Ədalət Partiyası Ermənistanın baş naziri Paşinyanın sepatizmi təbliğ edən açıqlaması və işğal olunmuş ərazilərdə terorçuların yerləşdirilməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
Ədalət partiyası bəyan edir ki, ölkə iqtidarının Dağlıq Qarabağ probleminin həllində nümayiş etdirdiyi qeyri-müəyyənlik, sonu görünməyən sülh danışıqlarına ümid etməsi, problemi həll etmək gücü olmayan ATƏT-in Minsk qrupuna güvənməsi işğalçı Ermənistan rəhbərliyinin daha da azğınlaşmasına və onun heç bir qanuna və əxlaqa sığmayan bəyanatlar verməsinə səbəb olur. Belə ki, Ermənistanın Baş naziri Paşinyan bu günlərdə Moskvada keçirdiyi görüşlərdə açıq şəkildə bəyan edib ki, “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır. Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir.” Ermənistan baş nazirinin bu açıqlaması göstərir ki, Ermənistan de-fakto nəzarətində olan Azərbaycan ərazilərini de-yure də özününküləşdirmək hədəfinə doğru irəliləməkdədir. Belə bir fikrin səsləndirilməsi həm də onu göstərir ki, işğalçı tərəf Azərbaycan iqtidarı tərəfindən ciddi müqavimətlə üzləşmir və sülh danışıqları ilə vaxt qazanaraq beynəlxalq ictimai fikri də öz məqsədlərinə kökləməyə çalışır.
Buna paralel olaraq Ermənistan işğal etdiyi əraziləri tam gücü ilə istismar edir, region və beynəlxalq aləm üçün təhdid sayılan hərəkətlərə yol verir. Bunu Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın müxtəlif ölkələrdən terrorçular yerləşdirdiyi, hətta terror qruplarının təlim düşərgələrinin yaradıldığı barədə informasiyalar, açıqlamalar da təsdiq edir. Bu günlərdə Türkiyənin Atatürk Universitetinin tarixçi alimi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində - Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu bildirib. Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.
Bütün bunlara baxmayaraq Azərbaycan iqtidarının Dağlıq Qarabağ probleminin həllində sönük bəyanatlar verməkdən o yana gedə bilməməsi təəssüf doğurur.
Ədalət partiyası dünyada terrorizmə, separatizmə qarşı böyük mübarizənin və müqavimətin getdiyi bir zamanda hakimiyyəti bu tarixi fürsətdən bəhrələnməyə və işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində real və ictimai fikrə əsaslanan konkret addımlar atmağa çağırır.
Paylaş: