Xəbər lenti

 Laçın rayonundan məcburi köçkün Elxan Qəhrəmanov hələ də məcburi köçkünlər üçün yaradılmış şəraitdən istifadə edə bilmir.

Ovqat.com xəbər verir ki, o, müəyyən səbəblər üzündən 3 dəfə ağır xəsarət alıb. Hazırda dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və I qrup əlildir.

Əvvəllər Binəqədi rayonunda yol idarəsinin 5 mərtəbəli inzibati binasında yaşayıb. Lakin dördüncü mərtəbəyə qalxıb-düşə bilməyən Elxan Qəhrəmanovun yaşayış vəziyyəti çətinləşdiyi üçün 2008-ci ildə ailəsi ilə birgə qohumunun evinə sığınıb.

Həmin ev 1896-cı ildə Nobel qardaşları tərəfindən at tövləsi kimi inşa edilmişdir. O vaxtdan tikilidə heç bir təmir-bərpa işləri aparılmayıb.

Elxan Qəhrəmanov bildirir ki, noyabrın 15-i gündüz saat 15 radələrində evin bir hissəsinin tavanı uçub tökülüb: “Çökməyə səbəb tavandakı taxtaların çürüyüb tamamilə yararsız hala düşməsidir. Evin tavanının qalan hissəsinin də uçmaq təhlükəsi var. Gecələr qorxu içindəyik.  Hadisə ilə bağlı  müvafiq qurumlara müraciət etdik. “Qaçqınkom”un Sabunçu rayon üzrə şöbəsinə, Sabunçu Rayon İcra Hakimiyyətinə də məlumat vermişik. Hadisədən bir gün sonra MİS-dən mühəndis gəlib baxıb, evin şəklini çəkib apardı. Amma dedi ki, büdcəmizdə kömək üçün vəsait yoxdur. Olsa, kömək edərik.

İki övladım var, biri 14, o biri isə 12 yaşındadır. Yağış-qar yağanda sel-su evin içindədir. Bütün pəncərələrdən, tavandan içəri yağış dolur.  Evin təkcə tavanı yox, ev özü qəzalı vəziyyətdədir. Ümumiyyətlə evin üstünə qalxıb təmir aparmaq təhlükəlidir, 121 il bundan əvvəl tikilmiş evin konstruksiyaları ağırlığa tab gətirmir. Vəziyyətimlə bağlı I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib, məktub yazmışam. Məktubun ünvanına çatması ilə bağlı bildiriş də almışam.

 Bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Heydər Əliyev Fonduna da müraciət etmişəm. Onlardan da məktubun çatması ilə bağlı bildirişlər almışam. İstəyirəm ki, mənim də vəziyyətimi və səhhətimi nəzərə alaraq mənzil şəraitim yaxşılaşsın. Ailəmlə köməksiz vəziyyətdə qalmışam.

Özümün əlil kimi kənar şəxsin yardım və qulluğuna ehtiyacım var. Belə qaranlıq-rütubətli, hər tərəfi demək olar, açıq evdə ailəmizin digər üzvlərinin də səhhətində problemlər yaranıb. Hamımız revmatizmdən əziyyət çəkirik.

Qabaqdan qış gəlir. O cür şəraitdə yaşamaq mümkünsüzdü. Övladlarım məktəblidir. Onlar üçün elə evdə yaşayıb təhsil almaq olduqca çətindir. Ümid edirəm səsimə səs verən olacaq”.

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 17-11-2017, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma