Xəbər lenti


Ən qədim dövrlərdən bu günümüzədək fironların, imperatorların, şahların, prezidentlərin oxşarının olması barədə ən qədim zamanlardan xalq arasında əfsanələr dolaşıb. Bir çox tarixi şəxsiyyətlərin oxşarının olması barədə həm real tarixçilər yazıb, eyni zamanda bu barədə mifik söhbətlər həmişə insanların marağına səbəb olub. Burada əsas məqsəd ölkələrin ali vəzifəli şəxslərinin təhlükəsizliyinin təmin olunması idi. Oxşarının olduğu iddia edilən  dünya siyasətçilərindən biri Rusiya prezidenti Putindir. Ümumiyyətlə, Rusiyada çarın, baş katiblərin oxşarı məsələsi həmişə maraq doğurub. Xüsusilə, çar İvan Qroznı və imperator Birinci Pyotrun oxşarı məsələsi daima maraq doğurub. Hətta bu, incəsənətdə də öz əksini tapıb: “İvan Vasilyeviç peşəsini dəyişir” filmi də görünür cəmiyyətin bu marağından irəli gəlib.
İngiltərə kraliçası birinci Yelizaveta barədə də oxşar iddialar var. Onun hələ uşaq ikən 1550-ci ildə müəmmalı şəkildə öldüyünü bir sıra tarixçilər qeyd edib. Bundan bərk qorxuya düşən dayələrin kral VIII Henriyə Yelizavetaya oxşar oğlan uşağını taparaq qızı kimi təqdim etdiyi bildirilir. Sübut olaraq isə Yelizavetanın 20 yaşında olanda heç zaman ərə getməyəcəyinə dair and içməsi göstərilir. Rusiyada və dünya mediasında oxşarlardan siyasətdə istifadə mövzusunda yüzlərlə yazı yazılıb, sənədli filmlər çəkilib. Onu da qeyd etmək lazımdır ki, Putin özü bu yaxınlarda verdiyi müsahibədə 20 ildən çoxdur Rusiyada və xaricdə dolaşan bu faktı təkzib edib və bildirib ki, 2000-ci illərin əvvəllərində Rusiyada terror aktlarının tüğyan etdiyi vaxtlarda təhlükəsizlik məqsədilə ona dublyordan istifadə etmək tövsiyə olunsa da, o, bundan imtina edib. Lakin komplo nəzəriyyələrin də mövcudolma şansları var, xüsusən əgər burada inandırıcı məqamlar varsa.
Beləliklə, Putinin oxşarlarının təxəllüsləri bunlardır: “Udmurt” – publika qarşısında nadir hallarda görünür, orijinala o qədər də bənzəmir, kameralar onu iri planda yox, ümumi, uzaqdan göstərir; “Kuçma” – Orta Asiya səfəri zamanı ilk dəfə originaldan çənəsinin yumşaq cizgiləri və kök olması ilə fərqləndiyi üçün diqqət çəkib; “Diplomat” – xarici qonaqlarla və rəsmi qəbullarda daha çox diqqət cəlb edir, gənc olması ilə fərqlənir; “Orator” – ən geniş tanınmış dublyor olduğu iddia olunur, belə ki, canlı yayımda mətbuat konfransı, müşavirələr, ictimaiyyətlə təmaslar bu oxşarın fəaliyyət  dairəsinə aiddir. Bu yanaşma tərəfdarlarının əsas arqumentlərindən biri müxtəlif fotoşəkillərdə Putinlə Medvedyev arasında olan boy fərlərinin müxtəlifliyidir. Oxşarların olduğunu iddia edənlərə şəkillərin fotoşop edildiyi deyilsə də, onlar öz fikirlərini əsaslandırmaq üçün prezidentin üzünün anatomik quruluşundakı fərqi qeyd edirlər. Prezidentin oxşarının olmadığını sübut edənlər insanda üz quruluşunun illərcə dəyişdiyini əks-arqument kimi irəli sürsələr də, oxşarlıq tərəfdarları səs tonundakı fərqləri əsas diqqət mərkəzinə gətirirlər.
Helsinkidə Tramp – Putin sammiti öncəsi onlayn jurnallardan biri Rusiya prezidentinin hələ 2015-ci ildə öldürüldüyü iddiası ilə çıxış etmişdi. Başlıq belə idi: “Tramp Putinin oxşarı ilə görüşəcəkmi?!” Məqalədə qeyd edilir ki, “bir çox rusiyalı hesab edir ki, ölkəni Putinin oxşarı idarə edir”. 2012-ci ilin yaz aylarında bu versiyanın gündəmə gəlməsini bildirən Putin tərəfdarları bunu sistemdənkənar Müxalifətin Koordinasiya Şurası tərəfindən yayılan feyk xəbərlər sırasına aid edərək məqsədin Rusiya prezidentinin xalq arasında nüfuzunun azalması, ona olan etibarın zəifləməsi və prezidentin qeyri-legitim olmasının xalqa təlqin olunmasına cəhd göstərildiyini vurğulayırlar. Lakin oxşarın olması hazırda çox çətindir. Çünki əvvəllər internet, televiziya yox idi, dövlət başçısını üzdən yalnız onun ən yaxın adamları tanıyırdılar. Məsələn, şah Abbasın təğyiri-libas olub paltarını dəyişərək xalqın vəziyyətini öyrənməsi üçün məmləkətdə gəzin-dolaşması rahat idi, çünki saray adamlarından başqa heç kəs padşahı tanımırdılar. İndi isə media ölkə rəhbərlərinin az qala günün xeyli hissəsindəki fəaliyyətini işıqlandırır və əhali prezidentləri tanıyır. Belə olan halda oxşarların istifadəsi çox çətindir.
Mütəxəssislərin fikrincə, müasir üztanıma və şəxsiyyətlərin identifikasiya sistemləri əkiz, yaxşı qrim olunmuş, yaxud həddən artıq bir-birinə oxşarlığı olan şəxsləri ayırd etməkdə çətinlik çəksə də, müasir alqoritmlər çoxsaylı fotoşəkillər əsasında fərqi hiss etmək imkanı verir. Beləliklə, texniki tərəqqi əsrində prezidentlərin oxşarının ifşa olunması ehtimalı xeyli artaraq, imicmeykerləri, siyasi texnoloqları, təhlükəsizlik xidmətini bundan çəkinməyə vadar etmişdir. Bu, demokratiyaya zidd, xalqı aldatmaq və ictimaiyyətə hörmətsizlik kimi qəbul edilərək həmin siyasətçi üçün nüfuzdansalıcı hal hesab oluna bilər. Təbii ki, söhbət inkişaf etmiş demokratik ölkələrdən gedir. Afrika və bəzi digər geridəqalmış ölkələrdə bu texnologiyadan hələ də istifadə edilir.
Rusiya tarixçiləri hətta monarxiya dövründə belə oxşardan istifadə edilməməsini qeyd edirlər. Belə ki, onların fikrincə, özünü çar kimi qələmə verən fırıldaqçılar olmuşdur, lakin oxşarların olması barədə heç bir məlumat, dəlil-sübut yoxdur. Üstəlik, hesab olunur ki, əgər Putinin oxşarı varsa və o, vacib beynəlxalq görüşlərə qatılaraq konfranslarda çıxış edirsə, beynəlxalq sənədlər imzalayırsa, niyə düşmən ölkələrin kəşfiyyat orqanları bunu aşkara çıxarmır?! Mart ayında prezidentin 11 gün görünməməsi, sonra isə bir qədər fərqli şəkildə meydana çıxması şübhələrə əsas vermişdir. Plastik cərrahların fikrincə, onun publikanın gözündən itməsindən əvvəl botoksu daha çox nəzərə çarpırdı. Lakin oxşarlardan istifadəyə inanan mütəxəssislər hesab edirlər ki, hakimiyyəti əldə saxlamaq üçün hər cür oyuna getmək mümkündür və buna görə düşmənləri aldatmaq üçün bu vasitədən istifadə edilməsi həmişə olub, olacaq da.
ABŞ-da oxşar məsələsi hələ XVIII əsrdə respublika qurulmasının ilk dövrlərinə təsadüf edir. Tarixçilər tərəfindən belə ehtimal olunur ki, Corc Vaşinqton özünün ilk prezidentlik dövründə fəaliyyət göstərən zaman onu Bavariya illüminatlarının lideri Veysqaupt əvəz etmişdir. Hətta Adam Veysqauptun Vaşinqtonu öldürüb onun adından Birləşmiş Ştatları prezident kimi idarə etdiyi barədə versiya mövcuddur. Bunu inandırıcı edən odur ki, Vaşinqtonun dollar əskinasının üstündəki şəkli ilə Veysqauptun şəkli arasında olduqca bənzərlik var. 2008-ci ildə Feliks Dadayev adlı şəxs Stalinin dörd oxşarından biri olaraq istifadə olunmasını etiraf etmişdir. Stalin müharibə vaxtı həyatının təhlükədə olmasından qorxurmuş, müharibə başa çatdıqdan sonra isə onun alman casuslarının təqibindən qurtulmaq üçün oxşarlardan istifadə etdiyi deyilir. Hətta deyilənə görə Yalta konfransına onun özü yox, oxşarı uçmuşdur.
Stalinin düşməni Hitlerin də əslində Bunkerdə gizləndiyi barədə məlumatlar çoxdan var. Hakimiyyəti dövründə 42 dəfə sui-qəsdə məruz qalmış Hitlerin oxşarlar sayəsində sağ qaldığı deyilir. Onlardan biri Yuri Şrekin inanılmaz dərəcədə fürerə oxşadığı xüsusi qeyd olunur. Qustav Vellerin isə Hitlerə oxşaması ona həyatı bahasına başa gəlmişdir. “Bu oxşarlıq üzündən üç Mixaylo asmışıq, beşini güllələmişik” misalındakı kimi Velleri də almanlar sovet qoşunlarının yaxınlaşması zamanı özləri güllələmişlər. Sovet əsgərləri Vellerin meyidini taparkən onu Hitler zənn etmiş və şəklini çəkmişlər. Lakin sonradan bunun Hitler olmadığı ortaya çıxmışdır. Müharibədən sonra çoxsaylı amerikalı Federal Təhqiqatlar Bürosuna donos yazmışlar: bəziləri onu ictimai nəqliyyatda gördüklərini, bəziləri stomatoloqda qarşılaşdıqlarını iddia etmişdilər. İnsanların kloununun yaradılmasına çalışıldığı bir dövrdə isə oxşarlıq məsələsi artıq əvvəlki əhəmiyyətini itirə bilər.

Nəzakət Məmmədova

Correct.az



Ana səhifəyə qayıt        Baxış: 3 451          Tarix: 20-04-2020, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma