Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 1991-ci ilin avqust ayında Azərbaycan Xalq Cəbhəsinin qərargahına təşkil edilmiş basqından yazıb. Həmin yazını təqdim edirik:
“…QKÇP haqqında Yardımlıda eşitdim. Yenicə getmişdim… Yarım saat sonra artıq maşını Yardımlı-Masallı arasındakı dolama yollarda uçurdurdum. Radionun ziddiyyətli məlumatlarından bir şey anlamaq çətindi.
Amma hər nə isə ittihamlar ağırdı, Qorbaçovdan zəhləm getsə də, ona qarşı çıxışlarda, açıq-aşkar, köhnə rejimin bərpasından başqa bir niyyətin olmadığı göz qabağındaydı.
Özümü cəbhənin İdarə Heyətinin iclasına çatdırdım və sabahkı gün nə ola biləcəyini nəzərə almadan QKÇP-ni pisləyən bəyanatı qəbul edib yaydıq. Ayaz Mütəllibovun İrandan QKÇP-ni dəstəkləməsi sonrakı hadisələri sürətləndirdi…
Qarışıqlığı eşidən İbrahim Bozyel də Türkiyədən özünü yetirmişdi: “Vəziyyət dəyişilər, yollar bağlanar, bir də görüşə bilmərik, deyə qorxdum! Nələr baş verir?”
Sabaha kimi yuxumuz qaçmış, ola biləcək bütün variantları götür-qoy eləmişdik.
Ayın 23-də o vaxt Təbriz prospektindən Sovetskiyə, indiki Nərimanov prospektinə, Məktəbəqədər Texnikumun binasına köçürülmüş Xalq Cəbhəsində İdarə Heyətinin yığıncağı keçirilməliydi. QKÇP-dən sonra hakimiyyət öz səhvlərindən daha da qəzəblənmişdi və bizim düzgün mövqelərimizi ardıcıl dünyaya bəyan eləməyimiz bəzilərini quduzlaşdırırdı.
Köhnə Sovetski hamamının yanından irəli keçmək mümkün deyildi… Cəbhənin ətrafı adamla doluydu. Amma binanın qapı-pəncərələri bağlıydı, heç kim ora yaxın düşmürdü.
İrəli keçəndə kimsə qolumdan yapışdı:
– Sabir bəy, getməyin, polis xəbərdarlıq edib, indicə qaz buraxacaqlar içəri…
İbrahim Bozyeli ətrafdakılara tapşırdım.
– Siz İbrahim bəydən muğayat olun. Mən getməliyəm.
Qapını döydüm. Səs gəlmədi, sonra pəncərədən kimsə gördü.
– Polis deyil, Sabir bəydi, açın!
Qapını çətinliklə açdılar. Köhnə məktəbin nə qədər idman döşəyi, ayaqaltı xalçaları vardısa, qapının arxasına yığmışdılar. İkinci qatda İdarə Heyətinin üzvləri binadan çıxmamaq qərarını verib, səngərdə düşmən hücumunu gözləyən adamlar kimi oturmuşdular.
Biri “gərək gəlməyəydin, onsuz da indi boşaldacaqlar buranı”, başqası, “yaxşı ki gəlib, tanıyırlar, deputatdır, bəlkə ona görə bizə də dəymədilər”, – dedi.
Bir azdan “əməliyyat” başlandı. Sanki düşmən istehkamına cumurdular. Qışqırıq, hay-küy… Müxtəlif istiqamətlərdən buraxılan qaz birinci mərtəbəni duman kimi doldurub ikinci mərtəbəyə qalxırdı.
Qapını təpikləyib içəri cumdular.
– Durun, rədd olun burdan!
Mən çımxırdım.
– Tərbiyəli danışın!
Ən çətin anlarda və ən sərt tapşırıq alanda da məni görən kimi əli boşalan milisin üzü buz kimi soyuqdu bu gün.
– Siz də çıxın!
Uşaqları döyə-döyə, sürüyə-sürüyə qaz-dumanın içindən dartıb aparırdılar. Əbülfəz bəy, İsa, mən axıra qalmışdıq. Bizə toxunacaqlarına inanmırdım.
Qaz iyindən nəfəs almaq olmayan qaranlıq dəhlizdə milislər və mülki geyimli adamlar sıralanıb bizə yol açmışdılar. Pillələrlə enib, onların arasına girəndə gözüm Əbülfəz bəyə sataşdı, qarnından vururdular, ağrıdan bükülmüşdü və qollarından tutub irəli dartırdılar. Sonra bizim uşaqlardan bir dəstə ora cumdu və onu arxa qapıdan həyətə çıxartdılar.
Elə həmin an başıma ağır bir zərbə dəydi, qan gözümə töküldü, boynumdan süzülüb sinəmi, kürəyimi yandırdı. Arxadan vurmuşdular. Qaranlıqda irəlini seçə bilmədim. Geri çevrilmək imkanım da yoxdu. Gözüm qaraldı, dünya başıma fırlandı… Huşumu itirirdim… Birdən-birə içimdən bir səs pıçıldadı: “Amandı, yıxılma, bunların qabağında yıxılma!” İradəmi, son gücümü toplayıb dikəldim.
Qapıdan düşən işıq zolağını tutub, birtəhər irəlilədim, qapıya çataçatda Firudin Ağasıoğlu çöldən cumub girdi qoluma, üzümüz qaz dumanından seçiləndə milislərdən kimsə məni tanıdı: – Ay namərd uşağı! Bu ki Sabir bəydir! Kimin əli qalxdı buna? Hansı alçağın?
Biri vururdu, biri belə deyirdi milisin! Küçəyə enən pilləkənin ayağında kimsə qabağımı kəsib, “Sən hələ ölməmisən?” – deyə, qanlı üzümə bir yumruq da ilişdirdi. Mənim dalımca onu da itələdilər avtobusa. Əvvəlcə qışqır-bağırla başladı ki, “Siz rayonluların əlindən boğaza yığılmışıq”. Milis işçilərinin biri amana bəndmiş, boğazladı onu: “Alçaq, hansı haqla rayonlu-şəhərli söhbəti salırsan? Millət vəkilinə əl qaldırmısan, cavab verəcəksən”. Yenə valı dəyişdi, cibindən vəsiqə çıxartdı, “mən də deputatam”, – dedi. Bəlli oldu ki, Zığ qəsəbə sovetinin deputatı Mustafadır. Bu, hələ avtobusda olanlardır. Sonra milisin arasına nə qədər öyrədilmiş mülki geyimli adamlar qatıldığını öyrənəcəkdim. “Əbülfəzlə Sabiri ölümlərinə vurun” tapşırığını alıbmışlar.
Oktyabr (indiki Yasamal) Milis İdarəsində Mustafa yeni bir cildə girdi, bu dəfə mənə yalvarmağa başladı ki, qələt eləmişəm, səhv eləmişəm, sən şikayətçi olmasan, məni saxlamazlar.
Onu onsuz da saxlamadılar, lakin mən də uzun müddət bağışlamadım. Cəbhə hakimiyyətə gələndən sonra Bakı Prokurorluğunda haqqında iş açıldı. Bu dəfə Zirə ağsaqqalları işə qoşuldu, gedib Pirallahıda yaşayan, arvadı Zirədən olan qohumum Əliağa kişini tapdılar, o da ağsaqqal, hörmətli kişiydi, dəfələrlə yanıma gəlib getdilər. Axırda Quran gətirdilər, keçə bilmədim, Mustafanı qurban elədim Qurana və ağsaqqallara…
Məndən başqa bir neçə deputat da gətirilmişdi milisə. Başımın bərk yarıldığını görüb təcili apardılar “Semaşko” xəstəxanasına, yaraya altı tikiş qoyan həkim, Mütəllibovdan tutmuş milislərə qədər, hamısını söyə-söyə “bəxtiniz çəkib, – dedi, – zopa sümüyün ən bərk yerinə dəyib, bir az aşağı-yuxarı olsa, ya sağ qalmazdınız, ya da şikəst olardınız”. Başımda o zərbənin nəticəsi olan qansızma, qan ləkəsi uzun müddət çəkilmədi.
Milisin ilk məqsədi deputatlardan “xilas” olmaqdı. Nə böyük səhv elədiklərini indi başa düşürdülər, amma bizim hər şeyi dəqiq sənədləşdirmədən getmək fikrimiz yox idi.
Əllidən çox cəbhəçi qan içində, paltarı cırıq, döyülüb əldən düşmüş, amma bu vəziyyətlərində də nikbin, deyib gülən vəziyyətdə salona doldurulmuşdu. Vəziyətimin ağırlığını görür, dilə tutub evə göndərmək istəyirdilər. Polis rəisinə dediyimi onlara da təkrarladım: “Bütün uşaqlar buraxılmayana qədər burdan gedən deyiləm”.
Sonra rəisin otağında İsayla mənə çay verib dilə tutmaq istəyəndə İsa da eyni sözü dedi və ifadəni də bu cür, tələbkar, sərt, hadisənin araşdırılmasını tələb edən deputat mövqeyindən yazdıq.
Milisin ətrafı adamla doluydu. İbrahim Bozyel də hardansa Elxanı tapıb bərabər gəlmişdilər. Evdən uşaqlarım köynək gətirmişdi. “Heç olmazsa köynəyini dəyiş”. Bu qanlı əşyayi-dəlili bütün tutulanlar buraxılmayana qədər əynimdən çıxarmadım.
Bir neçə gəncin, yaddaşım aldatmırsa, Qabilin, Oqtayın əynində köynək də yoxdu. Kürəklərindəki çalın-çarpaz zopa yerləri yanıq yeri kimi qızarırdı. Bu həngamənin içində gözəlim ilham pərisi də əl çəkmirdi: “Uc-uca calansa zopa yerləri, tən gələr azadlıq yollarımıza…”
Gecə saat dördlə beşin arası bütün tutulanlar buraxılandan sonra milisdən çıxdıq.
O gecə Əbülfəz bəyi də başından yaralamışdılar. Onun da yarasını təcili yardımda eyni həkim tikmişdi, evdə yatırdı. Əziyyət verirdi, bəlkə də böyrəkləri, içi əzilmişdi. Arada vaxt tapıb baş çəkdim, sarıqlı başlarımızla yarım saat baş-başa dərdləşdik.
Ayın iyirmi beşində yanına gedənlərə demişdi: “Gedin Sabir bəylə danışın, İsayla razılaşıb girsinlər Azadlıq meydanına!”
Onsuz da vəhşicəsinə dağıdılmış Cəbhənin ətrafında mitinqlərin arası kəsilmirdi.
Avqustun 26-da toplaşan camaata Azadlıq meydanına girəcəyimizi bəyan etdik və günorta saat 3-də meydana çəpər çəkmiş maşınların, avtobusların üstündən aşıb “Azadlığ”ı doldurduq. Bir il səkkiz aylıq fövqəladə vəziyyətə son qoyuldu. Komendant saatı mənasını itirdi. Bir il səkkiz aylıq sükutdan, süqutdan, döyülmək və alçaldılmadan sonra hərəkatın yeni mərhələsi başlandı. Ali Sovetdəki Demblok birdən-birə yüzlərlə deputatın həsədlə və ehtiyatla baxdığı gücə çevrildi…
Meydana o qayıdışda yad əldə əsir olan bir yurd qalasının geri qaytarılmasına bənzər bir sevinc vardı. Tribunaya ilk çıxan İsayla məndim və camaatın gözünün qabağında uşaq kimi atılıb düşə-düşə qışqırırdıq: “Qayıtdıq! Qayıtdıq!”
QKÇP-yə münasibətdə aldandığını biləndən sonra Mütəllibovun Moskvadan uzaqlaşmaqdan başqa yolu qalmamışdı. Onsuz da başqa yolla xalqın təzyiqinin qarşısını ala bilməzdi.
Avqustun 30-da Ali Sovet Müstəqillik bəyannaməsini qəbul etdi. Amma bu addım məhz siyasi oyunlarla bağlı olduğuna görə tarixə çevrilə bilmədi… //Axar.az
Paylaş: