
Referendum keçirtməyə hazırlaşan kürd lideri Bərzani Kərkükdən sonra Naxçıvana iddialıdır.
A24.Az xəbər verir ki, kürdlərin rəsmi telekanalı olan “Rudav Tv”də yayımlanan “Kürdüstan” xəritəsində Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası Kürdüstan ərazisi kimi göstərilib.
Ovqat.com-un bildirdiyinə görə, Yaxın Şərqin 4 ölkəsi – İraq, Suriya, Türkiyə və İranın parçalanması üzərində qurulması planlaşdırılan “Böyük Kürdüstan” proyekti heç də yeni ortaya atılmış ssenari deyil. Bu proyekt ilk dəfə II Dünya Müharibəsindən sonra İsrail dövlətinin ortaya çıxmasıyla gündəmə gəlmiş, hətta İranda 1946-cı ildə ilk kürd dövləti-Mahabad qurulmuşdu. O dövrdə “milli-azadlıq hərəkatları”nın sovet-kommunist nəzəriyyələri üzərində qurulması istər-istəməz bu projelərdən SSRİ-nin daha çox yararlanma ehtimalını yaratdığından ABŞ və Böyük Britaniya bu ssenarilərdən vaz keçmiş, SSRİ ilə əldə edilən razılıq nəticəsində İranın ərazi bütövlüyünün qorunması qərarlaşdırılmışdır.
Daha sonra “Mahabad” lideri Molla Bərzani SSRİ-yə, ordan isə İraqa getmiş, Kürdüstan proyektinin İraq mərhələsinə start verilmişdi. SSRİ ilə yaxın münasibətlərdə olan Səddam Hüseyn ilk əvvəl bu proyektə laqeydlik göstərsə də, hakimiyyətini möhkəmlətdikcə, Kürdüstan idealıyla ayağa qalxan kürd üsyançılarını amansız şəkildə cəzalandırmışdır. 1988-ci ilin 16 mart tarixində törədilən Hələbcə qətliamında 5000-ə qədər kürd öldürülmüş, 7000-10000 arasında üsyançı yaralanmışdı.
SSRİ-nin dəfələrlə xəyanətiylə üzləşən Bərzani (Molla Bərzani Hələbcə qırğınından 10 il əvvəl ABŞ-da ölmüş, yerinə oğlu Məsud Bərzani seçilmişdi) tayfası bundan sonra tamamilə ABŞ-ın təsiri altına düşmüşdür.
Bərzanilər İsrail-ABŞ strateji ittifaqına könüldən bağlandıqdan sonra “Kürdüstan” proyekti də bütün gücüylə həyata keçirilməyə başlanmışdı. 1988-ci ildən etibarən SSRİ-nin də getdikcə zəifləməsi nəticəsində bu siyasətin qarşısında dayanacaq heç bir ciddi qüvvə qalmamışdır. ABŞ-ın İraqa ilk hücumu zamanı Şimali İraq üzərində Bağdada gətirilən uçuş yasağı kürd peşmərgələrinin rahatlıqla güclənməsinə və silahlanmasına şərait yaratmışdı. II İraq müharibəsindən sonra isə Səddam Hüseynin devrilməsiylə bölgədə xaotik vəziyyət meydana gəlmiş və “Kürdüstan” proyektinin həyata keçirilməsi önündəki bütün maneələr yox edilmişdir. Daha sonra Suriyada başlayan proseslər də bu istiqamətdə atılan addımın bir başqa mərhələsi olmuşdur.
Bir çox mütəxəssislərə görə, Kürdüstan proyektinin əsas məqsədi heç də kürdlərə dövlət qurmaq deyil. Cəsur xarakterli bu millətdən sadəcə sionist bir layihənin meydana gətirilməsi üçün istifadə olunur. Məqsəd isə yəhudilərin tarix boyu yeganə imperiyaları olan, Suleyman peyğəmbərin yaratdığı dövləti bərpa etmək və onun coğrafiyasına sahiblənməkdir. Bunun üçün isə Dəclə-Fərat sahilləri tamamilə insansızlaşdırılmalıdır.
Son 5 il ərzində Suriya və İraqda aparılan müharibələrin seyrinə nəzər salanda, həqiqətən də, bu iddiaların açıq inikaslarını görürük. Statistik məlumatlara görə, İraq işğalı zamanı 1 milyondan çox dinc vətəndaş öldürüldü. Min illərdən bəri bir yerdə yaşayan xalqlar bir-birinə düşmən edildi.
2011-ci ildən bəri daxili müharibələrə səhnə olan Suriyada isə indiyə qədər 700 mindən çox insanın öldürüldüyü bildirilir. 6 milyon Suriyalı başqa ölkələrə köçə məcbur edilib. 10 milyon vətəndaş isə ölkə içində başqa şəhərlərə köçürülüb. Nəzərə alsaq ki, Suriyanın cəmi 18-19 milyon əhalisi var, belə çıxır, öz yerində yaşayan suriyalı qalmayıb.
Suriya və İraqın insansızlaşdırılması üçün 2014-cü ildə dövriyyəyə buraxılmış İŞİD sionizmin ən güclü silahına və qəssabına çevrildi. İŞİD vasitəsilə təmizlənən bölgələr daha sonra ABŞ ordusunun köməkliyi ilə kürd yaraqlılarına təslim edildi. Bu siyasət nəticəsində ən böyük zərbəni isə Azərbaycan xalqının bir parçası olan türkmənlər gördü.
İraqın işğalından əvvəl Kərkükdə əhalinin sayı türkmənlər xeyrinə idi. 2014-cü ildə kənardan 600 min kürdün gətirilməsiylə bu demoqrafik vəziyyət dəyişildi. İŞİD işğalından əvvəl 2,5 milyon sakinin yaşadığı qədim türk şəhəri Mosulda əhalinin sayı hazırda 100 mindən də aşağı düşüb. Aralarında türkmənlər isə yox sayılacaq qədərdir. 550 min nəfərlik türkmən şəhəri Telafərdə hazırda 15 min insanın qaldığı güman olunur.
Ərəblər də az zərər görməyib. Suriyanın 850 minlik Raqqa şəhəri işğaldan sonra 30 minə, 600 minlik Deyrizor isə 65 minə düşüb. Suriyanin şimalındakı Haseke, Eyn-ül ərəb, Tel Abyad da eyni aqibəti yaşayıb.
Maraqlıdır ki, bu zamana qədər yayınlanan Kürdüstan xəritələrində də əsasən Azərbaycan türklərinin əraziləri plana salınıb. Urmiyə, Təbriz kimi Cənubi Azərbaycan şəhərləri kürd yurdları kimi göstərilib. Son zamanlar Naxçıvanın da həmin xəritələrə salınması Azərbaycan hakimiyyətini ciddi tədbirlər görməyə və məsələni araşdırmağa vadar etməlidir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: