Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub. 

Bu barədə nazirlikdən Strateq.az-a verilən məlumata görə, nazir diqqətə çatdırıb ki, sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir: “Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq”.

Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, deyə S.Babayev bildirib.

Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.
Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyib. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib.

 




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 16-06-2018, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma