Azərbaycan əsgərinin sayının 357 nəfər (bu rəqəmin dəqiqliyinə şübhəm yoxdur. Çünki döyüşlərdə şəhid düşən əsgərlərimizin adlı siyahısı var və kiminsə yaxını gözdən yayınsaydı, mübahisələr indiyədək davam edərdi) olduğunu nəzərə alsaq, ermənilərin bu döyüşdə nə qədər böyük itki verdikləri ortaya çıxır.

Diqqətə şayandır ki, Azərbaycan əsgərləri Şuşa döyüşlərində nəinki ağır texnikalardan, hətta düz-əməlli yüngül silahlardan belə istifadə edə bilməyiblər. Çünki əllərindəki silahlarla Şuşa dağlarına çıxmaq imkan xaricində idi və igid oğullarımız bu səbəbdən də əlbəyaxa döyüşlərində istifadə edə biləcəkləri silahlara, əsasən də bıçaqlara bel bağlamalı olublar. Ermənilər isə, Müasir Müharibə İnstitutu mütəxəssislərinin qeyd etdiyi kimi, tanklarla, BMP-lərlə və digər ağır silahlarla bizim “əlibıçaqlı”ların qarşısını ala bilməyiblər.
Əlbəttə ki, bu qeyri-bərabər döyüşdə Azərbaycan ordusunun əsas silahı mənəvi gücü və Şuşaya qovuşmaq arzusu idi. Eynilə Xan Şuşinskinin rus imperiyasının represiyyalarından qorxmadan ifadə etdiyi kimi, “dərdindən ölməyə çoxdur gümanlı”. Bəli, bizim Şuşa fatehləri bu alınmaz qalanı silahla yox, şəhadət eşqi ilə azad ediblər. Onları zikr etmədən Şuşadan danışmaq insafsız olardı.
Heydər Oğuz,
Ovqat.com
Paylaş:



























