Xəbər lenti

  

Sosial şəbəkələrdə paylaşılan bir vizit kart fotosu ciddi müzakirələrə səbəb olub. Üzərində rəsmi dövlət atributlarının əks edildiyi həmin vizit kartda “Azərbaycan Respublikası Dövlət NTD” sözləri yazılıb. Aşağısında isə qurumun tam adı “Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Təhlükəsizlik İdarəsi” kimi qeyd edilir. Həmin vizit kartının üzərində quruma aid vebsaytın ünvanı da göstərilir. Həmçinin başqa əlaqə nömrələri də qeyd edilib.

Sosial şəbəkələrdə əksər istifadəçilər belə adda bir dövlət qurumunun olmadığı qənaətində olduqlarını yazmaqla, bunun dövlət adı və simvolikalarından sui-istifadə edən bir qrup işbazın işi olduğuna dair rəylər yazıblar. Bu səbəbdən sözügedən təşkilatla bağlı bir araşdırma aparmaq qənaətinə gəldik. İlk olaraq qurumun vizit kartının üzərində yazılan saytına daxil olduq. Məlum oldu ki, sözügedən qurum əsasən sahibkarlıq subyektləri ilə işləyir. Həmçinin məlum oldu ki, qurumun hərbiləşdirilmiş formalara bənzəyən xüsusi üniforması da mövcuddur. Hərbiləşdirilmiş ona görə deyirik ki, həmin formada paqon və rütbələr nəzərə çarpır.

“Necə qeydiyyatdan keçmişiksə, adımız elə də yazılıb”

Vizit kartında olan nömrələrdən birinə zəng edirik. Dəstəyi özünü Sahib Hüseynov kimi təqdim edən bir şəxs qaldırır.

– Sizin nömrənizi bir vizit kartdan götürmüşük. Siz Azərbaycan Dövlət Nəzarət Təhlükəsizlik Departamenti adda olan qurumun təmsilçisiniz?

– Bəli, mən Bakı regional təşkilatın rəhbəriyəm.

-Bu, dövlət qurumudu, yoxsa…

– Xeyr, dövlət qurumu deyil. Vebsaytımıza girsəniz hər bir məlumatla tanış ola bilərsiniz.

– Elə vebsaytınızla maraqlandığımız üçün bəzi suallar ortaya çıxıb. Dövlət simvolikalarından istifadə etməyiniz qanunidirmi?

– Biz MMC kimi yaradılan hüquqi şəxsik.

– Əsas fəaliyyət spektriniz nədən ibarətdir?

– Biz texniki təhlükəsizliklə bağlı işlər görürük.

– Hansı işləri?

-Hüquqi və fiziki şəxslər bizimlə müqavilə bağlayır. Biz də onlara xidmət edirik. Xidmətimiz texniki təhlükəsizlik və əməyin təşkili ilə bağlı olur.

– MMC-nizin adının əvvəlində niyə “Azərbaycan Dövləti” sözü yazılıb? Adətən MMC-lərin adının əvvəlində elə söz yazılmır…

– Necə qeydiyyatdan keçmişiksə, adımız elə də yazılıb

– Deyəsən, sizin uniformanız da var. Bu necə, qanunidirmi?

– Bəli, varımızdı. Bizim nizamnaməmiz var. Orda göstərilir ki, təşkilatın uniforması ola bilər. Hamısı nizamnaməyə uyğundur

– Fəaliyyətinizi bir qədər də detallı izah etsəniz yaxşı olar…

– Misal üçün, siz müəyyən fəaliyyətlə məşğulsunuz və 5 işçiniz var. Həmin 5 işçi qanunvericiliklə müəyyən olunmuş qaydada texniki təhlükəsizlik təlimatı almalıdır. Bunu etmirsinizsə, onda qanunu pozmuş olursunuz, Qanunvericilikdə bununla bağlı hətta məsuliyyət də nəzərdə tutulub. Sahibkar da bu məsuliyyətə cəlb olunmasın deyə bizimlə müqavilə bağlayır ki, ona lazım olan xidməti göstərək. Elə sahibkarlar var ki, bu işi özləri təşkil edir. Edə bilməyənlərə biz xidmətimizi təklif edirik.

– Belə bir səlahiyyətə malik olan dövlət qurumu olmalıdır axı…

– Bilmirəm, bu barədə nəsə deyə bilmərəm.

– Neçə ildi fəaliyyət göstərirsiniz?

– Bizim fəaliyyətimiz MMC kimi 2008-ci ildəndi. Bakı Regional İdarə isə 2019-cu ildən işləyir.

– Siz ümumi MMC-nin rəhbəriisiniz, yoxsa Bakı regionalın?

– Mən regionalın rəisiyəm

– Bəs ümumi MMC-nin rəhbəri kimdi?

– Bu barədə nəsə deyə bilmərəm. Mən üzərimə düşən nə varsa, dedim.

– Sizin vizit kartınızla bağlı aktiv müzakirələr getdiyi üçün marağımızı kəsb etdiniz.

– Xəbərimiz var, bu bizi narahat etmir. Əksinə, biz özümüz “vizitkalarımız”ı paylayırıq ki, sahibkarların məlumatı olsun. Sizə də dərindən təşəkkür edirik ki, bizimlə əlaqə saxladınız.

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 31-08-2019, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma