“Aİ üçün ən yaxşı variant ABŞ-ı gömrük vergilərindən azad tutmaqdır. Dövlətlərarası münasibətdə dibə doğru gedəcək bu yarışı kimsə qazana bilməyəcək və vergilərin artırılması hər kəsi narahat etmə riski daşıyır”.
Ovqat.com xəbər verir ki, bu sözləri Münhen şəhərində iş insanlarının keçirdiyi toplantıda danışan Almaniyanın baş naziri Merkel bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp polad və alüminium məhsullarının ixracında gömrük vergilərini artırmış, Ağ Evdə hər iki sənaye qolundan işçiərin qatıldığı tədbirdə bununla bağlı bəyannamə imzalamışdı. Bəyannaməyə görə, poladda 25 faiz, alüminiumda da 10 faiz artacaq gömrük vergiləri iki həftə ərzində qüvvəyə minəcək və Kanada və Meksika vergi artımından azad tutulacaq.
Avropa İttifaq da eyni qaydanı ABŞ-a tətbiq etmək barəsində düşünməyə başlamışdı. Aİ-nın bəzi yetkiləri bu barədə təkliflərini müvafiq qurumlarda səsləndirmiş və hazırda “qoca qitədə” qanunvericilik aktlarını buna uyğunlaşdırmaq prosesi gedir. Merkelin fikirlərindən də göründüyü kimi, Avropada hamı ABŞ-la iqtisadi savaşa girməyi doğru hesab etmir. ABŞ Prezidenti Donald Trump isə ölkəsinin "ədalətli olmayan" ticarət səbəbilə zərər etdiyini və əlavə gömrük vergilərinin sənaye canlandıracağını deyir.
ABŞ prezidentinin bu qərarına dünya dövlətlərinin sərt reaksiyası isə özünü çox gözlətmədi. Ən ciddi təpkilərdən biri Çindən gəlib.
Çin parlamenti ABŞ-ın polad və metal hissələrinə gömrük vergisini artırmaq qərarına cavab tədbirləri tələb edib və hökuməti bu ölkədən alınan kömür, kənd təsərrüfatı və elektron məhsulları hədəfə almağa çağırıb.
Yaponiya idxal vergilərinin ikitərəfli əlaqələr üzərində "böyük təsiri" olacağını vurğulayıb, Cənubi Koreya isə məsələni Dünya Ticarət Təşkilatında müzakirəyə çıxarmaqla Vaşinqtonu təhdid edib
ABŞ-ın ən böyük polad və aliminyum tədarükçüsü olan Kanada isə özünün bu qərardan azad tutulmasını məmnuniyyətlə qarşılayıb, ancaq vergi artımlarının ləğvi üçün Vaşinqtona təzyiq göstərməyə davam edəcəyini açıqlayıb.
Meksikanın İqtisadiyyat Naziri Ildefonso Guajardo isə gömrük vergilərinin NAFTA görüşmələri ilə əlaqələndirilməməsində israrlıdır.
Avropa İttifaqı da Trampın qərarından narahatdır. İttifaq məsələ ilə bağlı danışıqlar aparmaq istəyir və əlavə gömrük vergilərini qınayır. AB Komissiyası "sərbəstlik" çağırışı edərək, Aİ şirkətlərinin "adil olmayan ticarətin mənbəyi olmadığını" bildirib.
İngiltərə hökuməti “gömrük sərbəstliyi ehtimallarını" qiymətləndirmək üçün Aİ-dəki tərəfdaşları ilə birlikdə çalışacağını, öz polad və aliminyum sektorlarını isə dəstəkləyəcəyini açıqlayıb.
Hollandiyanın Baş narizi Mark Rutte Trampın gömrük vergisi qərarını "çox kədərlə" qarşılayıb və ölkəsinin qarşı tədbirlər görməyə hazırlaşdığı barədə qarşı tərəfi xəbərdar edib.
Avstraliyanın Baş naziri Molcolm Turbull isə ABŞ-ın iki ölkənin ticarət əlaqələri məsələsində heç bir şikayəti olmadığını deyib və hökumətinin "yorulmadan" gömrük sərbəstliyi istəyəcəyini bildirib.
ABŞ-dan fərqli səslər eşidilir. Bir qayda olaraq azad ticarəti dəstəkləyən Trampın mənsub olduğu Respublikaçılar partiyasından belə bu qərara sərt etirazlar var. Nümayəndələr Palatasının Sədri Pol Ryan qərarı pisləyib və "hesablanmayan nəticələri" olacağından qorxduğunu deyib.
Senatın Maliyyə Komitəsinin sədri, respublikaçı Orrin Hatch də Trampın Ağ Evdəki məsləhətçiləri tərəfindən yanlış istiqamətləndirilməsinə inandığını bildirib.
Digər bir respublikaçı senator Jaff Flake də gömrük vergilərini etibarsız hala gətirəcək yeni qanun layihəsi hazırlayacağını açıqlayaraq deyib: "Bu mühafizəkarlıq iqtisadiyyatımıza daha çox zərər vermədən yoldaşlarımı layihəyə səs verməyə çağırıram".
Maraqlıdır ki, Trampa dəstək verənlər arasında demokratlar daha çoxdur. Onların arasında senator Co Manchin də var. Manchin "Maraqlarımızı, təhlükəsizliyimizi və qlobal iqtisadiyyatda işçilərimizi qorumağın zamanı gəldi" deyib.
Tramp niyə bütün dünya dövlətlərinə qarşı iqtisadi savaşa qərar verdi?
ABŞ Prezidenti Donald Trampın bu cür addım atacağı gözlənilməz deyildi. Hələ seçki kampaniyasında o, amerikalı fəhlələri qorumaq, polad və alüminium sənayelərini yenidən inşa etmək sözü vermişdi. Tramp imza mərasimində də eyni sözləri təkrarlamış, “Alüminium və polad sənayesi dövlətimizin onurğa sütunu, müdafiə və sənayemizin əsasıdır",-demişdi.
Bəzi mütəxəssislər Trampın son həmləsini gələcəyə yatırılmış “siyasi investisiya” olaraq dəyərləndirirlər. Onların fikrincə, Trampın məqsədi polad və alüminium sənayesini gücləndirməklə Pensilvaniya kimi ştatlardakı işçilərin səsini qazanmaqdır.
Bundan sonra nə ola bilər?
Tramp ABŞ-ın bu iqtisadi müharibəni qazanacağını deyir. Bəzi ölkələr isə qərarın Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu və bu səbəblə də hüquqi proses başlayacaqlarını bəyan edirlər. Onların bu iddialarına Ağ Evin cavabı isə olduqca sadədir: “Milli təhlükəsizlik məsələsinə "etiraz edilə bilməz" və bu qayğılarla bağlı addımlar Dünya Ticarət Təşkilatının Nizamnamə qaydalarına uyğundur”.
Paylaş: