Xəbər lenti

 
Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə aprelin 5-dən icazəli hərəkət rejimi tətbiq edilir. Yeni qaydalara görə, zərurət qarşısında evdən çıxmaq məcburiyyətində qalan vətəndaşlar mütləq 8103 SMS göndərməli və icazə almalıdır. Əks halda karantin qaydalarını pozmuş sayılan vətəndaşları əvvəl 100 manat cərimə, bu hal təkrarlanarsa, hətta həbs gözləyir.





Vətəndaşların hərəkətlərini məhdudlaşdırmaq üçün həyata keçirilən bu tədbirlər yeni olduğundan cəmiyyətimiz hələ buna uyğunlaşa bilməyib. Nəticədə hər gün xeyli sayda vətəndaş karantin qaydalarını pozduğu üçün ya cərimələnir, ya da daha ağır inzibati cəzaya məhkum olunurlar. Cəza tədbirləri arasında xəbərdarlığın yer almaması vəziyyəti bir az da tündləşdirir və icazəsiz evdən çıxanların ən yaxşı halda cərimələnməsini şərtləndirir. Bundan isə ən çox əziyyət çəkənlər isə aztəminatlı ailələr olurlar.



Ovqat.com-a şikayətlə müraciət edən Cəmalə Kərimova da aztəminatlı ailənin başçısıdır. 
Ailəsi dağıldığından iki uşağa baxan və alimentini belə vaxtı-vaxtında ala bilməyən Cəmalə xanım dünən xoşagəlməz bir sürprizlə qarşılaşıb. Bildirdiyinə görə, dünən saat 10 radələrində dişi ağrıdığından yaxınlıqdakı poliklinikaya getmək istəyib. Karantin qaydalarını pozmamaq üçün o qədər uzaq olmayan yolu taksi ilə qət etməyə qərar verib. Yolda isə taksini DYP əməkdaşları saxlayıblar. “İcazə kağızının” yoxlanışı sırasında Cəmalə xanım xəbər tutub ki, bunun üçün o, 8103-dən razılıq almalı imiş. 
Uzun sözün qısası, poliklinikaya gedərkən polis idarəsinə gətirilən iki uşaq anası bundan sonra başına gələnlər barədə bizə göndərdiyi məktubunda yazır:



 “Bu gün saat 10 radəsində Nəsimi rayon Üzeyir Hacıbəyli prospektində polis tərəfindən saxlanıldım... DYP-nin əməkdaşı məni 21 bölməyə yolladı. Polis leytenantı Vüqar Mirzəyev məni 100 manat cərimələyərək protokol yazdı və cəriməni ona ödəməyimi tələb etdi. Mənə hədə-qorxu gələn polis leytenantı 100 manat pulu məndən bölmənin 2ci mərtəbəsində sağdakı otağında aldı. Polisin bir qadına bu qədər hədə-qorxu gəlməsi və “100 manatı polis bölməsində verməlisən, verməsən səni bölmədə saxlayacam” deməsi bir dəhşətdir. Budurmu Azərbaycan qadınına öz ölkəsində göstərilən qayğı, hörmət? İşsiz, alimentlə uşaqlarını zülm-zillətlə böyüdən, heç yerdən köməyi olmayan anaya budurmu verilən qiymət öz ölkəsində? Xahiş edirəm bu sözlərimi nəzərə alaraq Ölkə başçımız Cənab İlham Əliyevə çatırasınız”.



Cəmalə xanımın dediyinə görə, polisin israrlı tələbi ilə 100 manatı verib şöbədən ayrıldıqdan sonra başına gələnlər barədə 102-ə məlumat verib. Yalnız bu zəngdən bir necə saat sonra polisə ödədiyi 100 manatın bank hesabına yatırıldığı barədə telefonuna mesaj gəlib.
Qeyd edək ki, Cəmalə Kərimova heç yerdə işləmir, keçmiş yoldaşından aldığı 300 manat alimentlə özünü və uşaqlarını dolandırır. Dediyinə görə, alimentini bir gün əvvəl aldığından cibində cərimə ödəməyə pulu olub. Əks halda onu daha ağır cəza gözləyirmiş. İnzibati cəzaya məhkum olunarsa, yeniyetmə övladlarının başsız qalacağını düşündüyündən pulu polisə ödəməyə məcbur olub. Amma o pul 3 nəfərli ailənin bir aylıq dolanışığına yetməyən yeganə gəlir mənbəyindəndir və onlar önümüzdəki 30 günü 200 manatla keçirməli olacaqlar.


Ana səhifəyə qayıt        Baxış: 2 467          Tarix: 14-04-2020, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma