Xəbər lenti

 Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

Bu barədə virtualaz.org-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Bununla paralel olaraq, sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

Bir az əvvəl isə sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Başqa yerdə gecələməyə imkanı olmayan sakinlər həmin müvəqqəti sığınacaqlara yerləşdirilir.

Hazırda ərazi polis nəzarətindədir.

Virtualaz.org vəziyyətə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralova müraciət edib.

Əziz Qaralov deyib: "Sürüşmə zonası Bayıl yamacında, Teleqüllənin ətrafında yerləşir. Bu zona ixtisaslaşdırılmış atlaslarda sürüşmələrə meyilli ərazi kimi qeyd olunub. Son zamanlar sürüşmə zonası genişlənib.

Həmçinin, Bayıl yamacının sağ tərəfində, "Bayılov dərəsi" adlanan ərazidə 80 metr uzunluğunda çat yaranıb.

Həmin ərazidə hələ ötən ilin noyabrında bir neçə santimetrlik müxtəlif çatlar qeydə alınmışdı. Son 3 ay ərzində şat 8 metrə qədər artdı. Sürüşmə artıq rayonun təxminən 7 hektar ərazisini əhatə edir. Yaşayış evlərinə ziyan dəyib, əhalinin təxliyəsinə başlanıb.

Hazırda bizim mütəxəssislərimiz göstərilən sahədə müvafiq tədqiqatlar aparırlar, təbii fəlakət zonasını işarə verən mayaklar yerləşdirirlər. Bayıl yamacından aşağıda da müxtəlif ölçülü, təxminən 50 çat yaranıb. Torpağın yarıldığı yerlərdə aralanan hissələr 20-25 santimetr təşkil edir. Bizim əməkdaşlardan başqa orada FHN-ın, Elmlər Akademiyasının və başqa strukturların mütəxəssisləri də işləyirlər. Mütəxəssislər sürüşmənin əhatəsini, xarakterini, səbəblərini, həmçinin mümkün nəticələrini müəyyənləşdirirlər. Tədqiqatların nəticələri hökumətə təqdim ediləcək. Sürüşməni dayandırmaq və ya birtəhər qarşısını almaq, istənilən başqa tektonik proseslər kimi, mümkün deyil.

Bizim mütəxəssislərimiz israrla məsləhət görürdülər və bu gün də təkid edirlər ki, sürüşmə ərazisində tikinti dayandırılsın. Tikinti torpağın dayanıqlığını azaldır və sürüşmə proseslərini sürətləndirir. Ən böyük narahatlıq doğuran odur ki, sürüşmə aktiv mərhələdədir. Vəziyyət olduğca təhlükəlidir!".

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 1 166          Tarix: 25-01-2018, 00:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma