Son dövrlərdə informasiya texnologiyalarının inkişafı nəticəsində ənənəvi bank xidmətləri əhəmiyyətli transformasiyaya məruz qalmışdır. İnternet sürətinin artması və smart telefonların geniş yayılması ilə banklar filial və şöbələrinin fəaliyyətini tədricən rəqəmsal bankçılıqla əvəz edirlər. Bir çox ölkənin təcrübəsində fiziki filial və şöbələrdən tamamilə imtina edilərək, bütün xidmətlərini rabitə kanalları vasitəsilə təqdim edən banklar fəaliyyət göstərir. Rəqəmsal bankçılıq əməliyyat xərclərini azaltmaqla yanaşı, müştərilərə daha sürətli, çevik və ucuz xidmətlər təklif etmək imkanı yaradır.
Banker.az xəbər verir ki, bu barədə Rəqəmsal Ödənişlərin İnkişafı Dövlət Proqramınd “Rəqəmsal bankçılığın inkişaf etdirilməsi” adlı hissəsində deyilir.
Qeyd edilir ki, son illərdə Azərbaycanda rəqəmsal bankçılığın inkişafı istiqamətində bir sıra addım atılsa da, müəyyən banklar tərəfindən hələ də elektron bankçılıq xidmətləri göstərilmir, bəzi banklarda isə göstərilən xidmətlər yalnız məlumat xarakterli olaraq əməliyyatların aparılması imkanını vermir.
Virtual məkanda müştərinin kimliyini məsafədən təsdiq etmək üçün vahid identifikasiya standartı tətbiq edilməmişdir. Müştərilər yalnız gücləndirilmiş elektron imzadan istifadə etməklə bank əməliyyatları apara bilərlər.
Azərbaycanda rəqəmsal bankçılığın inkişafı bank xərclərini azaltmağa, filial və şöbələr şəbəkəsinin zəifliyini “kompensasiya” etməyə, xidmətlərin çeşidinin artmasına və keyfiyyətinin yüksəlməsinə, nağdsız əməliyyatların genişlənməsinə bilavasitə kömək edəcəkdir.
Bu istiqamətdə Dövlət Proqramı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.
Tədbirlər
Tədbir 1. Sertifikat xidmətləri mərkəzlərinin imkanlarından istifadənin genişləndirilməsi
Elektron sertifikatlardan bütün növ rəqəmsal bank xidmətləri alınmasında və hökumət platformalarında qarşılıqlı istifadəsi üzrə texniki imkanlar yaradılacaq və onlardan istifadə təşviq ediləcəkdir. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə elektron imza sertifikatlarından istifadə daha da genişlənəcəkdir.
Tədbir 2. Məsafəli bank xidmətlərinin tətbiqinin genişləndirilməsinin təşviqi
Bank fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, habelə vaxt və məkandan asılı olmayaraq bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə məsafəli bank xidmətlərinin çeşidinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Bu məqsədlə sektorda cari vəziyyət qiymətləndiriləcək, inkişafa mane olan amillər müəyyən ediləcəkdir. Müasir bankçılığın elementləri olan internet və mobil bankçılıq xidmətləri bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklara təbliğat və təşviqat işləri aparılacaq, habelə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması üzrə seminarlar təşkil ediləcəkdir.
O da qeyd olunur ki, bu prioritetin həyata keçirilməsi üçün əhəmiyyətli investisiya qoyuluşu tələb olunmur.
Paylaş: