Xəbər lenti

Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi 8 səviyyədən ibarətdir.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə əksini tapıb.

 

Burada 1-ci ən aşağı, 8-ci ən yuxarı səviyyə hesab olunur. Kvalifikasiyaların səviyyələri aşağıdakı kimi müəyyənləşdirilir:

 

- 1-ci səviyyə – ibtidai təhsil haqqında sənəd; ibtidai təhsildən aşağı olmayan ümumi təhsil almaqla iş yerində təcrübə, qısamüddətli təlim və yaxud kurslar barədə sertifikat;

- 2-ci səviyyə  – ümumi orta təhsil haqqında attestat; ümumi orta təhsil almaqla, təcrübə və (və ya) peşə hazırlığı (təhsil müəssisəsi bazasında qısamüddətli kurslar) barədə sertifikat;

- 3-cü səviyyə – ilk peşə-ixtisas təhsili haqqında diplom/sertifikat (yalnız peşə təhsilini verən kvalifikasiyalar); ümumi orta təhsil almaqla, təcrübə və (və ya) peşə hazırlığı (1 ilə qədər peşə hazırlığı proqramları əsasında tədris müəssisəsi bazasında kurslar) nəticəsi haqqında sertifikat;

- 4-cü səviyyə – tam orta təhsil haqqında attestat; ilk peşə-ixtisas təhsili haqqında diplom/sertifikat (tam orta təhsili və peşə təhsilini verən kvalifikasiyalar); tam orta təhsil bazasında ilk peşə-ixtisas haqqında diplom (sertifikat); təcrübə və ya peşə hazırlığı (1 ilə qədər peşə hazırlığı proqramları əsasında təhsil müəssisəsi bazasında kurslar və əlavə peşə təhsili kursları) haqqında sertifikat;

- 5-ci səviyyə – orta ixtisas (subbakalavr) təhsili haqqında diplom (tam orta təhsil və ya ilk peşə-ixtisas təhsili bazasında);  təcrübə;

- 6-cı səviyyə – bakalavr diplomu; baza ali tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə;

- 7-ci səviyyə – magistr diplomu; rezidentura təhsili diplomu; əlavə təhsil; təcrübə;

- 8-ci səviyyə – müvafiq olaraq fəlsəfə doktoru və elmlər doktoru diplomları; əlavə təhsil;  təcrübə.

 

Əlavə təhsil üzrə kvalifikasiyalar 3-8-ci səviyyələri əhatə edir. Əlavə təhsil ilk peşə-ixtisas, orta ixtisas təhsili (subbakalavr) və ali təhsil pillələrində qazanılmış kompe-tensiyaların (səriştələrin) yeniləşdirilməsini, təkmilləşdirilməsini və şaxələndirilməsini təmin edir. Əlavə təhsili təsdiq edən sənədlərdə AzMKÇ-nin səviyyəsi və qazanılan kompe-tensiyalar (səriştələr) göstərilir. 3-7-ci səviyyələrdə əks olunan kvalifikasiyalar əmək bazarında konkret peşə və ixtisaslar ilə bağlıdır və bu kvalifikasiyalar peşə standartlarına əsaslanır. Bura ilk peşə-ixtisas təhsili, orta ixtisas (subbakalavr) təhsili, bakalavriat, baza ali tibb təhsili, magistratura təhsili və rezidentura üzrə kvalifikasiyalar, həmçinin əlavə təhsil üzrə müvafiq kvalifikasiyalar daxildir.

 

AzMKÇ-də səviyyə deskriptorlarının AKÇ-nin müvafiq səviyyə deskriptorlarına uyğunluğu nəzərə alınıb. Deskriptor təlim (öyrənmə) nəticələrinin xarakterik xüsusiyyətlərini, bilik və bacarıqları təsvir edir. Orta ixtisas (subbakalavr) təhsili kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin qısamüddətli ali təhsil səviyyəsi üzrə deskriptorlarına, bakalavr və baza ali tibb təhsili kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin 1-ci səviyyə üzrə deskriptorlarına, magistr və rezidentura təhsili (həkim-mütəxəssis) kvalifikasiyaları üzrə ümumi deskriptorlar AATMKÇ-nin 2-ci səviyyə üzrə deskriptorlarına, doktorantura kvalifikasiyaları üzrə ümumi deskriptorlar isə AATMKÇ-nin 3-cü səviyyə üzrə deskriptorlarına uyğundur.

 

Təhsil Nazirliyi aşağıdakıları həyata keçirir:

 

- təhsil standartlarının, nümunəvi kurikulumların, qiymətləndirmə və akkreditasiya standartlarının hazırlan-masını;

- kvalifikasiyaların keyfiyyətinin təmin olunmasını;

- Milli kvalifikasiyalar reyestrinin hazırlanması və  yeniləşdirilməsini.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları həyata keçirir:

 

- əmək bazarının monitorinqi və təhlilini;

- Milli Məşğulluq Təsnifatının təkmilləşdirilməsinə dair təkliflərin verilməsini;

- peşə və kvalifikasiya standartlarının hazırlanmasının və tətbiqinin əlaqələndirilməsini.

 

Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş kompetensiyaların (səriştələrin) tanınmasını təmin edir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri üzrə dissertasiyaların və sənədlərin, elmi müəssisənin və ali təhsil müəssisəsinin vəsatəti əsasında dosent və professor elmi adları almaq üçün təqdim edilmiş sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizasını həyata keçirir və ekspertiza nəticələrinin təsdiqlənməsi əsasında fəlsəfə doktorlarına və elmlər doktorlarına vahid formalı dövlət sənədi – diplom, elmi adların iddiaçılarına isə müvafiq olaraq vahid formalı dövlət sənədi – attestat verir. Tabeliyində təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanları təhsil və peşə standartlarına dair təkliflər verir, kvalifikasiyaların keyfiyyətinin təmin olunmasında iştirak edirlər.




Ana səhifəyə qayıt        Baxış: 765          Tarix: 24-07-2018, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma