Xəbər lenti

 

Jurnalist Taleh Şahsuvarlının “Sosial şəbəkənin məşhurlaşdırdığı Aslan İsmayılov” sərlövhəli yazısının 3-cü və 4-cü hissəsi

 Taleh Şahsuvarlı

(Əvvəlı: http://ovqat.com/manset/14420-aslan-smaylov-bir-budaqda-oturub-min-budaq-silklyn-don-kixot.html

http://ovqat.com/manset2/14330-pinin-ustun-odun-srilmyn-adam.html)

III HİSSƏ

 

2016-cı ilin sentyabrında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev APA agentliyinə və “Yeni Müsavat” qəzetinə silsilə müsahibələr vermişdi. Yadımdadır, “Yeni Müsavat”ın və qəzetin elektron versiyasında üç gün boyunca yayınlanmış intervyüdə Qüdrət Həsənquliyev intelektual və peşəkar bir siyasətçi kimi sanballı mövqe sərgiləmiş, hətta BAXCP sədrinin ənənəvi tənqidçiləri də müsahibin yüksək səviyyəsini etiraf etməli olmuşdular. Həmin müsahibələrində BAXCP lideri Azərbaycanda “Putinin dostu” kimi məşhur olan hüquqşünas, iş adamı İlham Rəhimova Rüstəm İbrahimbəyovun missiyasının həvalə edildiyini vurğulayırdı. Bu durumdan özünə görəv çıxaran və ya bu durumda Qüdrət Həsənquliyevə cavab vermək üçün görəvləndirilən Aslan İsmayılov isə İlham Rəhimova sırf siyasi etiket qaydaları çərçivəsində ünvanlanan ittihamlara təhqiramiz bir formada reaksiya vermişdi. Heç şübhəsiz, onun etika sərhədlərini kobud şəkildə aşması BAXCP üzvlərinin hiddətinə səbəb oldu, partiyanın funksioneri Niyaməddin Orduxanlı Aslan İsmayılova öz üslubunda cavab verdi. “Üslub toqquşması” hakim önündə də dartışıldı və kütləvi informasiya vasitələrində yer alan xəbərə görə, prosesdə BAXCP funksioneri Aslan İsmayılova belə bir sual verib: “Qüdrət Həsənquliyev mənim liderimdir və mən öz liderimi müdafiə edirəm. Bunu özümə mənəvi və siyasi borc bilirəm. Sən kimi və niyə müdafiə edirsən?”.

 

Aralarında bu sətirlərin müəllifi də olmaqla Qüdrət Həsənquliyevə simpatiyası olan qələm sahibləri isə sırf öz imzalarına hörmətdən dolayı Aslan İsmayılova kimliyini maksimum nəzakətli bir şəkildə xatırlatmışdılar. “Elçi” qəzetinin Baş redaktoru Əli Həziquliyevin və “Xalq Cəbhəsi” qəzetinin Baş yazarı Elçin Mirzəbəylinin məqalələrini Aslan İsmayılov, yumşaq desək, qabaqdangəlmişlik edib məhkəməyə daşımışdı. Bu səpkidən olan yazıların birində Elçin Mirzəbəyli Aslan İsmayılovun İlham Rəhimova “ayı xidməti” göstərdiyini qeyd edirdi: “Aslan İsmayılovun “ayı xidməti” sonuncu müsahibəsində daha qabarıq şəkildə nəzərə çarpır. Beləliklə, Aslan İsmayılov deyir: “Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik…”.

 

Zənnimcə, şərhə ehtiyac yoxdur. İqtibas gətirdiyim bir neçə cümlə Aslan İsmayılovun bütün mənəvi keyfiyyətlərini, leksikonundakı ifadələri, müqayisə etmək, arqumentləşdirmək “bacarığını” ortaya qoyur. Mənə görə, bir azərbaycanlı, yaxud azərbaycanlılar haqqında fikri əsaslandırmaq üçün nəinki əxlaqsız erməni qadınının, hətta erməni aliminin nümunə gətirilməsi, müqayisəyə yol verilməsi qədər aşağılayıcı yanaşma ola bilməz”.

 

Bütün bunlar professor İlham Rəhimov tərəfindən də görülməyə və fərq edilməyə bilməzdi. Odur ki, İlham Rəhimov Aslan İsmayılovun təklif etdiyi xidmətdən imtina etdi və onun bu mövqeyi Qüdrət Həsənquliyev açısından da münasib sayılan adamlar tərəfindən çevik bir şəkildə həm BAXCP rəhbərliyinə çatdırıldı, həm də kütləvi informasiya vasitələrinə sızdırıldı. Aslan İsmayılov öncə məzlum və məğdur, amma hər zamankı kimi “prinsipial” bir görkəm alaraq İlham Rəhimova onu “tək qoyduğu üçün” sitəm etdi, ardınca az əvvəl öydüyü və Azərbaycanda təyin edilməsi gözlənilən vitse-prezidentlərdən biri kimi görmək istədiyi şəxsi toplum içində aşağıladı:

“Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!”

 

Aslan İsmayılov “Bakupost” xəbər portalına verdiyi müsahibədə özünü İlham Rəhimovdan qat-qat üstün şəxsiyyət saydığını elan etdi və bu bəyanat Anadolu türklərinin “şeytan detaylarda gizlidir” deyiminə uyğun olaraq deduktiv bir sual ortaya çıxardı: əgər Aslan İsmayılov özündən qat-qat aşağı saydığı İlham Rəhimovu vitse-prezident postunda görürsə, özünü hansı məqama layiq bilir? Aslan İsmayılovun iqtidardan umduğu vəzifə adlarını və mandat şəkillərini qatlayıb palazın altına qoymuş kimi görsəndiyini və qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alanda onun iqtidarın və müxalifətin bütün cinahlarına etdiyi həmlələrin motivasiyasını anlamaq çətinlik törətmir. Üstəlik, bu günlərdə “Obyektiv TV”adlı internet kanalına çıxan Aslan İsmayılov “seçmək və seçilmək haqqından” da hər zaman olduğu kimi qeyri-ciddi bir şəkildə söz etdi. Bəli, onun siyasi iddialarının olmaması haqqında dedikləri son dərəcə qeyri-ciddidir. Hər halda 1995-ci ildən bəri ölkədə keçirilən bütün parlament seçkilərində iştirak etmiş bir adamın heç bir siyasi iddiasının olmadığını bəyan etməsi, necə deyərlər bişmiş toyuğu da güldürəcək qədər qeyri-ciddi söhbətdir. Əlbəttə, əgər Aslan İsmayılov prosedurlardan keçə bilərsə, növbəti səsvermədə uzaqbaşı Müasir Müsavat Partiyasının sədrinə rəqib olacaq. Görünür, sabiq Baş nazir Pənah Hüseynin təbirincə desək, “elə-belə adam olmayan” Hafiz Hacıyevin gözünü nə elə, nə də belə cəmiyyətə faydalı adam olmağı bacarmamış Aslan İsmayılovun teledebatlara qədər qırmaq taktikası da məhz bu ehtimalı önləməyə hesablanıb. Əks halda, Hafiz Hacıyevlə məhkəmələrdə çəkişmək siyasi anormallıq sayıla bilər. Hərçənd Aslan İsmayılov mətbuata verdiyi bir açıqlamada vaxtilə tələbə yoldaşlarının onun davranışlarında anormallıq müşahidə etdiklərini də gizlətməyib.

Psixiatrlar insanda özünütənqid hissinin itməsini şizofreniyanın bariz əlaməti hesab edirlər və sovet sisteminin dağılması ilə aqoniya yaşamış cəmiyyətlərdə şizofreniyadan əziyyət çəkən fərdlərin özlərini prezident postunda görməsi faktlarına sıx-sıx rastlaşılır. Bu barədə psixiatrlar təhlil aparsa və danışsa yaxşı olar, mən isə Azərbaycanda seçki texnologiyaları üzrə ilk elmi monoqrafiyalardan birinin müəllifi olaraq qısaca Aslan İsmayılov tipli bir potensial deviant namizədin marafona necə hazırlaşmasından bəhs etmək istəyirəm. 1992-ci ildə Azərbaycan lap yenicə müstəqillik qazanmış, may ayının birinci yarısında AXC faktiki olaraq hakimiyyəti ələ almışdı. Ayaz Mütəllibovun hakimiyyətə çevrilişlə qayıdış xəyalı suya düşmüş, keçmiş kommunistlər Yaqub Məmmədovun ətrafında təmərküzləşə bilməmişdilər. Əsas kütləvi siyasi təşkilatlar AXC, AMİP və YAP idi. Kampaniyanın gedişində Nizami Süleymanov arxasında heç bir real təşkilati dəstək olmadığı halda öz populist çıxışları ilə anidən reytinq qazandı, hətta bəzi məntəqələrdə Əbülfəz Elçibəyi qabaqlayan nəticələr əldə etdi. Nizami Süleymanov, əlbəttə, sıradan bir spekulyator deyildi və onun seçki strategiyası Azərbaycandan şimalda hazırlanmışdı. Başqa sözlə, yaddımızdan çıxarmalı deyilik ki, Rusiyanın Azərbaycanda populist namizəd ortaya atmaqla hakimiyyət uğrunda mübarizənin faktiki subyektlərinə və xüsusən də iqtidardakı qüvvəyə təzyiq etmək təcrübəsi var. Doğrudur, kontr-arqument gətirilə bilər ki, indi Azərbaycan bir dövlət kimi oturuşmuş vəziyyətdədir, siyasi sistem populistlərə meydan verməyəcək qədər möhkəmlənib, nəinki hakim partiyanın, hətta ənənəvi müxalifət təşkilatlarının təcrübəsi siyasi diletantları vaxtında zərərsizləşdirməyə yetir. Lakin unutmayaq ki, söhbət hətta ABŞ kimi supergücün seçki prosesinə öz trolları ilə müdaxilə etməyi bacarmış Rusiyadan gedir. Elə həmin Rusiyanın xüsusən kəşfiyyat qurumlarına yaxın olan siyasi texnoloqları “Ctrl C” və “Ctrl V” düymələri ilə işləməyi çox sevməklə yanaşı, bəzən də Vladimir Putinə qarşı Qərbdə hazırlanan ssenariləri özününküləşdirərək keçmiş sovet respublikalarında tətbiq edirlər. Hazırda Rusiyada, Belarusda və digər post-sovet ölkələrində siyasi analitiklərin istifadə etmədən proseslərə tam aydınlıq gətirə bilməyəcəyi bir termin var: “Sistemdənkənar müxalifət”.

Azərbaycanda sistemdənkənar müxalifət 2013-cü ilin prezident seçkilərində ənənəvi müxalifətlə güclərini birləşdirmək yönündə təsirli bir addım atdı və Rüstəm İbrahimbəyov təkcə Ziyalılar Forumunun yox, AXCP və Müsavatın da prezidentliyə namizədi oldu. Çox keçmədən həmin partiyanın simpatizanları təkcə İbrahimbəyovun siyasi avantürist olmasını fərq etmədilər, eləcə də Müsavat Partiyasının başqanı İsa Qəmbərin elan etdiyi “qırmızı cizgilər”in ötəsində var-gəl etdiyini müəyyənləşdirdilər. Qeyri-sistemli müxalifətin bir qismi- Almaniyaya sığınmış Hüseyn Abdullayev artıq prezidentliyə namizədliyini elan edib. Odur ki, biz həm 2013-cü ilin, həm də 2018-ci ilin prezident seçkiləri üçün qeyri-sistemli müxalifətin addımlarından, xüsusən də Rusiyanın bu faktordan necə yararlana biləcəyindən açıq danışmaya bilmərik. Doğrudanmı Rusiya kimi Azərbaycanda və ümumən bölgədə xüsusi maraqları olan bir dövlət bizim cəmiyyətimizin bəzi seqmentlərinə xitab etməyə çalışmır və seçki kimi ciddi siyasi kampaniyalarda belə cəhdlər göstərməyəcək, ictimai rəylə oynamaq üçün yeni manipulyatorlar hərəkətə keçirməyəcək, daha dəqiqi keçirməyib? Axı Orteqa Qasseti Rusiyada çox və çoxdan oxuyublar və onun müəllifi olduğu “adamların bir çoxunun rəyi yoxdur və onlara rəy vermək lazımdır” cümləsindən rus siyasi texnoloqlar yaxşı agahdır?!

“Sistemdənkənar müxalifət” deyəndə o nəzərdə tutulur ki, bu qəbildən olan narazılar leqal siyasi partiya halında təşkilatlanmır, rəsmi qeydiyyatdan keçərək siyasi sistemin parçasına çevrilmirlər. Hərçənd parlamentdən kənarda qalan marginal siyasi partiyalar, yaxud siyasi sistemin parçası olan təşkilatlardan dışlanmış fərdlər də “sistemdənkənar müxalif”lərə konkret situasiyalarda dəstək verməkdən qalmırlar. Rusiyada sistemdənkənar müxalifətin Harri Kasparov, Boris Berezovski, Vladimir Rıjkov kimi ünlü simaları arasında Aleksandr Navalnıy da var. Navalnıy Aslan İsmayılovdan xeyli gəncdir- 1976-cı ildə anadan olub. Lakin bioqrafiyasında bəzi məqamlar var ki, Aslan İsmayılovun özünü ona bənzətməsi, yaxud həmin rolu öz üzərinə götürməsi üçün psixoloji rahatlıq yarada bilib. Əvvəla, Aleksandr ixtisasca hüquqşünasdır, vaxtı ilə Patris Lumumbanın adını daşıyan Moskvadakı “Xalqlar Dostluğu” Universitetini bitirib. O da eynilə Aslan İsmayılov kimi “Navalnıy və partnyorları” adlı hüquq bürosu təsis edib, ABŞ-da müəyyən kurslar keçib. Navalnıy öz dünyaca məşhurluğunu sosial şəbəkələrə borcludur, hələlik Səbail rayonunda park salmaq adı ilə zəbt etməyə çalışdığı yamacları aşa bilməsə də, elə Aslan İsmayılov da. Fəqət Aslan İsmayılovdan Navalnının heç “N” hərfi də çıxmaz ona görə ki, rusiyalı bloqqerdən fərqli olaraq o ardıcıl və təmiz bioqrafiya sahibi deyil. Navalnıy Putinin qəbuluna gedib mandatla qayıtmayandan sonra müxalif olmayıb və heç kim sənəd-sübut ortaya qoyaraq “sən mənim 40 min dollarımı mənimsəmisən” deyə onun möhtəkirliyindən danışa bilmir.

Türkiyə vətəndaşı, iş adamı Xızır Ekşi isə “Azpolitika” saytına Aslan İsmaylovun ona qarşı dələduzluq etdi barədə açıqlama vermişdi: “Tam bir saxtakar və şərəfsizdir! Oğlunu da bu işlərə alət eləyir. Məndən 40 min dollar para aldı, işini görəcəm deyə. Nə işi gördü, nə də pulu geri qaytarır!” Türk iş adamı daha sonra bildirmişdi ki, bir neçə il əvvəl onun qardaşının Gürcüstanda problemi olub, işi məhkəməyə düşüb. A. İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşıb. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verib. Lakin A. İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarıb: “Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda “pulu geri verəcəyəm, işi düzəldə bilmirəm” dedi. Amma pulu vermədi. Tam bir saxtakar! Vəkil olmadığı halda “vəkiləm” deyir. Məyər ki, heç vəkil də deyilmiş, sonradan öyrəndik. Bir il əvvəl onunla Bodrumda qarşılaşdım. Dedim ki, ya işi həll et, ya da pulumu geri qaytar. Yoxsa bir daha səni Türkiyədə görəndə, o pulu səndən almağı biləcəm. İndi də axtarıb, tapa bilmirik. Oğlu da bu işlərin içərisində”.

Təsəvvür edin, 40 min dollarlıq dolandırıcılıq məsələsi cəmi bir məhkəmə işinə görə ortaya çıxmış iddiadır, Aslan İsmayılov prezidentliyə iddiasını ortaya qoysa və əməlləri ictimai təftişə məruz qalsa daha nələr, nələr ortaya çıxa bilər!

4-CÜ HİSSƏ

 

Aslan İsmayılovun destruktiv fəaliyyətini izləyənlərin hər biri təsdiq edər ki, onun mütamadi istifadə etdiyi metodlardan biri də müxtəlif məzmunlu video-müraciətlər hazırlayaraq Azərbaycan hakimiyyətinin yüksək ranqlarına xitab etməkdir. “Google” axtarış proqramı vasitəsi ilə araşdıranda internet resurslarında yer almış bu cür müraciətlər arasında onun dövlət başçısı İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə səslənişlərinə rast gəlmək olar. Bir qayda olaraq bu cür müraciətlərdə Aslan İsmayılov öz bioqrafik məlumatlarını sadalayır və sonra həmin parametrlərə uyğun olan digər insanların adından danışdığını bəyan edir. Məsələn, o, atasını erkən itirdiyini söyləyərək məzlumluq effekti yaradır, ardınca onun müraciətinin atasını erkən itirmiş adamların səsi kimi qarşılanmasını təvəqqe edir. Əlbəttə, sıradan bir izləyici üçün burada qeyri-adi heç nə yoxdur, amma siyasi texnologiyalardan az-çox baş çıxaran adamlara bəllidir ki, başqalarının adından danışmaq populistlərin ən sevimli fəndidir. Siyasi populizmin mahiyyət və xüsusiyyətləri üzrə məşhur rus politoloqu, professor Nikolay Baranovun “Популизм как политическая деятельность” adlı hələ 2002-ci ildə çapdan çıxmış dəyərli bir monoqrafiyası var, Aslan İsmayılovun aktivliyinin populist xarakterini anlamaq üçün həmin kitaba ötəri göz gəzdirmək kifayətdir.

Maraqlı həm də burasıdır ki, Aslan İsmayılovun Prezident, Prezident Administrasiyası rəhbəri, Daxili işlər, Ədliyyə nazirləri, Baş prokuror kimi mühüm postlar tutan dövlət xadimlərinə etdiyi istər video-müraciətlərdə, istərsə də qələmə aldığı açıq məktubların hər birində hər hansı konkret problemin həllinə diqqət cəlb etmək cəhdindən çox, açıq şantaj elementləri nəzərə çarpır. Bu cür müraciətlərdən birini 2016-cı ilin dekabrında Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova ünvanlamışdı. Şantaj məqsədi daşıdığı açıqdan-açığa ortada olan, müəllifinin KİV azadlığı haqqında düşüncələrinin demokratik prinsiplərlə sadəcə olaraq uyuşmadığını təsdiqələyən həmin müracətlə Aslan İsmayılov ona nail olmaq istəyirdi ki, cənab Həsənov öz mövqeyindən, nüfuzundan və təsir imkanlarından istifadə edərək mass-mediyada Aslan İsmayılovun “toxunulmazlığı”nı təmin etsin. O zaman yazmışdım:

“Dövlət dediyimiz mücərrəd təşkilat Əli Həsənov kimi peşəkar və xalqa yaxın məmurların sayəsində millətə xidmətçi olur, cəmiyyətin fəal kəsimləri ilə ünsiyyət qura, identikləşə bilir. Siz heç Azərbaycanda milli təəssübkeşliyini itirməmiş fəal adamların bircəciyinin dilindən Əli Həsənov haqqında neqativ fikir eşitmisinizmi? Əminəm ki, eşitməməsiniz! Əlbəttə, əgər o adam sizin kimi milli təəssübkeşliyini itirməyibsə, orada-burada çalınan havalara oynamırsa, təbii. Odur ki, Əli Həsənovun timsalında ədalətli və cəmiyyətin kasıb təbəqələrindən çıxaraq ictimai rəydə az-çox çəki qazanmış adamlara qarşı hər zaman həssaslıq nümayiş etdirmiş bir ziyalını sizin kimi milli heysiyyatını itirmiş kəslərdən qorumaqdan kimsə çəkinmir və çəkinməz. Əlbəttə, Əli Həsənov bu ölkənin həm böyük təcrübəyə, həm də yetərincə dərin mütaliəyə malik olan ictimai-siyasi xadimlərdən biridir. İstəsə sizin kimilərin cavabını təmkinli və sərrast bir şəkildə özü verər. Amma ranqınız, çəkiniz, səviyyəniz yaxın deyil, çox aşağıdasınız. Odur ki, nəinki Əli Həsənov sizə baş qoşmaq istəyər, hətta sizə cavab verilməsini də ummaz, arzulamaz”.

Onun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə etdiyi müraciətlər də Aslan İsmayılovun maddi maraqlarını əhatə edir, bir çox hallarda məhkəmə proseslərində müdafiə etdiyi tərəflərə hüquq deyil, PR xidməti göstərmək səciyyəsi daşıyırdı: “Zülfüqarlı qardaşları və bir çox sahibkarların zavodlarının əllərindən alınıb bu sahədən anlayışı olmayan, Sizin himayənizdə olan Rasim Məmmədov kimisinə verilməsi metallurgiya sənayesinin yaradılması demək deyil. Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq”.

2015-ci ilin mayında “Baku Steel Company” ASC-nin rəhbəri Rasim Məmmədov Virtualaz.org saytında məşhur jurnalist Eynulla Fətullayevə geniş müsahibə vermiş, Aslan İsmayılovun faktlardan çıxış etmədiyini ortaya qoymuş, hətta Zülfüqarlı qardaşlarının sözügedən şirkətdə səhmləri olduğunu açıqlamış, bu səhmlər müqabilində onlara 12,5 milyon manat ödənildiyini ifadə etmişdi. Həmin müsahibədən:

- Yəni əməkdaşlığınız bu günə qədər də davam edir?

– Tamamilə doğrudur. Qardaşların balacası bu kabinetdə tez-tez olur. Adətən də bax burada – indi siz əyləşən yerdə oturur. Əgər böyük qardaşda – Nurəddin Zülfüqarlıda yaddaş problemi varsa, yaxud ola bilsin, onda qarabasmalar olursa, qoy həkimə getsin. Mən ona heç cür kömək edə bilmərəm.

- Loğman Zülfüqarlı ilə şəxsi söhbətlərinizdə ondan soruşursunuzmu ki, bu kabinetdə niyə bir, qəzet səhifələrində isə başqa cür danışırsınız?

– Əlbəttə, soruşuram. Lakin o, hər dəfə deyir ki, qardaşının hərəkətlərinə cavabdeh deyil. Digər tərəfdən, onların vəkili Aslan İsmayılov müntəzəm olaraq çirkin məqalələrlə çıxış edir. Biz də bunun səbəbini Loğmandan hər dəfə soruşuruq. Loğman özü də Nurəddin Zülfüqarlı ilə Aslan İsmayılovu çirkin oyunlar oynamaqda ittiham edir. Bildiyim qədər onlar həddən artıq iddialı adamlardır. Bu adamlar çoxdan yıxıldıqları yerdən hansı yolla olursa-olsun qalxmaq istəyirlər.

Elə buradaca bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, mən “Baku Steel Company”nin direktoru Rasim Məmmədovu, hətta onunla ünsiyyətdə olan adamları şəxsən tanımıram. Ancaq qəribə burasıdır ki, məni olduqca primitiv hazırlanmış bir iddianamə ilə məhkəməyə vermiş, onunla müqayisədə hətta Aslan İsmayılovu belə bir pillə üstün adam sandığım Nazim Bəydəmirli də Rasim Məmmədovu uzun illərdir hədəfə alıb. Üstəlik, hər iki girəvəçi Rasim Məmmədova qarşı aqressiyalarını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yönəltməkdən çəkinmirlər. Onların hər ikisinin ortaq cəhəti təkcə Rusiyanın aqronomiya üzrə ixtisaslaşmış institutlarının məzunu olmaqları deyil, həm də cənab Ramiz Mehdiyevə qarşı intensiv hücumlarının eyni motivlərə söykənməsidir. Potensiallarına adekvat olmayan siyasi iddialarının hakimiyyət tərəfindən təmin olunmamasının, mütəxəssis kimi səriştəsizliklərinin, iş uğursuzluqlarının “günah”ını Azərbaycanın yetişdirmiş olduğu ən böyük dövlət adamlarından olan Ramiz Mehdiyevdə axtarmaq üçün onlara kənardan təlimat verilməsi də xeyli inandırıcı ehtimaldır. Görünür, cənab Mehdiyevi istefaya dəvət etmək kimi əndazəni aşan çağırışlarda bulunmaq və respublikamızın digər rəhbər şəxslərinə qarşı “qara PR” kampaniyası aparmaq Aslan İsmayılova “daha möhkəm” tapşırıldığından o, 2011-ci ilin sentyabrında Prezident Administrasiyasının rəhbəri ilə yanaşı Baş prokuror Zakir Qaralovu və Daxili işlər naziri Ramil Usubovu məhkəməyə verməklə hədələmiş, hətta bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi də göndərmişdi.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov mütamadi olaraq Aslan İsmayılovun hədəfə aldığı mənsəb sahiblərindəndir. 2015-ci ilin mayında Aslan İsmayılov öz ənənəvi dəsti-xətti ilə Qaralova açıq məktub ünvanlayır, onu da şantaja məruz qoymaq istəyir. Belə ki, məktubun əvvəlində İsmayılov daha öncəki Baş prokurorlardan fərqli olaraq, Zakir Qaralovdan onu heç zaman qəbul etmədiyi üçün incik düşdüyünü qeyd edir, cəmi bir neçə sətir sonra isə etiraf edir ki, bir dəfə onun qəbulunda olub. Sonucda məlum olur ki, Aslan İsmayılov Zakir Qaralovdan ona görə rəncidədir ki, hörmətli Baş prokuror öz kabinetinin qapılarını keçmiş vəkilin üzünə 24 saat açıq saxlamayıb.

2013-cü ilin may ayının sonlarında Aslan İsmayılovun qulağının dibinə, özünün iddiasına görə, yaxşıca bir yumruq zərbəsi dəyir. Bu zərbənin qulağının dibinə necə və niyə dəyməsinin tarixçəsini Aslan İsmayılov elə həmin gün mətbuata belə nəql edir: “Bu gün saat 17-də Nərimanov Rayon Prokurorluğunda idim. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə. Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən? Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür”.

O, elə həmin açıqlamasında Daxili işlər naziri Ramil Usubovun onu “öldürdəcəyini” deyir: “Onlar məni vuranda, təhqir və təhdid edəndə Ramil Usubovun adını çəkirdilər. İndi Ramil Usubov bu məsələyə aydınlıq gətirsin. Məni öldürmək istəyirsə, öldürsün”.

Təxminən bir həftə sonra Aslan İsmayılov yeni açıqlama ilə çıxış edir: “Bu gün Daxili İşlər Naziri Ramil Usubov məni qəbul etdi. Bir saatdan artıq sürən görüş zamanı mənə çox hörmətlə yanaşıldı, söylədiklərim təmkinlə dinlənildi”.

Əlbəttə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində baş verənlərlə bağlı Daxili işlər nazirinin adını hallandırmaqla Aslan İsmayılov Ramil Usubov kimi səriştəli dövlət adamına böhtan atırdı. Bunu onun sonrakı açıqlamaları da təsdiq edir: “Yenə deyirəm, o cür təhqir olunmağımın sifarişçisinin ya Ramil Usubov, ya da digər şəxsin olmasında əmin deyiləm”. Adamdan soruşarlar: əmin olmadığın halda, cənab nazirin adını hallandırmaqda məqsədin nə idi? Bəli, Aslan İsmayılovun bu cür böhtanlar səsləndirməklə yüksək statuslu dövlət xadimlərinin qəbuluna düşməyə can atdığı açıq görsənir. Ancaq onun bəzən müəyyən gecikmələrlə də olsa, az qala hər ayın başında verdiyi “məni öldürəcəklər” bəyanatı ilə KİV-in diqqətini özünə çəkməyə çalışmasının paranoyak təşviş kimi dəyərləndirilib-dəyərləndirilməməsi üçün xüsusi psixatr rəyinə ehtiyac var.

Budur, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktubla müraciət edir. Hakim Elnur Həsənov həmin müraciətində vəkil Aslan İsmayılovun onu döymək istədiyini bildirir. Müraciət araşdırılması üçün İntizam Komissiyasına göndərilir. İntizam Komissiyasının rəyinə əsasən, Aslan İsmayılov peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmuşdu. Sonucda Aslan İsmayılov Vəkillər Kollegiyasından qovulur və Aslan İsmayılov, gülməyin, öldürülmək ehtimalı olduğunu irəli sürür. 2014-cü ildə isə o, “iqtidar da, müxalifət də məni öldürməyə hazırdır” deyir. 2017-ci ilin başlanğıcında- yanvarın 3-də isə “məni öldürəcəklər” deyə manşetlər atdırır. Aslan İsmayılovun bu paranoyak bəyanatları hər zaman həm iqtidar, həm də müxalifət düşərgəsində yumşaq desək, gülüşlə qarşılanıb. Məsələn, onun “hökumət də məni öldürməyə hazırdır, müxalifət də” iddiasına sabiq Baş nazir Pənah Hüseyn belə reaksiya verib: “Ümumiyyətlə, bu fikrə münasibət bildirməyə lüzum görmürəm”.

Aslan İsmayılov Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı verdiyi çoxsaylı açıqlamaların birində peşakarlığına və şəxsiyyətinə hörmət etdiyi adamlar arasında Ənnağı Hacıbəyli və İntiqam Əliyevin adını xüsusi çəkir. İnsafən, həmin hüquqşünaslar o dar günlərində Aslan İsmayılova yetərincə böyük dəstək nümayiş etdiriblər. Bir neçə ay bundan öncə isə Aslan İsmayılov çətin zamanlarında onu müdafiə etmiş Ənnağı Hacibəylini və İntiqam Əliyevə “qrant oğrusu” damğası vurdu: “Bu gün Ənnağının yazısına cavab olaraq bildirirəm ki, bəli sən də, İntiqam da oğrusunuz! Sadəcə hakimiyyətdəkilər kimi imkanınız olmadığına görə ancaq onlardan az həcmdə qrant pulları oğurlayıbsınız”.

Həmin açıqlamasında Aslan İsmayılov Ənnağı Hacibəyli və İntiqam Əliyev haqqında maqazin jurnalları səviyyəsində “şok” ittihamlar irəli sürür, onun bu ittihamları isə Ənnağı Hacıbəyli tərəfindən təbəssümlə qarşılanır: “Bir dəfə Aslan dedi ki, “mən İlyas İsmayılovun qapısında it olmağa da hazıram. Dostlardan biri dedi ki, Aslan, belə deməzlər, de ki, o mənə çox yaxşılıq edib, ona borcluyam. Aslan dedi ki, yox, siz başa düşmürsünüz, o mənim üçün nələr eləyib”.

Bu hadisədən bir neçə il sonra İlyas müəllim və oğlu Etimadla İlham Rəhimov mübahisə edəndə Aslan ona dəxli olmayan dartışmaya soxulub Rəhimovu müdafiə elədi. Onda Etimad bəy bunu çox dəqiq izah elədi: “Aslan İlyas müəllimi cüzdana dəyişdi”. Amma burada təəccüblü bir şey yox idi. İlyas müəllim daha nazir və deputat deyildi. İndi bizim üstümüzə cummaq da bir növ adətkərdəliyin nəticəsidi”.

 

(Ardı var)

 

Taleh Şahsuvarlı

 




Ana səhifəyə qayıt        Baxış: 2 046          Tarix: 11-12-2017, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma