Xəbər lenti

    Bu günlərdə “Əcəmi” nəşriyyatında yazıçı-publisist, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərovun “Mirzə Cəlilin satira desantları Naxçıvanda” adlı yeni kitabı işıq üzü görüb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş kitabın yazılmasında məqsəd öz zəmanəsinə güzgü tutmağı bacaran, Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran Mirzə Cəlil yaradıcılığının davamlı olaraq tədqiqi və təbliğidir. Oxucuların diqqətinə təqdim edilən kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən jurnalin yeni nəşrininin 8-ci cildi əsasında ərsəyə gəlib. Məlum olduğu kimi, “Molla Nəsrəddin”inin satira aeroplanı Kəlkəttə, İstanbul, Qroznı, Krasnovodsk, Kislovodsk, Orenburq, Aşqabad, Tehran və digər şəhərlər kimi, Naxçıvan ölkəsindən də keçib və onun “desantları” jurnalla mütəmadi əlaqə saxlayıblar. Kitabda ilk dəfə olaraq jurnalın Naxçıvan müxbirlərinin yaradıcılığı haqqında geniş məlumat verilib, onların felyetonları tədqiqat süzgəcindən keçirilib. Həmin nümunələrdən birini sizə də təqdim edirik:

 "1926-27-ci illərin “Molla Nəsrəddin” jurnalında Naxçıvan və ya Hacı Məhəmməd qurdun ağzını necə bağlatdırdı".

 Naxçıvandan yazan müxbirlər arasında ordubadlılar, xüsusən “Yetim” ləqəbli müxbir məhsuldarlığı ilə diqqət çəkir. Jurnalın əksər nömrələrində onun imzası ilə yazılar var. Ustadı Mirzə Cəlidən bəhrələnən “Yetim”ın yazılarında satirik maneralar, kinayələr sarkazm səviyyəsinə qalxır. O, tiplərin üzərinə birbaşa hücuma keçir,onları yolda, evdə, həyətdə, meydanda yaxalayır, onlara özünəxas şəkildə yanaşır.Tənqid hədəfləri də bu yanaşma tərzindən yayına bilmirlər. Müxbirin “Qurd ağzı bağlamaq” felyetonu isə artıq sadəcə tənqid deyil, satirik kinayə və qəzəb, satirik eyham və ifşa, satirik faciə və lənətdir. Müəllifin dediyinə görə, neçə illərdir qəzetlərdə yazırlar ki, filan kooperativ qulluqçusu, yaxud filan xidmətçi idarənin bu qədər pulunu yeyib dağıdıb. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirləri bir səmərə vermir. Nə qədər tutasan, nə qədər doldurasan türməyə. Təzə gələn də uzağı bir ilə səbr eləyib ikinci il girişir idarənin pullarına. ”Yetim” məsləhət görür ki, belələrini türməyə bassalar, Ordubadda adam qalmaz, çünki xırda yerdir, əhalisi azdır. Yaxşısı budur ki, bir adamı ki vəzifəyə təyin eləyirlər, əvvəlcə gətirsinlər Ordubadda Hacı Məhəmmədin üstünə, dua yazdırıb ağzını bağlatdırsınlar ki, idarənin pul-parasını yeyib tələf eləməsin. Çünki Hacının bu işdə zəngin səriştəsi var. Belə ki, qurd ağzı duası oxumaqla qonşusu Səfərin itmiş qoyunlarını qurdun ağzından o qoruyub. Səfər də sabahısı günü qoyunlarını sağ-salamatca öz samanlığında tapıb. Müxbir bu sınanmış metodun bütün idarələrdə tətbiqini məsləhət görür. Əmin edir ki, o zaman idarə müdiri qazamat təhlükəsindən qurtular və ailəsi başsız qalmaz. Əziz dostum Hüseyn Əsgərov, “Yetim”ə dədəlik elədiyinə görə sağ ol!

    Onu da qeyd edək ki, Hüseyn Əsgərov həm də müasir nəsrimizin istedadlı nümayəndələrindən biridir. Yazıçının bir jurnalist kimi Mirzə Cəlil yaradıcılığına güzgü tutması qələm dostumuzun yeni bir uğuru kimi təqdirəlayiqdir. Düşünürük ki, bu uğur davamlı olacaq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 651          Tarix: 27-11-2019, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma