Xəbər lenti
“Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması və regionun ərazisinə, insan resurslarına, təbii ehtiyatlarına görə özündən dəfələrlə böyük dövlətləri üstələyərək lider olması çox önəmli bir göstəricidir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir”.

Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Elçin Mirzəbəyli məlumat verib.
Politoloq qeyd edib ki, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 17 qlobal hədəfi və müvafiq qaydada 169 məsələni əhatə edir:

“Hesabat və indeks BMT-nin çoxsaylı struktur və proqramlarının, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Dünya Bankı, Beynəlxalq Mülki Avisaiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Valyuta Fondu, ümumilikdə isə dünyanın ən nüfuzlu 51 beynəlxalq təşkilat və proqramın təqdim etdiyi məlumatlar əsasında hazırlanır.
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” hesabatında səhiyyə, rifah, yoxsulluğun aradan qaldırılması, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və digər istiqamətlər üzrə irəliləyişlər edib və mövqelərini xeyli yaxşılaşdırıb. Ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici isə 70,9-dur”.

Elçin Mirzəbəyli vurğulayıb ki, indeksdə Azərbaycanla bağlı yer alan göstəriciləri yalnız mövcud zaman kəsiyində ölkəmizin əldə etdiyi uğurlar, beynəlxalq aləmdə mövqelərinin güclənməsi, nüfuzunun artması müstəvisindən dəyərləndirmək doğru olmazdı:
“Əldə olunan nəticələr uzunmüddətli bir prosesin, həmçinin ölkəmizdə həyata keçirilən islahatların göstəricisi kimi, pandemiya ilə mübarizə və mövcud qlobal iqtisadi böhran şəraitində, həmçinin postpandemiya dönəmi üçün mühüm əhəmiyyət daşıyır. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, uşaq və qadınların hüquqlarının qorunması, əhalinin içməli su və digər problemlərinin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

Azərbaycan öz təcrübəsində qlobal “davamlı inkişaf” anlayışının ənənəvi sərhədlərini daha da genişləndirib və davamlı inkişafın “sabit, dayanıqlı, davamlı” üçkü inkişaf düsturu nümunəsini yaradıb. Çünki sabitlik inkişafın bünövrəsi, əldə olunan nəticələrin dayanıqlılığının, möhkəmliyinin təmin edilməsi isə əsas sütunlarıdır. Bütün bunlar olmadan inkişaf prosesinin ardıcıl şəkildə irəli aparılması, davamlı olması mümkün deyil.
Xatırladım ki, BMT-nin sözügedən gündəliyinin 17 əsas hədəfindən birini qlobal əməkdaşlığın canlandırılması, məqsədlər üçün tərəfdaşlıq təşkil edir. Məhz bu baxımdan, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsinin Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşməsi, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 2 995          Tarix: 11-07-2020, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma