Xəbər lenti

 

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir. Hazırda ərazi polis nəzarətindədir.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər. Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Əraziyə daimi baxışlar keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır.

***

Bayıl yamacında sürüşmə aktivləşib. Bu səbəbdən hazırda Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə ərazisinə yaxın məsafədə yerləşən evlərdə yaşayan sakinləri köçürürlər.

Bu barədə musavat.com-a sakin Zahid Aslanov məlumat verib. O bildirib ki, ərazidə sürüşmə aktivləşib:

"Son günlər müvafiq qurumlardan nümayəndələr gəlib, sürüşmə ilə maraqlanırlar. Bizə də bildirdilər ki, evinizi tərk edin. Burada yaşamaq təhlükəlidir. Ancaq gedəcək yerimiz yoxdur. Ona görə də əksər ailələr evlərini tərk etmək istəmir. Bizə ərizə yazırdılar ki, təhlükəsizliyinizə təminat vermirik. Hazırda polislər və icra nümayəndələri əhalidən evlərini tərk etmələrini tələb edirlər".

 

Əli Rais,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 24-01-2018, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma