Suriyada rus əsgərləri ilə Əsəd tərəfdarları arasında gərginlik yaranıb.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məumata görə, bir qrup rejim əsgəri Xmeymim hərbi bazasının qarşısında aksiya keçirərək, Rusiyanı Suriya xalqını təhqir etməkdə, terrorçuları dəstəkləməkdə günahlandırıblar.
İki müttəfiqi qarşı-qarşıya gətirən hadisə isə Xmeymim hərbi bazasının rəsmi facebook səhifəsində paylaşdığı bir status olub.
Məlumata görə, ötən həftə İŞİD-dən razılaşma yoluyla geri alınan Yermuk hərbi düşərgəsində yağmalanma və oğurluq hadisələri baş verib. Əsəd əsgərləri yük maşını qatarı ilə Yermuka girib, evləri, hətta məscidləri qarət edib, dəyərli nə varsa maşınlara doldurub bölgədən uzaqlaşıblar. Rusiyanın hərbi polisi isə qarətçilərdən bir neçəsini saxlayıb və ardınca da facebookda insidentə səbəb olan həmin statusu paylaşıblar. Statusda deyilir:
"Rusiya gücləri azad edilmiş bölgələrdə qanun pozuntularına yol verməyəcək. Dəməşqin cənubundakı bölgələrin yenidən təhlükəsiz hala gəlməsinə Rusiya cavabdehdir və bu xoşagəlməz qanun pozuntularını törədən, onu dəstəkləyən insanların istənilən üsyankarlığına qarşı güc tətbiq olunacaq".
İpləri qoparan bu status Əsəd tərəfdarlarının qəzəbinə yol açıb. Etirazçılar Rusiyanın Suriya xalqından və ordusundan üzr istəməsini tələb ediblər.
Əsəd rəhbərliyi isə nümayişçilərə dəstək verməyib, onları "ABŞ tərəfindən qızışdırılmış kütlə" adlandırıb.
Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın Astana sammitində gəldikləri razılığa əsasən Yermuk bölgəsində təhlükəsizliyin təminatı rus əsgərlərinin payına düşüb.
Paylaş: