Xəbər lenti



“Cənab Prezidentin qarşıya qoyduğu prinsiplər böyük tarixi olan Naxçıvan mediası üçün də əsas fəaliyyət proqramıdır və bu prinsiplərə ardıcıl əməl edilir”

Bu fikri Prezident İlham Əliyevin iyunun 30-da Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına münasibət bildirən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib.

Sahil Tahirli NUHÇIXAN İnformasiya Agentliyinə müsahibəsi zamanı bildirib ki, milli mətbuatın yubileylərinin ənənəvi olaraq geniş qeyd edilməsi ölkəmizdə milli medianın inkişafı və onun dövrün çağırışlarına cavab verəcək səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamda da qeyd olunduğu kimi, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

“Əlbəttə, Cənab Prezidentin qarşıya qoyduğu bu prinsiplər böyük tarixi olan Naxçıvan mediası üçün də əsas fəaliyyət proqramıdır və bu prinsiplərə ardıcıl əməl edilir”,- deyən komitə sədri bildirib ki, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı görülən işlər onu deməyə əsas verir ki, bu gün muxtar respublikada sağlam mətbuat formalaşıb. İstər yaradılan maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması sahəsində atılan addımlar Naxçıvan həqiqətlərinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə təqdim olunmasına yeni imkanlar açır. Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da nümunə gücündədir.

“Qeyd etməliyəm ki, ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, tapşırıq və tövsiyələrini verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həm də bu sahədə yüzlərlə qələm sahibinin yetişib formalaşmasının əsas səbəbkarı və himayədarıdır”.

Sahil Tahirli deyib ki, Naxçıvan mediasının, eləcə də Naxçıvan teleradiosunun inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilir. Bu gün ən müasir yayım və çəkiliş sistemlərinə malik olan Naxçıvan televiziyası və radiosu 19 saat bütün dünyaya yayımlanır. Reytinq sıralamalarına baxanda görürük ki, NTV indi dünyanın 140-dan  çox ölkəsində izlənilir. Bu sırada ilk beş ölkə Türkiyə, Rusiya, Ukrayna, ABŞ və Ermənistandır.  Hər həftə izləyicilərə rus və ingilis dillərində xəbər buraxılışlarının çatdırılması xarici ölkələrdən izlənməni daha da artırır.  Bu hesaba qədim diyarın tarixi-mədəni irsi, turizm potensialı, sosial-iqtisadi həyatı geniş təbliğ edilir. Təsadüfi deyil ki, mediada aparılan tanıtım-təşviqat işlərinin nəticəsi olaraq, qədim diyara xarici ölkələrdən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.

Son illər yüzlərlə gənc kadr teleradioda təşkil edilən seminar və kurslara cəlb edilərək lazımi təcrübi imkanlara yiyələndikdən sonra işlə təmin ediliblər. Həmin gənclər isə öz növbəsində, NTV-nin efirinə rəngarənglik, dinamika, yaradıcılıq axtarışları və vizuallıq gətiriblər. Onu da vurğulamaq lazımdır ki, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri, “Nuhçıxan” İnformasiya Agentliyi, Naxçıvan  Mətbuat və Teleradio şuraları, Ali Məclisin Sədri Yanında KİV-ə dəstək Fondu da medianın inkişafında yaxından iştirak edirlər. İndi Naxçıvanın bütün ərazisi 4G sürətli internet xidmətləri ilə əhatə olunub. Bu da özlüyündə bütün əhaliyə sosial şəbəkələrə, sosial mediaya çıxış imkanları yaradıb. Bu isə  söz və fikir azadlığının, vətəndaş cəmiyyəti quruculuğunun vacib elementi kimi diqqəti cəlb edir. Bu yerdə “Əcəmi” nəşriyyatını da xüsusi qeyd etmək lazımdır. Çünki, ən müasir çap və poliqrafik imkanlara malik olan bu mətbəədə qəzet və jurnalları, kitab və ensiklopediyaları ucuz qiymətə və nəfis şəkildə çap etdirmək mümkündür. Naxçıvan Dövlət Universitetində ixtisaslı jurnalist kadrların hazırlığı, həmin ixtisasların televiziya və qəzetlərə hamiliyə verilməsi də işin ən mühüm tərəflərindən biridir.   

Sahil Tahirli deyib: “Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində zəif olan mediamız həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilib. Dönüb geriyə baxanda görürük ki, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə inzibati və iqtisadi blokadaya düşməmişdi, həm də böyük bir informasiya blokadasına alınmışdı. Səsimizi, sözümüzü heç kimə və heç yerə çatdıra bilmirdik. Bu gün isə Naxçıvan həqiqətləri dünyanın istənilən yerinə, istənilən guşəsinə bir andaca çatdırılır. “Əl-cəzirə", "TRT", “Euronews” kimi böyük xarici telekompaniyalar vaxtaşırı Naxçıvanla bağlı film və xəbərlər yayımlayırlar. Bax, bu, Azərbaycan, eləcə də Naxçıvan mediasının qısa zamanda qət etdiyi uğurlu yolun, eləcə də informasiya təhlükəsizliyinin real göstəricisi və formuludu…
Fikrimcə, dövlət başçımızın bu sərəncamı mediaya yeni yanaşma və diqqətin təzahürü olmaqla bərabər, həm də ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mətbuata qayğı siyasətində varisliyin təmin olunmasıdır. Bu sərəncam hər bir qələm sahibi, eləcə də Naxçıvanda çalışan media mənsubları tərəfindən böyük təqdirlə qarşılanır. Ali Məclisin Sədri tərəfindən Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvanda qeyd edilməsi ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi bu sevincimizi daha da artırır.



Ana səhifəyə qayıt        Baxış: 2 873          Tarix: 1-07-2020, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma