Sosial şəbəkələrin Azərbaycan seqmenti onun adına tez-tez rast gəlir. Xüsusən də “Facebook” istifadəçilərinin sözünü edəcəyimiz şəxsin özəl profilinin və rəsmi səhifəsinin izləyicisi olub-olmamağı bu məsələdə heç bir önəm daşımır.
Heç kimə sirr deyil ki, “Facebook” hazırda dünyanın ən çox gəlir gətirən şirkətlərindən biridir və fantastik rəqəmləri əhatə edən həmin pullar adıçəkilən sosial şəbəkədə aparılan reklamlar sayəsində formalaşır. Əlbəttə, hər hansı bir qurumun və ya fərdin mənsub olduğu ölkənin qanunları və beynəlxalq hüquq çərçivəsində özünü təbliğ etməsi, bu məqsədlə müasir informasiya texnologiyalarından yararlanması qəbahət deyil. Üstəlik, hər bir vətəndaşın öz düşüncülərini istənilən platformada sərbəst şəkildə ifadə etmək və öz həmfikirlərini başına toplamaq haqqı var. Fəqət bu da bir gerçəklikdir ki, hər bir yenilik ondan sui-istifadə edənləri də meydana çıxarır. Nəticədə elmi-texniki tərəqqinin nailiyyətlərini tam mənimsəməmiş insanlar müxtəlif fırıldaqçıların qurbanına çevrilir. Yada salaq: dəmir yol nəqliyyatının yeni meydana çıxdığı günlərdə vağzallarda saxta bilet alverçiləri dolaşar, şəhərlərarası telefon xəttlərinin quraşdırıldığı ilk zamanlarda rabitə dirəklərinə hansısa abunəçinin hesabına saatlarla danışan dələduzlar dırmaşar, mobil telefonların təzə-təzə populyarlaşdığı dönəmlərdə isə eskort qız qılığına girənlər kontur çırpışdırardılar.
Hazırda manyaklar, oğrular və dələduzlar “Facebook”, “Twitter”, “VK” kimi sosial platformalardan öz qurbanlarını tələyə salmaq üçün istifadə edirlər və bu barədə dünyanın bütün ölkələrində minlərlə cinayət işi mövcuddur. Odur ki, informasiya texnologiyalarının və sosial şəbəkələrin inkişafı bütün dünyada bir çox suallar doğurur. Qərb ölkələrində bu suallar təkcə etik xarakter daşımır, həm də vətəndaşların azadlıq və hüquqlarını əhatə edən müstəviyə keçib. Saysız-hesabsız qeyri-kommersiya təşkilatları müxtəlif ictimai müzakirələr, maarifləndirmə və advokasiya kampaniyaları təşkil edərək qanunvericilərin diqqətini yeni kommunikasiya vasitələrinin təşəkkülündən doğan problemlərə cəlb edirlər. Belə qəbildən olan problemlər dünyanın aparıcı elmi mərkəzləri də daxil olmaqla hazırda çox ciddi institutlar tərəfindən araşdırılır, səslənən təkliflər çeşidlənərək qanunların qəbulu prosesində nəzərə alınır. Bununla belə, hələ heç bir dövlət və cəmiyyət müasir informasiya-kommunikasiya sistemlərinə adekvat şəkildə öz kiber təhlükəsizliyini təmin etmiş deyil. Kiber-texnologiyaların vətəni sayılan Amerika Birləşmiş Ştatlarında son prezident Donald Trampın qələbəsi üçün edilmiş xarici təsirlər müzakirə mövzusudursa, Azərbaycan kimi müstəqilliyini yenicə qazanan ölkələrdə ictimai rəyə basqılar təşkil etmək heç şübhəsiz daha asandır.
Son illər sosial şəbəkələrin Azərbaycan seqmentində öz ictimai çəkisinə, intellektinə və peşəkarlığına uyğun olmayan şəkildə məşhurlaşan, daha doğrusu məşhurlaşdırılan bir çox isimlər var. Həmin şəxslərin bioqrafiyası, intellekti və peşəkar imkanları yüngülvari təhlil edildikdə məlum olur ki, məsələn, Mehman Hüseynov kimi üç-dörd cümləni imla xətasına yol vermədən yaza bilməyəcək adamların yüzminlərlə izləyici kütləsinin formalaşmasında təkcə süni “tərəfdar toplama proqramları”ndan istifadə edilməyib, eyni zamanda ortada Azərbaycana qarşı təzyiq rıçaqları formalaşdırmaqda maraqlı olan qüvvələr mövcuddur. O da bir gerçəklikdir ki, bu qüvvələr arasında kimin əsas, kimin ikinci dərəcəli olmasına baxmayaraq, işin içində həmişə Ermənistan xüsusi xidmət orqanlarının trolları mövcuddur. Elə buna görə də sosial şəbəkələrin orta statistik Azərbaycan istifadəçisi hər hansı bir informasiya ilə, xüsusən də ödənişli şərtlərlə yayınlanan məlumat və çarxlarla rastlaşdıqda özünə sual etməlidir: bu məlumatın yayılması üçün edilən ödənişin məqsədi nədir?
Aslan Ziyəddin oğlu İsmayılov adlı keçmiş vəkilin ümumi məlumatları yeni media qurumları təşəkkül edənə qədər Azərbaycan cəmiyyətinə demək olar ki, xüsusi heç nə demirdi. Yazılı və elektron media orqanları onun personasına ciddi maraq göstərmirdilər. O, aparıcı nəşrlərin səhifələrinə yalnızca aradabir, böyük xahiş-minnətdən sonra çıxa bilirdi. Ölkədəki qeyri-hökümət təşkilatlarının qurucuları, vətəndaş cəmiyyəti liderləri üçün də Aslan İsmayılov ictimai maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən fiqur deyildi. Onun adı gələndə III sektorun fəal nümayəndələrinin gözləri önündə öz merkantil maraqları uğruna hər şeyi və hər kəsi ayaqlar altına almağa hazır olan bir tip canlanırdı. Azərbaycan siyasətinin aparıcı liderlərinin heç biri- Heydər Əliyev, Əbülfəz Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov, Rəsul Quliyev və başqaları- onu yaxına buraxmır, necə deyərlər, ipinin üstünə odun sərmirdilər. Bu da səbəbsiz deyildi. İstər milli-azadlıq hərəkatının şinelindən çıxmış siyasi partiya liderləri, istərsə də vaxtilə SSRİ kimi nəhəng bir imperiyanın idarəçiləri sırasına yüksəlmiş və Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli addımlar atmış Heydər Əliyev kimi təcrübəli siyasətçi Aslan İsmayılovun Azərbaycana kimlər tərəfindən, hansı tapşırıqlarla göndərildiyini yaxşı bilirdilər. O, 1988-ci ilin fevral ayının son günlərində baş vermiş məşhur “Sumqayıt hadisələri” üzrə SSRİ tərəfindən açılmış cinayət işi üzrə məhkəmədə “dövlət ittihamçısı” statusunda çıxış etmişdi və hətta özünə bəraət qazandırmaq məqsədi ilə 2010-cu ildə çap etdirdiyi kitabında da qeyd etdiyi kimi, bu vəzifə ona təsadüfən tapşırılmamışdı. Aslan İsmayılovun özünün müxtəlif çap və elektron resurslarda açıqladığı kimi, o, Rusiyanın Krasnodar şəhərində iki il tornaçılıq etdikdən sonra həmin şəhərdə qəbul olunduğu Kuban Dövlət Universietinin hüquq fakültəsini 1983-cü ildə bitirib.
Onun bioqrafiyasındakı bu məqam Siyavuş Novruzovun timsalında Yeni Azərbaycan Partiyasının funksionerlərinin də diqqətindən yayınmayıb. YAP funksioneri 2012-ci ilin əvvəllərində jurnalistlərə verdiyi açıqlamasında Aslan İsmayılovun hərbi xidmətdə olmamasına diqqət çəkərək Ziyalılar Forumu adlanan illeqal qurumu “fərarilər klubu” adlandırmış və demişdi: “Axı sən nə həyat keçmisən? Yaxşı hüquqşünas olsaydın, Moskva Dövlət Universitetində, yaxud Leninqradda oxuyardın. Ən azından Tiflis Dövlət Universitetini bitirərdin. Hansısa bir institut qurtarıb deyirsən ki, həyat yolu keçmişəm. Sən Azərbaycanda 20 ildir özünə yer tapa bilmirsən, nə həyat yolu keçəcəksən?” Millət vəkilinin bu sözləri Aslan İsmayılov tərəfindən süngü-bıçaqla qarşılanmış və o, məzunu olduğu fakültəni keçmiş SSRİ-nin “ən güclü hüquq məktəbi” adlandırmışdı. Siyavuş Novruzov haqlıydı. Universitetin rəsmi saytında qeyd olunur ki, daha əvvəllər aqronomluq üzrə ixtisaslaşmış və Pedoqoji İnstitut kimi fəaliyyət göstərmiş həmin ali məktəb 18 fevral 1970-ci ildə Kuban Dövlət Universiteti statusu alıb. Lakin 1982-ci ildə aparılmış xüsusi yoxlamaların nəticəsinə görə, məzunların bilik səviyyəsi “universitet” adına layiq olmayıb. Həmin il rektor təyin edilən Vladimir Andreyeviç Babeşko KDU-nu ortabab bir ali məktəb səviyyəsinə qaldırmaq üçün təxminən 10 il vaxt sərf edib. Bu faktlardan da açıq göründüyü kimi, baza hüquq təhsili olduqca aşağı səviyyədə olan Aslan İsmayılov isə artıq həmin vaxt Krasnodarda məhkəmə orqanlarında çalışırdı. Yenə öz imzası ilə təsdiq etdiyi məlumata əsasən, 1988-ci ilin fevralından sonra Krasnodara erməni axını başlamış, ermənilər onu dəfələrlə təhdid etmiş və o, işlədiyi rayonun Dövlət Təhlükəsizlik Komitəsinin Litvenko adlı sədrinin himayəsinə sığınmışdı. Görünür, yerli DTK-nın sədri Litvenko Aslan İsmayılovun qayğısına xüsusi qaldığı üçün evinin qarşısına mühafizəçilər qoymuş, hətta onu “hədələyən” erməniləri günlərlə DTK-nın zirzəmisində saxlamışdı. Belə bir xüsusi himayənin məğzində dayanan münasibətlər barədə fikir yürütməyi oxucuların öhdəsinə buraxıb Aslan İsmayılovun Azərbaycana qayıdış tarixçəsinə nəzər salaq.
Aslan İsmayılov bu barədə yazır: “1988-ci ilin sentyabr ayında növbəti məzuniyyət ərəfəsində Bakıda olarkən o zamankı Respublika Prokuroru İlyas İsmayılovun qəbuluna getdim. İlyas İsmayılov məni qəbul edib dinlədikdən sonra dərhal Respublika Prokurorluğunun Mərkəzi Aparatına işə qəbul olunmağım barədə razılıq verdi”. Yenə Aslan İsmayılovun öz dilindən səslənən fakta görə, o, İlyas İsmayılovun əmri ilə 1989-cu ilin aprel ayının 3-də Azərbaycan SSR prokurorluğunun Məhkəmələrə nəzarət şöbəsində prokuror təyin edilir. Bir müddət sonra isə Cavanşir İsmayılovun əvəzinə artıq məhkəməyə göndərilmiş “Sumqayıt hadisələri” işi üzrə dövlət ittihamçısı təyin edilir. Həmin işin yekununda dövlət ittihamçısı kimi etdiyi çıxışda isə soydaşlarımıza qarşı ölüm hökmü də daxil olmaqla ağır cəzalar istəyir. Aslan İsmayılov 1993-cü ilin may ayının 28-də Prezident Aparatının Hüquq şöbəsində işə düzəlir. 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat ittifaqının Baş prokuroru İxtiyar Şirinov və ö dövrdə Bakı şəhər prokuroru işləmiş Çingiz Qənizadəyə qarşı apardığı kampaniyanı uduzduğundan özünə yeni iş tapmalı olur. Lakin cəmi bir neçə gün sonra Gəncədə hərbi qiyam baş verir və İsmayılov iyun ayının birinci yarısında Prezident Aparatının Hüquq şöbəsinin o zamankı müdiri Fazil Mustafayevin göstərişi ilə Gəncəyə yollanan deputat istintaq komissiyasının tərkibinə “ekspert” qismində daxil edilir. O, bu tərkibdə “Prezident Elçibəyin nümayəndəsi” olduğunu iddia etsə, Fazil Mustafayev həmin iddianı təkzib edərək Aslan İsmayılovun yalnızca “Prezident Aparatında məsləhətçi vəzifəsində çalışan nümayəndə” olaraq komissiyaya qatıldığını vurğulayır. 4 iyun qiyamından sonra Prezident Aparatının Hüquq şöbəsinin müdiri Fazil Mustafayev və onun müavini, Aslan İsmaylovu yeni işə düzəltmiş Həmid Əliyev vəzifələrini tərk edir. Lakin bütün əxlaq və siyasi etiket qaydalarının ziddinə olaraq Aslan İsmayılov vəzifəsindən möhkəm yapışır.
O, Prezident Aparatından 1994-cü ilin mayında qovulur. Səbəb isə bu olur ki, Prezdent Aparatının yüksək ranqlı şəxslərinə Aslan İsmayılovun mətbuat konfransı keçirərək Heydər Əliyevə qarşı açıqlamalar verəcəyi barədə məlumatlar daxil olur. İfşa olunmuş Aslan İsmayılov 10 dəqiqə ərzində vəsiqəsi əlindən alınaraq binadan çıxarılır. Aslan İsmayılov özü də danmır ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında vəzifə tutmasında, irəli çəkilməsində, hətta 1993-cü ilin avqustunda Prezident Aparatının əməkdaşı kimi Milli Məclisdə Heydər Əliyevin ona söz verməsində keçmiş Baş prokuror və Ədliyyə Naziri İlyas İsmayılovun həlledici dəstəyi olub. Məlum olduğu kimi, İlyas İsmaylov 1995-ci ilin yanvarında Ədliyyə naziri postundan uzaqlaşdıqdan sonra “Ədalət” partiyasının quruculuğuna başlayıb və bu partiyaya Aslan İsmayılov da qoşulub. 1990-cı illərin ikinci yarısındakı ictimai-siyasi proseslərdən bixəbər yeni nəsil nümayəndələrini aldatmaq üçün “mən heç vaxt heç bir partiyanın üzvü olmamışam” desə də, onun təkcə “Ədalət” yox, İlyas İsmaylovun yaratdığı partiya ilə birləşmiş ADP- nin sıralarında fəaliyyət göstərməsi bəllidir.
Aslan İsmayılovla “Ədalət” liderinin münasibətlərinin sərinləməsi isə olduqca ilginc bir hadisəyə bağlıdır. Aslan İsmayılov günlərin birində öz sədrinə zəng edib və danışıq bitdikdən sonra telefon açıq qaldığından İlyas İsmayılovun yanındakı adama onun haqqında dediyi bu sözləri eşidib: “Bunun məzhəbi bəlli deyil”. Bəli, təxminən 20 ili əhatə edən uzun bir zaman dilimində İlyas İsmayılov kimi təcrübəli fiqur Aslan İsmayılovun “məzhəb”ini müəyyən edə bilməmiş, daha dəqiqi, onun mahiyyətini yaxşı açmışdı- onu yaxın adamlarına məzhəbi bəlli olmayan, fürsətcil və dəngəsiz adam kimi xarakterizə etmişdi. Bu barədə İlyas İsmayılovun oğlu Etimad İsmayılov tərəfindən mətbuata geniş açıqlama verilib. Ölkənin əksər aparıcı xəbər portalllarında yayınlanan həmin açıqlamada Aslan İsmayılov haqqında Etimad İsmayılov bunları deyir: “Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama “İlyas” deyir. Nəyə görə edir bu “qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…”
Zaman-zaman Ədalət Partiyasından və İlyas İsmayılovdan öz əxlaqına uyğun bir şəkildə aralanan Aslan İsmayılovun növbəti dayanacaqlarından biri Rüstəm İbrahimbəyovun çətirinin altı olur. Azərbaycan hakimiyyətindən incik düşmüş və 2013-cü il seçkilərində Rusiyanın əlaltısı kimi prezidentliyə namizəd olmağa hazırlaşan Rüstəm İbrahimbəyov 2009-cu ildə Ziyalılar Forumu adlı bir qurum yaratmışdı. Aslan İsmayılov həmin qurumun yaradıcılarından olmaqla özünü Rüstəm İbrahimbəyovun əsas dayaqlarından biri kimi göstərirdi. Ancaq bir müddət sonra- 2012-ci ilin yanvarında Ziyalılar Forumunu tərk etdi. O dövrdə mətbuata sızan məlumata görə, Ziyalılar Forumunda Eldar Namazovla yola getməmiş və ona qarşı bir sıra ittihamlar irəli sürmüşdü. Həmin qurumdan istefası barədə isə “Trend” İnformasiya Agentliyinə belə bir açıqlama vermişdi: “Necə ki, 23 il heç bir təşkilatda olmamışdım, yenə də təkbaşına fəaliyyətimi davam etdirəcəm”. Əlbəttə, onun 23 il ərzində guya heç bir təşkilatda təmsil olunmaması barədə danışdıqları- artıq yuxarıda qeyd etdiyimiz kimi- ağ yalan idi, lakin öz fəaliyyətini təkbaşına davam etdirmək barədə bəyanatının üstündən də tezliklə qara xətt çəkdi. 2013-cü ilin sentyabrında Rusiyanın siyasi layihəsi olması heç kimdə şübhə doğurmayan Milli Şura adlı qurumun mitinqlərində çıxış edir, prezidentliyə namizəd Cəmil Həsənli üçün səs istəyir, müxalif namizədi Azərbaycanın xilaskarı kimi təbliğ edirdi. O zaman bütün ciddi ekspertlər Cəmil Həsənlini namizəd göstərmiş müxalifətin ağır uğursuzluğa düçar olacağını proqnozlaşdırırdılar. Bu proqnoz özünü doğrultdu. Aslan İsmayılov isə öz mövqeyində daha bir dəfə kəskin dönüş edərək cəmiyyətin gözünə daha bir dəfə kül üfürdü: “Çoxlarından fərqli olaraq Milli Şura yarananda onu xilaskar kimi görməmişdim”.
(ardı var)
Taleh Şahsuvarlı
Paylaş: