Xəbər lenti

 

Azərbaycan Prezidentinə ünvanlanan bəzi məktubların bir nüsxəsi Ovqat.com-a da göndərilir. Demək olar ki, hər gün bir neçə belə məktub alırıq. Vətəndaşlar onların problemlərini işıqlandırmağımızı xahiş edir, dərdlərinin, şikayətlərinin bu yolla ünvanına çatacağına ümid bəsləyirlər.

Yenicə açılmış sayt olmağımıza baxmayaraq, dərdlilərin ümid yerinə çevrilməyimiz bizi qürurlandırsa da, məktubların hamısının dərcinə zaman tapa bilməməyimiz üzüntüsünü də yaşayırıq. Bu acizliyimizə görə, dərdlərini işıqlandırmağa zaman tapa bilmədiyimiz vətəndaşlardan üzr istəyirik.

E-mail ünvanımıza göndərilən Prezidentə açıq məktublar arasında elələri var ki, oxuduqca adamın bu millətə yazığı gəlir. Təsəvvür edin, ən sadə sosial-məişət problemlərinin həlli üçün ölkə başçısına müraciət edənlərin sayı xeyli qabarıqdır. Vətəndaşlar yerlərdə qarşılaşdıqları ədalətsizlikdən şikayət edəcəkləri başqa ünvan görmədiklərindən, məcburən, ölkə başçısına üz tutmalı olurlar. Halbuki, onların böyük əksəriyyəti kiçik məmurların öz vəzifə borclarını yerinə yetirməsiylə də həll edilə bilər. Amma görünən budur ki, kiçik bir polis işçisi, JEK müdiri hansısa səbəbdən vətəndaşın problemlərinə laqeyd yanaşdığından, yük Prezident Administrasiyasının çiyinlərinə düşür, onların daha ali məqsədlər üçün çalışmalara sərf edəcəkləri zamanı alır.

Ovqat.com-a ünvanlanmış belə məktublardan biri də bir diş həkiminin başına gələnlərdən bəhs edir. Binəqədi rayonunda Motodrom adlanan yeni massivdə yaşayan Məhərrəmov Elman Mirzəağa oğlunun Azərbaycan Respublikaısnın prezidenti, cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər Naziri,general-polkovnik Ramil Usubova, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə ünvanladığı şikayət məktubunda nədən bəhs edilsə, yaxşıdır? – keramika aparatının oğurlanmasından.

Şikayətçi yazır: “07.07.2017-ci il tarixində işlədiyim Yəhya Hüseynov küçəsi 33 ünvanında mənə məxsus "Keramika Zubler 300" aparatı məlum şəxslər tərəfindən oğurlanıb. Oğurluqla bağlı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 6 saylı polis bölməsinə şübhəli şəxslərlə bağlı yazılı müraciət etsəm də, oğrular barəsində heç bir tədbir görülməyib”.

Elman Məhərrəmovun yazdığına görə, oğurluq edən şəxslərin öz aralarında apardıqları söhbətin  səs yazılarını da 6 saylı polis bölməsinə təqdim edib. Buna baxmayaraq polis bölməsi öz vəzifəsini yerinə yetirməyib.

Məktubdan o da anlaşılır ki, Biləcəri qəsəbəsində fəaliyyət göstərən bu oğru qruplaşması təkcə həmin diş həkiminə də zərər vurmayıb: “Onlar qəsəbənin bir çox sakinlərinin əmlakını rahatlıqla oğurlayır və bu əməllərinə görə məsuliyyətə cəlb olunmurlar”.

Bildirildiyinə görə, şikayətçinin tabeçiliyində xəstə valideyinləri və iki azyaşlı uşağı var. Ailənin yeganə qazanc yeri isə onun özüdür: “Mənim başıma gələn hadisəyə görə ailəmə çörək pulu qazana bilmirəm. Xeyli borclarım yaranıb. Üz tutmadığım, döymədiyim qapı qalmayıb.

Bu məktub vasitəsiyə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə müraciət edir, onlardan kömək istəyirəm.

Xahiş edirəm ki, məxsus olan və oğurlanan "Zubler 300 Keramika" aparatın tapılıb qaytarılmasına köməklik göstərəsiniz”.




Ana səhifəyə qayıt        Baxış: 714          Tarix: 19-10-2017, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma