Xəbər lenti

  

“Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçki keçirilib. Bu haqda qərar Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin dekabrında Milli Məclisi buraxmasından sonra qəbul edilmişdi. İlkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatları yeni parlamentdə də çoxluq təşkil edəcək. Dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın parlamentdəki 125 deputat yerindən ən azı 65-nə sahib çıxdığı bəllidir. Müstəqil namizədlər 43 yer qazanıb. Qalan yerləri 8 müxtəlif partiyanın namizədləri əldə edib”.

Ovqat.com xəbər verir ki, Türkiyənin ingilis dilli nəşri DAILY SABAH 9 fevral seçkilərini şərh edərkən belə yazıb.

Nəşr xatırladıb ki, 2015-ci ildə seçilmiş əvvəlki parlamentdə YAP 74 mandat, yəni daha çox yer qazanmışdı:

“Doğrudur, ilk baxışdan nəticənin çox da dəyişmədiyi görünür. Lakin yerli politoloqlar hesab edir ki, Azərbaycan dövlətinin şəffaflıq, açıq siyasət, plüralizm və islahatla bağlı atdığı addımlar öz töhfəsini verməkdədir. Məsələn, bu il keçirilmiş növbədənkənar parlament seçkisində 1315, yəni rekord sayda namizəd iştirak etmişdi. Onların 80%-i müstəqil namizəd idi.

Digər tərəfdən, 5 milyondan çox seçicinin qeydiyyata alındığı ölkədə seçici fəallığı 48% təşkil edib. Son seçkidə 19 partiyanın iştirakı isə Azərbaycanın siyasi mühitinin rəngarəngliyinin göstəricisidir.

Səsvermənin gedişini təxminən 880 xarici və 77 min yerli müşahidəçinin izləməsi də mühüm məqamlardandır. Ötən seçkilərlə müqayisədə bu dəfə prosesi daha çox müşahidəçi izləyib.

Azərbaycanın yüksək rütbəli rəsmisi hesab edir ki, prezidentin növbədənkənar parlament seçkisinin keçirilməsi qərarı dövlət başçısının həyata keçirdiyi və 2018-ci ildən daha da güclənmiş islahatları davam etdirmək əzminin göstəricisidir. İndi, növbəti 4 ildə Azərbaycanda hər hansı seçki gözlənilmir.

Həmsöhbətimiz hesab edir ki, ölkədə iqtisadi, mədəni, siyasi və sosial sahələrdə yaşanmaqda olan dəyişiklikləri “yumşaq keçid” də adlandırmaq olar. Onun fikrincə, bu dəyişikliklər dövlətlə insanlar arasında səddə çevrilmiş mənfi halları aradan qaldıracaq: “Bu gün 40 yaşı olan ölkə vətəndaşımız 10 yaşında olarkən Azərbaycan müstəqilliyini yenicə qazanmışdı. Odur ki, indiki və növbəti nəslin arzuladığı, görmək istədiyi ölkəni qurmaq üçün islahatlar sürətlə davam etdirilməlidir”.

Yeri gəlmişkən, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın digər ölkələrilə qurduğu əlaqələr ölkənin ictimai diplomatiyasının hərəkətverici qüvvəsidir. Sovet İttifaqından müstəqilliyini 30 il əvvəl qazanmış Azərbaycan geosiyasi mövqeyinə, təbii resurslarına, mədəni müxtəlifliyinə və xarici siyasətinə görə regiondakı digər ölkələri kölgədə qoyur. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın 158 dövlətlə diplomatik əlaqələri var. O 38 beynəlxalq təşkilatın üzvüdür.

Bu gün isə ölkə öz potensialını tam həyata keçirmək niyyətindədir. Azərbaycan dövləti bu məqsədə nail olmaq üçün lazımi gücü toplayıb.

Qarabağın işğalı sona yaxınlaşır?

Ölkədə islahat küləyi əsir. Bununla paralel, Bakı Dağlıq Qarabağ və ona bitişik rayonların işğaldan azad edilməsi üçün mübarizəni davam etdirir. Bundan başqa, Azərbaycan dövləti Ermənistanın mülki azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın beynəlxalq birlik tərəfindən tanınmasına da çalışır.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları indiyədək nəticə verməyib. Qurumun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə ötən il də görüşlər keçiriblər. Doğrudur, Rusiya, Fransa və ABŞ rəhbərliyi Ermənistanın Qarabağı işğal altında saxlamasına müsbət yanaşmır. Amma onlar bu vəziyyətə lazımi sərtlikdə reaksiya göstərmirlər. Bakı isə münaqişənin həlli prosesində konstruktivliyini davam etdirir.

Bu arada, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyir ki, rəhbərlik etdiyi icma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir: “Qarabağı tərk etməyə məcbur olarkən, yəni bölgə işğal olunduqda mənim 12 yaşım var idi. İstəyirik ki, növbəti nəsil Qarabağın azad edildiyini görsün”.

Nur Özkan Erbay

DAILY SABAH, Türkiyə

12.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 14-02-2020, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma