Xəbər lenti

 

Naxçıvan televizyası Bakıxeber.az saytının jurnalisti Vidadi Ordahallının bir yazısı əsasında video-reportaj hazırlayıb.

Uzun-uzadı şərhə ehtiyac duymadan ölkəmizin bu dilbər guşəsini anladan video-reportaj  ilə yanaşı, “NAXÇIVANDA İLK DƏFƏ OLAN JURNALİST YAZIR : “BABA, BURA BEHİŞTDİR, BEHİŞT…” sərlöbhəli yazını da Ovqat.com oxucularına təqdim edirik:

 

Adətən hər yay rayona gedirəm. Kəndimizə getməyəndə sanki özümü nəyisə itirmiş kimi hiss edirəm. İnsan yaşa dolduqca doğulduğu yurd sanki onu özünə daha çox çəkir. Hər il olduğu kimi, bu dəfə də Lerikə, doğma Ordahala səfər etməyi nəzərdə tutmuşdum. Ancaq bir neçə ay əvvəl doğmalarımdan birinin ailə qurub Naxçıvana köçməsi ənənəvi proqramıma dəyişiklik etmək zərurəti yaratdı. Beləcə, sentyabrın 11-də 4 günlük Naxçıvan səfərim başladı…

  

İlk dəfə idi ki, bu qədim diyara qədəm qoyurdum. Təyyarə Naxçıvan hava limanına yan aldıqca həm maraq, həm də həyəcan artmağa başladı. Zatən hər zaman bu qədim diyarı görmək, gəzmək arzusunda idim. Görünür, qismət bu günə imiş deyə xəyallara daldım. Hava limanından maşın mərkəzə doğru getdikcə ətrafı seyr etdim, Naxçıvanla bağlı təsəvvürlərim dəyişməyə başladı. Eşitdiklərimi, televiziyada gördüklərimi dəqiqləşdirməyə başladım və dolğun təəssürat formalaşmağa başladı. Görünən odur ki, keçmişin siması, müasirliklə keçmişin harmoniyası çox uğurla Naxçıvanın timsalında vəhdət təşkil edir. Naxçıvan böyük sevgi ilə yenidən qurulub. Küçə və xiyabanların genişliyi, ətrafda göz oxşayan səliqə-sahman, bütün infrastrukturun yenidən qurulması, ən başlıcası, mövcud təmizlik və abadlıq insanı riqqətə gətirir. İctimai iaşə, xidmət sektorunu əhatə edən məkanların adları, milli olmaqla yanaşı, həm də Azərbaycan dilinin qrammatikasına xüsusi diqqət göstərilməsinin şahidi oldum.

 Halbuki, belə kamil mənzərə Bakıda yoxdur. Sözün düzü, bu mənim çox xoşuma gəldi. Azərbaycan dilinə yad olan adların görünməməsi burada sözügedən məsələlərə necə diqqət edildiyinin göstəricisi idi. Parklarda ağaclar o qədər zövqlə budanıb ki, bunun özü belə qeyri-adi təsir bağışlayır. Əvvəllər bəzən belə fikirlər səslənirdi ki, Naxçıvanda gözəl infrastruktur olsa da, əhali azdır və ya azalır. Ancaq orada qaldığım 4 gün ərzində bunun tam əksini gördüm. Günün müxtəlif vaxtlarında insanların sıx gediş-gəlişi, çoxsaylı avtomobillərin hərəkəti deyilənlərin belə olmadığını sübut etdi. Nəzərə alsaq ki, həmin 4 gün iş günü deyildi, o zaman bunun nə demək olduğunu ətraflı izah etməyə ehtiyac yoxdur.

Yeri gəlmişkən, Naxçıvanda yol hərəkəti qaydalarına çox ciddi riayət olunmasının şahidi oldum. Küçələrdə işıqfordan çox piyada zolaqları var, şəhər sakinləri və gələn qonaqlar çox rahatlıqla yolları keçə bilir. Məsələ ondadır ki, bütün sürücülər həm sürət həddinə əməl edir, həm də piyadalar həmin zolağı keçərkən maşını saxlamalı olur. Sükan arxasına keçənlər o dəqiqə kəmər taxır. Bu həm taksi sürücülərinin, həm də digər sürücülərin timsalında özünü göstərir. Demək olar əksər taksi sürücüləri səliqə ilə forma geyib “NAZ-Lifan” istehsalı olan təzə avtomobillərdə əhaliyə taksi xidməti göstərir.

Diqqətçəkən nailiyyətlərdən biri də rahat yolların salınması, onların yüksək keyfiyyətli olmasıdır. Yol mədəniyyət rəmzidir. Bununla yanaşı, yolların keyfiyyəti iqtisadiyyatın göstəricisi kimi qiymətləndirilir. Bu cür yanaşmada böyük həqiqət var. Müasir yollar Naxçıvanın ticarət əlaqələrində mühüm rol oynayır.

Altmış kilometrlik Naxçıvan-Şərur yolu o qədər rahat qurulub ki, avtomobilin hərəkəti zamanı bu özünü göstərir. Naxçıvana səfər edənə qədər Şərur rayonu barədə təsəvvürüm bir qədər fərqli idi. Fikirləşirdim ki, Şərur Naxçıvanın düzən rayonu olduğuna görə burada yaşıllıq çox azdır. Ancaq gördüyüm mənzərə məni həqiqətən təəccübləndirdi. Yolboyu bir sıra ərazilərdə salınan yaşıllıqlar, kəndlərə yaxınlaşdıqca ağacların çoxalması əvvəlki təsəvvürlərimi dəyişdi. Dostlardan biri qeyd etdi ki, 90-cı illərin əvvəllərində məlum blokada ilə əlaqədar təbii qaz olmadığına görə əhali isinmək üçün ağacları kəsməli olurdu. Muxtar Respublikanın sərt kontinental iqlimə malik olması səbəbindən qış çox soyuq keçir. Ötən illər ərzində gör Naxçıvan nə qədər dəyişib…

 Arpa çayı üzərində qurulan su elektrik stansiyaları Naxçıvan MR-in tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin bir hissəsinin qonşu ölkələrə ixrac olunmasına imkan yaradır. Naxçıvanda tarixi abidələr incə zövqlə bərpa olunub. Nuh Peyğəmbərin qəbirüstü abidəsi, Möminəxatın məqbərəsi, Naxçıvanqala kompleksi, Gəmiqaya, Füzuli məqbərəsi, Xan sarayı və digər abidələr adamı heyran edir. Naxçıvanqaladaki hava sanki kənd sakitliyini mənə yaşatdı. Ətrafdakı dağların havası insanın ruhunu sakitləşdirir. Qalanın daxilində çox gözəl muzey və ictimai iaşə obyektləri fəaliyyət göstərir. Burada verilən samovar çayının dadı bir başqadır. Qalanın üzərindən, demək olar, bütün Naxçıvan görünür.

 

 Naxçıvanda sadə yas mərasimlərinin keçirilməsi barədə dəfələrlə yazıldığı üçün bu barədə yenidən nəsə yazmağı lüzum görmürəm. Ancaq qədim diyarı gəzərkən bir məqam diqqətimi çəkdi. Məsələ ondadır ki, Naxçıvanda məzarlıqlarda mərmərdən qoyulan başdaşları Azərbaycanın digər bölgələri ilə müqayisədə daha nazikdir. Bu da məzar daşının nisbətən ucuz başa gəlməsini şərtləndirir. Bu arada iki ay əvvəl vaxtsız dünyasını dəyişən telejurnalist İlqar Qulusoyun məzarını da ziyarət etdik.

Azərbaycanın qədim, zəngin tarixə malik bu məkanı sabaha inamla addımlayır. Muxtar Respublikada həyata keçirilən islahatlar, yenidənqurma işləri böyük həvəs, təbii istəklə reallaşdırılır. Naxçıvanqala kompleksinin turizm obyekti kimi tanınması olduqca müsbət haldır. Naxçıvanda olarkən çoxsaylı iranlı turistləri gördük. Turistlərdən birinə yaxınlaşıb Naxçıvan barəsində təəssüratlarını soruşduq. İranlı turist “Baba, bura behiştdir, behişt” – deyə cavab verdi.

Bir daha şahidi oldum ki, bədnam ermənilər, Naxçıvanı blokada şəraitində saxlamalarına baxmayaraq, bölgənin inkişafını əngəlləyə bilməyib. Naxçıvan hər keçən gün daha da inamla inkişaf edir, yenilənir, çiçəklənir.




Ana səhifəyə qayıt        Baxış: 2 713          Tarix: 15-06-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma