Xəbər lenti
Son günlər sosial şəbəkə pəncərəsindən həyətə baxanda – xüsusən, Azərbaycan, Türkiyə, Rusiya coğrafiyasına – adama elə gəlir ki, COVİD-19 pandemiyasının mənşəyini araşdırmaq üçün bütün istifadəçilər səfərbər edilib. Əlbəttə, ölüm qorxusunun gücü anlaşılandır. Məsələ, qara pişiyi harada axtarmaqdadır.
Aradırmaçıların böyük əksəriyyəti “bəla”nın həm tanrıdan, həm də insandan gəldiyinə inanır. Bir tərəfdən Madonnanın klipini paylaşıb konspiroloji mülahizələr yürüdür, o biri tərəfdən Vanqanın şəkillərini paylaşıb onun kəhanətlərinin gerçəkləşdiyini iddia edirlər.
Kitabxanası əsasən bir neçə konspiroloji ədəbiyyat (o da varsa), baxdığı film “Qurdlar Vadisi” olan adamlar təbiəti özlərinə ram edə bilmədiklərinə görə sanki yerlə-göylə dava eləyirlər. Kainatın zərrəsi olduqlarını qəbul etməkdə çətinlik çəkirlər. Bu adamlara görə virusun heyvandan insana keçməsi, hansısa başqa virusla mutasiyası kütləni aldatmaq üçün ortaya atılmış vasitədir. Bütün pandemiyalar, zəlzələlər, faciələr mütləq hansısa elmi laboratoriyada yaradılır. Dünyanın istənilən yerində baş verən fəlakətlərin arxasında görünməz güc, ölkə, şirkət, ailə durur. İddia edirlər ki, COVİD-19 pandemiyası planlı şəkildə Çinin məhv olması və insanların sayının azaldılması üçün laboratoriyada hazırlanıb ABŞ tərəfindən buraxılımış bioloji silahdır. Halbuki, vərəm, difteriya, çiçək, qrip, malyariya, xolera heyvan xəstəlikləridir, bu xəstəliklər insana heyvandan keçib. İnsanlarla itlərin 65, inəklərin 50, qoyun keçinin 46, donuzların 42, atların 26 ortaq xəstəliyi var.
Bəlkə də Çinin varlığı, dünya demoqrafiyasının sürətli artımı hansısa dövləti, yaxud kimlərisə narahat edir. Amma fikir yürütməzdən əvvəl pandemiya yaymaq siyasətinin bütün dünyada yarada biləcəyi təhlükələr haqda düşünmək, pandemiyalar tarixində Çinin yerinə, pandemiyaların yayılmasındakı roluna nəzər salmaq lazımdır.
Ümumiyyətlə Uzaq Şərq, Çin və İndoneziya quşların ən çox görüldüyü bölgələrdir. Statistik olaraq Çin qrip epidemiyasının yayılmasında həmişə lider olub. 1781-ci ildə Çində başlayan qrip pandemiyası 8 ay ərzində sürətlə Avropaya, Amerikaya yayılıb. 1888-ci ildə yayılan qripin mənbəyinin də Çin olduğu ehtimal edilir. 1918-ci ilin əvvəllərində Çində pnevmonik vəba geniş yayılmışdı. İspan qripinin Asyatik mənşəli ola biləcəyi ehtimalını alimlər hələ də diqqətdə saxlayır və qripin ortaya çıxdığı ehtimal olunan üç əsas bölgədən biri yenə Çindir. Çünki I Dünya müharibəsində həm Avropaya, həm də Şimali Amerikaya Cənubşərqi Asyadan işçilər gətirilmişdi. 1918-ci ilin əvvəllərində isə Çində pandemiyaya çevrilməmiş kiçik epidemiyalar var idi. Deməli, süni pandemiya vasitəsi ilə Çinin yaxud dünya insanının sayının azaldılması əsasız fərziyyədir.

Təbii olaraq, “onda niyə ispan qripinin təsirinə ən az məruz qalan ölkələridən birincisi Çin idi” sualı əvəllər də verilmişdi və yenə də ən çox verilən suallardan biri olaraq qalır. K. F. Cheng və P. D. Leungun “1918 Qrip Pandemiyası dövründə Çində nələr baş verdi” adlı araşdırmasında bu suala özünəməxsus cavab yer alıb: “Çinin tarixində qrip çox yayılmışdı. Ona görə təcrübələri vardı. Bundan başqa Çinin inkişaf etməmiş, qapalı ölkə olması bu epidemiyanın orada asanlıqla yayılmasına mane oldu. Çində tətbiq olunan ənənəvi müalicə üsulları xəstlik və ölüm hallarının azalmasında az da olsa təsirli oldu.” Çinlilərin koronavirusla mübarizə metodunun detallarını bilməsək də yoluxmanın və ölüm halının azalması faktı bizə məlumdur. Belə olan halda yuxarıda adı çəkilən araşdırmaçıların gəldiyi nəticə ilə razılaşmaya bilmərik.
Virusun yayılmasında hansısa ölkəni günahlandırma təcrübəsi İspan gripi yayılan dövrdə də baş vermişdi. Antanta dövlətləri pandemiyanın Almanlar tərəfindən qəsdən yayıldığını iddia edirdi. Baxmayaraq ki, almanlar özləri bu pandemiyanı “Blitzkatarrh” – İldırım Zökəmi adlanrırıdı. 1918-1919-cu illərdə tüğyan edən bu qripin ispan qripi adlanması özü təsadüf idi. 1918-ci ildə I Dünya müharibəsi gedirdi, Antanta və İttifaq dövlətləri KİV üzərində ciddi senzura qoymuşdu. Xalqın əhvalını pozan və düşmənə güc verən xəbərlər kənara sızmamalı idi. Ona görə müharibədə iştirak etməyən İspaniyanın “El Sol” adlı qazeti 1918-ci ilin May ayında, bu pandemiya haqda ilk dəfə xəbər verdi. İspan qripi koronavirusdan fərqli olaraq gəncləri daha çox öldürürdü. Bu virusa yoluxanlar arasında Vudro Vilson və Bernard Şou da vardı.
Əksər qruplarda, profillərdə tirajlanan məlumatlardan digəri pandemiyanın tanrı tərəfindən insanlara göndərilən cəza olmasıdır. Yəni, bu pandemiya ilahi varlığın əməlidir, insaların törətdiyi vəhşiliyə, əxlaqsızlığa görə tanrının onların başına göydən vurduğu zopadır. Üstəlik cəza dünyaya yüz ildən bir hansısa epidemiya şəklində gəlir.
Bu yanaşma, epidemiyaların mənşəyinə yəqin ki, ən qədim yanaşmadır. Orta əsirlərdə də insanlar bu cür xəstəliklərin tanrı tərəfindən cəza olaraq göndərildiyini, maddi və mənəvi mənada ölçülü yaşamaqla bu cür bioloji fəlakətlərdən canlarını qurtara biləcəklərini düşünürdülər.
Bu yanaşma, səmavi dinlərdəki günah və cəza motivinin izlərini daşıyır. Və bu yanaşma epidemiyanın yayıldığı yerdəki sosial qruplar arasında həmişə ksenofobiyanın artmasına təkan verir. Məsələn, orta əsrlərdə ksenofoblar Avropanın bəzi yerlərində yəhudilərə qarşı yönəlirdisə, 1630-cu ildəki vəba dalğasında İspanyada Fransızlara qarşı yönəlmişdi. İspanlar fransızları vəbanın göndərilmə səbəbi, zəhər saçan insanlar olaraq damğalamışdı. Hazırda ksenofobların günah keçisi, Orta Şərqdə müharibələrə səbəb olanlar, dinin tələblərini pozanlar, açıq-saçıq geyinən qadınlar, yarasa, it əti yeyən çinlilərdir, küçələrdə rastlanan gözüqıyıq adamlardır.
Gələk epidemiyaların yüz ildən bir göndərilməsi məsələsinə. Tarix elminin nə dediyi çoxları üçün əhəmiyyətli olmasa da, bu elm ortaya fakt qoyur. Tarixə məlum olan ilk epidemiya e.ə. XIV əsrdə Hititlərdən başlayır. E.ə 430-cu ildə Poloponnez müharibəsi vaxtı vəba olub-olmadığı məlum olmayan bir virus Afinanın 30%-ni qırır. 165-180-ci illərdə gələn epidemiya Romanın dörddə birini məhv edir. IV əsrdə Hindistan (çiçək), Roma (malyariya) epidemiyalarının törətdiyi dəhşətli tələfatla üzləşir. Hətta şair Seneka Edip əsərində Thebesdəki vəbanın ölümün özündən daha ağır olduğunu yazır.
VI əsrdə İpək Yolu vasitəsi ilə Avropaya gələn Yustinyan vəbası qitəni bürüyür. 1090-1363-cü illər Hindistandan Avropaya keçdiyi güman edilən “Böyük cüzam ovu” adlanan dövr yaşanır. XVII əsrdə İtalyada bir epidemiya daha meydana çıxır. 1817-1918-ci illər arasında yeddi böyük vəba pandemiyası dünyanı götürür. Bunlardan ən dəhşətlisi 1863-cü ildə Sinqapurda ortaya çıxan, Süveyiş kanalı vasitəsi ilə Avropaya keçən pandemiya idi. Vəbadan ölənlər arasında Fridrix Hegel, Çaykovski də vardı. 1870-1875-ci illərdə yayılan çiçək xəstəliyindən Avropada 500 min insan ölmüşdü. Bunlardan əlavə tibb tarixinə beş böyük qrip epidemiyası və 10 pandemiya məlumdur.

Təkcə XIX əsrdə üç ayrı vaxtda qrip epidemiyası geniş vüsət almışdı – 1830-31-ci illər, 1883-cü il və 1889-1990. XX əsrin ikinci yarısı da 1957 və 1968-ci il qrip pandemiyaları ilə yadda qalıb.
Qeyd olunan epidemiya yaxud pandemiyaların baş verdiyi tarixlər arasında hansısa həndəsi silsilə aparmaq mümkün deyil.
Lakin, dünya tarixində çox önəmli yeri olan ölümcül bakteriyaları, min illər əvvəl yaşamış toplayıcılıqla məşğul olan insanların qalıqlarında tapmaq mümkündür. Alyaskada ispan qripindən ölən qurbanlardan birinin qalıntılarından alınan maddə üzərində, 1990-cı illərdə Patoloq İohan Hultin tərəfindən H1N1 virusu ilə bağlı araşdırma aparılır. Donmuş torpaqdan götürülən toxuma, virusun mikrobiologiyasının formasının müəyyən olunmasında istifadə olunur. Bu tədqiqat çox təhlükəli idi, çünki viruslar yenidən insanlara keçə bilərdi. Mütəxəssislər virusu təkrar aktivləşdirib meymunlara yoluxdurur və meymunların ağ ciyərləri qısa bir müddət sonra məhv olur. Bu araşdırmadan sonra pandemiyaya yol açan virusun “sirri” yavaş-yavaş ortaya çıxmağa başlayır. Araşdırma göstərir ki, virusun aktivləşməsi təbii prosesdir və an məsələsidir. Pandemiyaların cəzalandırıcı funksiyasına gəldikdə isə, tarixdə pandemiyalardan ən çox zərər çəkən, çöküş yaşayan dövlətlər imperiyalar olub.
İspan qripinin Qərbi Avropa, Çin və Şimali Amerikada meydana çıxma ehtimalları bu gün də bu üç ölkəni virusun geniş yayılması baxımından diqqət mərkəzində saxlayır. Yaşadığımız son mövsümdə öldürücü qrip virusunun Çindən yayıldığı ehtimal olunur, ən çox ölüm faktı baş verən ölkələrin başında ABŞ gəlir. Əgər pandemiya Çini məhv etmək üçün yaradılmışdısa, o zaman konspiroloji yanaşma İtaliya, İspaniya, ABŞ-dakı kütləvi ölümləri necə açıqlaya bilər? Ümumiyyətlə tibb tarixində qrip epidemiyasının təsirinə ən çox məruz qalan ölkə İtaliya olub. Dünya tarixində qrip adıyla adlandırılmış ilk epidemiyalar 1173-cü ildə İtaliya və Fransanı (Qərbi Avropa) vurmuşdur. 1580-ci ildə yayılan qrip pandemiyasından təkcə Romada gün ərzində 8000 adamın öldüyü bildirilir.
Pandemiyanın hazırda sürətlə yayıldığı coğrafiyalardan biri yenə Şimali Amerikadır. Demək burda söhbət hansısa bioloji silahın istifadəsindən yaxud tanrı cəzasından gedə bilməz. Səbəbi bioloji faktorlarda axtarmaq lazımdır.
İnsan, gələcəyin qeyri-müəyyənliyinə inanmaq istəmir. Özünü inandırır ki, kənrada bütün faciələri idarə edən qüvvə var. Belə bir qüvvə varsa, demək o qüvvə, həm də faciələrin qabağını ala bilir. Fatalizm buradan meydana çıxır. Vanqaya, Madonnanın klipindəki mesaja da inam bundan irəli gəlir. Elmi dərinliyi olmayan cəmiyyətlərdə ən böyük faciələr bu inam bitəndə yaşanır. Pandemiya dövrü uzun müddət davam edəndə ağır psixoloji problemlərə məhz bu qrup insanlar məruz qalır.
Sosial şəbəkənin sözügedən coğrafiyasında varlığı ilə yoxluğu hiss olunmayan digər qrup, az çox elmi məlumatı olan, bu kimi xəstəliklərin ortaya çıxmasında müəyyən patogenlərin rolu olduğunu bilən adamların qrupudur. Onlar hansı qüvvəninsə əmri ilə pandemiyanın dayanmayacağını bilir, vaksinin olmadığını və ən yaxşı halda tələb olunan qaydalara riayət etməklə sağ qala biləcəklərini dərk edirlər. Məlumatları var ki, ispan qripi pandemiyası 1919-cu ilin başlanğıcında sürətlə yox olmağa başlayıb. Yox olma səbəbi isə həm tarix, həm də virusologiya baxımından hələ də müəmma olaraq qalır.
Olduqca az əksəriyyəti əhatə edən adamlar həm də Kanadalı yazıçı Eileen Pettigrewnun 1983-cü ildə nəşr olunmuş “Səssiz Düşmən: Kanada və 1918-ci ilin ölümcül qripi” adlı kitabındakı “Bəlkə də virus yer altına enərək yetkinləşməyi gözləyir” cümləsini həmişə yaddaşlarının bir tərəfində saxlayırlar.



Ana səhifəyə qayıt        Baxış: 2 719          Tarix: 2-04-2020, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma