Xəbər lenti


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev avqustun 6-da Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşüb.

Musavat.com xəbər verir ki, görüşdə ölkədə aparılan siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun inkişafı, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərin və bu çərçivədə son vaxtlar bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları, habelə digər məsələlər ətrafında müzakirələr aparılıb.
Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirləri, o cümlədən 5-i Bakıda, qalanları regionlarda olmaqla 13 modul tipli xəstəxananın tikildiyini və əlavə olaraq 3 modul tipli xəstəxananın tikintisinin sifariş olunduğunu, COVİD-19 xəstələrinin müalicəsinin dövlət hesabına həyata keçirildiyini və bunun üçün ölkədə lazımı qədər dərman ehtiyatının mövcudluğunu, bütün bunların nəticəsi olaraq son günlərdə infeksiyaya yoluxanların sayının azalması tendensiyasının müşahidə edildiyini və bu səbəbdən artıq sərt karantin rejimindən mərhələli çıxış planının icrasına başlandığını vurğulayıb.

Şöbə müdiri bildirib ki, iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində artıq 49 siyasi partiya rəhbəri ilə görüş keçirilib, konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub və bu əməkdaşlıq bundan sonra daha da genişləndiriləcək, iqtidar-müxalifət siyasi dialoqu inkişaf etdiriləcək.
Bundan əlavə, 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən dövlət qeydiyyatına alınması, həmçinin 2 yeni siyasi partiyanın təsis Qurultaylarının keçirilməsi faktı ölkədə olan siyasi plüralizmin bir sübutudur.

Görüşdə iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat və ona qarşı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən cavab tədbirləri və xalqımızın 14 iyul tarixində Şəhidlər Xiyabanının qarşısında toplaşaraq milli birlik nümayiş etdirməsi və Ali Baş Komandanın yanında olduğunu göstərməsi də vurğulanıb.

Bundan əlavə, 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda bəyanatının, ümumilikdə 47 siyasi partiyanın Ali Baş Komandanın ətrafında birləşməsinin, ona dəstək olmasının düşmənə qarşı mübarizədə mühüm addımlardan olduğu və ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının bariz nümunəsi olduğu, Tovuz rayonunun intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın sürətlə aradan qaldırılması məsələlərinin ölkə başçısının diqqət mərkəzində olduğunu və bu məqsədlə görüləcək tədbirlərlə bağlı iyul ayının 20-də sərəncam imzalandığı qeyd edilib.

İlyas İsmayılov ölkədə aparılan islahatların daha da dərinləşdirilməsini arzu edərək seçkilərlə bağlı müəyyən problemləri qeyd edib və bu sahəni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib.
Sonda ölkədə siyasi dialoqun davam etdirilməsinin zəruriliyi qeyd olunub.





Ana səhifəyə qayıt        Baxış: 3 654          Tarix: 6-08-2020, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma