"SSRİ-nin süqutundan sonra ən yüksək inkişaf edən dövlətlərdən biri, bəlkə də birincisi Azərbaycandır".
Bunu Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün keçirilən ikigünlük seminarda Baş Nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan 2012-2017-ci illərdə BMT-yə iki hesabat təqdim edib: "Hesab edirəm ki, 2030-cu ilə qədər dünyanın transformasiyası layihəsi çərçivəsində də Azərbaycan öz töhfəsini verəcək. Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycanın inkişafını dünyanın inkişafından kənarda təsəvvür etmək mümkün deyil. Buna görə də Azərbaycanın inkişaf strategiyasını BMT-nin müəyyən etdiyi inkişaf strategiyasına uyğunlaşdırılması prosesi gedir".
Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın inkişafı bütün sahələrdə özünü göstərib: "Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb ki, bu da 40%-dən çox artım deməkdir. Hazırda əhalimizin 50%-dən bir qədər çoxu şəhərlərdə yaşayır. Bu da kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı bizim qarşımızda vəzifələr qoyur. Həmçinin gender bərabərliyi ilə bağlı məsələlər də qarşımızda var və əminəm ki, bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycan 2020-ci ilə qədər inkişaf strategiyasını uğurla həyata keçirir"./Report/
Paylaş: