Xəbər lenti

 

Son zamanlar yaltaq insanların, xüsusilə də media sahəsində fəaliyyət göstərən məddah jurnalistlərin sayının sürətlə artması məni çox düşündürür.

Həmin gənclərin karyera həyatında uğur qazanmaq üçün bu yola əl atması kənardan nə qədər iyrənc gorunsə də əslində bu, cəmiyyətin faciəsidir. Çünki belə bədnam "statistika" iş həyatına yeni atılanlara kifayət qədər çox örnək təqdim edir.

Hələ sovet dovründə geniş vüsət almış məddahlıq bəlası günümüzdə daha süətlə yayılmaqdadır. Sosial şəbəkələrdə insanların, xüsusilə gənclərin məmurlara (özəl sektorda vəziyyət daha acınacaqlıdır) yonəlik yaltaq mədhiyyələri təkçə ürək bulandırmır, eyni zamanda, bu bulaşıcı xəstəliyin qarşısını almaq üçün həyəcan siqnalı qaldırmağın vacibliyini yada salır. Bu gün yaltaqlıq nümunələrinin sayı o qədər çoxalıb ki, az qala kütləvi hal alıb. Həm də ən acınacaqlı və eyni zamanda təhlikəli olan cəhət yaltaqların öz ağalarının əmri ilə vicdanlı, dürüst, qətiyyən qərəzlə deyil, ümimi mənfəət naminə tənqidlər yazan, vətəndaşların problemlərin işıqlandıran qələm sahiblərinə şər atmaları, söyüş yağdırmaları, onlara müxtəlif yollarla əngəl yaratmaq cəhdləridir. Özü də bu trolların sayı o qədər çox olur, təhqirləri bir-birininkinə elə bənzəyir ki, məəttəl qalmamaq olmur.

Doğrudur, yaltaqlıq butun dovrlərdə olub, mənfəət, karyera, maddi maraq naminə öz şəxsiyyətini alçaldan, qürurunu çirkaba bulayıb ayaqlar altına atan məxluqlar (onlara insan deməyə dilim gəlmir) olub. Məddahlıq haqqında fransalı bir mutəfəkkirin sozləri isə yaltaqlara geniş meydan verilməsinin səbəblərinə də aydınlıq gətirir: “Axmaq biri bizi tərifləyəndən sonra o, daha gözümüzə axmaq kimi gorünmür."

Bu gün istənilən sahədə yaltaq adamlara rast gəlmək olar. Amma nə yazıq ki, artıq bu ənənə yaradıcı adamlar arasında daha çox populyarlaşıb. Öz rəisinə yaltaqlananları hardasa başa düşmək olar. Maaş, vəzifə xətrinə yaltaqlıq edənləri çox görmüşük və bu, bir idarə daxilində qalan nümunələrdəndir. Amma sevmədikləri, amma qorxduqları insanların qarşısında "sual işarəsi" kimi əyilənləri, vəzifədən gedəni asıb-kəsərkən, yeni təyin olunanın əmri barədə sərəncamın mürəkkəbi qurumamış iyrənc şəkildə məddahlıq edənləri rəzil vəziyyətə düşmələri belə narahat etmir. Təki altlarında bahalı maşınları, babat vəzifələri, ciblərində bol pulları olsun, üzlərinin tüpürcəkli olmasına asanlıqla dözürlər.

Prezidentin həyata keçirdiyi son kadr dəşiklikləri zamanı yaltaqlığın ən iyrənc forması özünü sosial şəbəkələrdə və saytlarda daha açıq biruzə verdi. Xaçmaza icra başçısı təyin edilmiş gənc məmurun qəbul  gununü ləğv etməsi barədə təşəbbüsü yaltaqlar tərəfindən o qədər şişirdildi ki, az qala mənfi reaksiya yaratmış oldu. Əslində müsbət təşəbbüs olsa belə, yaltaqlar dəstəsinin bunu böyük hay-küylə, sanki görünməmiş qəhrəmanlıq nümunəsi kimi təqdim etmələri bu gənc kadrın reputasiyasına kölgə salmış oldu. Çünki kənardan belə göründü ki, sanki bu hay-küyün müəllifi gənc icra başçısı özüdür və kimlərsə onun tapşırığı əsasında piar yayırlar.

 

Hətta bu doğru olmasa belə, məddahların yersiz və şişirdilmiş canfəşanlığı cəmiyyətə məhz belə bir fikri təlqin etmiş oldu. Bakıya gələn erməni nümayəndə heyətinin üzvünə layiqli cavab verən Mikayıl Cabbarovun da canfəşanlıq edən yaltaq media tərəfindən ictimaiyyətə az qala Qarabağı geri alan qəhrəman formasında təqdim edilməsi də əhali arasında eyni təəssüratı formalasdırdı (nazir erməniləri darmadağın etdi, Mikayıl Cabbarov erməniləri yerlə -yeksan elədi və s. başlıqlar çoxlarının ürəyini bulandırdı).

Yaltaqlıq aşağılayıcı bir anlayış olsa da, simasını, mənliyini, şərəfini itirənlər üçün qətiyyən porblem hesab olunmur. Vaxilə saraylarda yaltaqlar dəstəsi olub və onlar əyan-əşrəf, saray sairləri sayılırmış. Vəzifəsini itirməmək naminə bu əyanlar yaltaqlıq etməkdə bir -biri ilə yarışa belə giriblər. 21-ci əsrdə idarəetmə sistemi xeyli dəyişsə də, bu gün də hakimiyyət eşalonunda sual işarəsi formasında gəzənlər az deyil. Lakin saray əyanları kimi, saray şairləri olaraq ad qazanan yaltaqlardan da heç birinin adını tarix yaşatmayıb. Bu gün istedadı olmayan bir çox qələm sahibləri yaltaqlığı adi həyat tərzinə keçirməklə nə düşünürlər görəsən? Yazdıqları mədhiyyələrlə yaddaşlarda yaşayacaqlarınımı?

 

Bir zamanlar saraylarda və zənginlərin evlərində təməli qoyulan yaltaqlığın müasir dövrümüzdə formasını dəyişməsi ilə vəzifə pillələrində irəliləmək, kimlərinsə etibarını qazanmaq vasitəsinə çevrilməsi kədərli olduğu qədər də utancveridir. Fikir vermisinizsə, yaltaqlar heç vaxt müstəqil fikir yürüdə bilmirlər. Onların gözü daim rəhbərin ağzında olur və onun fikirlərini tutuquşu kimi təkrarlamaqdan başqa bir şey bacarmırlar, özləri təşəbbüs irəli sürə, müsbət təkliflər təqdim edə bilmirlər. Çünki "istedadları" yanız yaltaqlıq üzrə inkişaf edib. Həmişə məddah adamlar irəliləyib yüksək postlar tutandan sonra istəyirlər ki, vəzifəcə aşağıda olanlar da onlara yaltaqlansınlar. Bu yolla alçalmış, zədələnmiş şəxsiyyətlərinin, yerlə bir olmuş qururlarının "sağaldığını" düşünürlər.

Yaltaqlıq olduqca qorxulu mərəzdir. Heç bir mənfəət üçün şəxsiyyəti alçaltmağa və bu "xəstəliyə" könüllü "yoluxmağa" dəyməz. Çünki şəxsiyyətsiz yaşamaq ölümdən də əzablıdır.

Nazilə Nəriman,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 064          Tarix: 9-12-2019, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma