Xəbər lenti

 

“1996-cı ildə aparılan torpaq islahatı zamanı İsgəndərov ailəsinə düşən pay torpaqını 2008-ci ildə mənə satıblar. Bu haqda Dövlət Reyestr xidmətindən və Natariusdan qanuni sənəd də almışam. Lakin mənim aldığım 1.56 ha torpaq sahəsi və İsgəndərov Ağaşirinin pay torpağı zəbt olunub”.

Bu sözlər Saatlı rayon Qıraqlı kənd sakiniləri Kərəmov Nəsirəddin və İsgəndərov Ağaşirin tərəfindən redaksiyamıza göndərilən məktubdandır.

Məktubda daha sonra qeyd olunur:

“Bizə məxsus torpaq sahəsinin koordinatlarının təyin edilməsi və yerin müəyyənləşdirilməsi üçün 07.01.2017-ci ildə yazılı şəkildə Daşınmaz Əmlak Kadastırı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 13 saylı “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat İdarəsinin müdiri cənab A.Mirzəliyevə müraciət etsək də, bu günə kimi heç bir nəticəsi hasil olmamışdır. Dəfələrlə cənab A.Mirzəliyevə zəng edib məktubumuza cavab verməsini xahiş etsək də, o, cavab verməkdən yayınır".

Şikayətçilərin bildirdiyinə görə, məsələylə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə də müraciət ediblər. Lakin artıq 2 aydan çoxdur ki, gözlərini yola tikib məktuba cavab gələcəyini gözləyirlər. Məktub isə gəlmək bilmir.

Bəs, görəsən, qanunvericiliyə görə, vətəndaşlar neçə günə öz məktublarına cavab almalıydılar?

Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası Qanununda bu barədə deyilir:

 

“Maddə 10. Müraciətə baxılma müddəti

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi

və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır”.

 

Vətəndaşlar da Konstitusiya ilə təsbit edilmiş bu hüquqlarının pozulmasıyla razılaşmaq fikrində deyillər. Bu narazılıq məktubda öz əksini bu cür tapır:

 

       “ Hörmətli Redaksiya!

05 iyun 2017-ci ildə Konistutsiyanın 57-ci maddəsində və Vətəndaşların müraciətinə baxılması haqqında Azərbaycan Respublikası Qanununda təsbit olunmuş hüquqlarımızın Azər Mirzəyev tərəfindən pozulması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova müraciət etdik. 10 iyun 2017-ci ildə bizə xəbərnamə ilə məlumat verildi ki, məktubumuz 08 iyun 2017-ci ildə cənab Kərəm Həsənova çatdırılmışdır. Lakin üzərindən 2 (iki) aydan çox zaman keçməsinə baxmayaraq,  bu günə kimi bizim məktubumuza cavab verilməyib”.

Şikayətçilər saytımız vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova da müraciət etməyi  unutmayıblar:

   “Hörmətli Kərəm Müəllim!

Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyev dəfələrlə deyib ki, dövlət məmurları xalqın xidmətçisi olmalıdır. Siz cənab Prezidentin göstərişini belə yerinə yetirirsiniz? Bu, Prezidentə qarşı sayğısızlıqdır. Xahiş edirik, vəzifənizi layiqincə yerinə yetirəsiniz”.

 

Hörmətlə

N.Kərəmov

A.İsgəndərov

 




Ana səhifəyə qayıt        Baxış: 1 241          Tarix: 24-08-2017, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma