Xəbər lenti


Azərbaycan Respublikasının Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koksa cavab məktubu ünvanlayıb.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən Trend-ə bildirilib ki, ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz rejimin 29 illiyi münasibəti ilə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Baronessa Kerolayn Koks tərəfindən oyuncaq quruma ünvanlanan təbrik məktubu ilə əlaqədar, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Baronessa Koksa məktub ünvanlmışdı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı xatırlatma edən Səfir T.Tağızadə məsələnin həllinə yalnız beynəlxalq hüquq normaları, eləcə də mənəvi ədalət prinsipləri əsasında həqiqi tarazlı yanaşma formalaşdırmaqla töhfə verilə biləcəyinin mümkünlüyünü vurğulamışdı.

Səfirin məktubuna cavab olaraq, Baronessa Koks öncəki cəfəngiyat dolu mövqeyini təkrarlayaraq, çox güman ki, ermənilər tərəfindən təqdim olunan məlumatlar əsasında cavab məktubu yazıb. Tarix təhrifi ilə bərabər, öz məktubunda Koks cari ilin iyul ayında Azərbaycan – Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribatın məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışıb, Azərbaycanın Ermənistana qarşı nifrət siyasəti apardığını iddia edib.

Ermənistan və erməni diasporunun təsiri altında fəaliyyət göstərən Baronessa Koksun Azərbaycan səfirinə cavab olaraq ünvanlandığı məktubu Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinə göndərmədən öncə erməni mətbu orqanlarında dərc etdirməsi diqqəti cəlb edib.

Məlum olduğu kimi, Baronessa Kerolayn Koks uzun illərdir ki, Ermənistan və işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən qanunsuz, qondarma rejimin dəstəkçisidir və o, davamlı olaraq Böyük Britaniya Parlamentində fəaliyyət göstərən Ermənistanla Dostluq Qrupunun sədri və sədr müavini vəzifələrində olub, 2020-ci ilin 2 iyul tarixində sözügedən qrup yenidən formalaşdığı zaman Kerolayn Koks qrupa yenidən həmsədr seçilib. Kerolayn Koks, dəfələrlə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib və digərlərini də səfərə təşviq edib, özünün yaradıcısı olduğu Humanitar Yardıma Dəstək Vəqfi (Humanitarian Aid Relief Trust - HART) ilə qondarma rejim ilə müxtəlif layihələr həyata keçirir.


Kerolayn Koksun son məktubuna Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin cavabını diqqətinizə təqdim edirik:
"Sizin - Britaniyanın Lordlar Palatası kimi mötəbər bir qurumun üzvü, eləcə də sözdə sülh, ədalət və mənəviyyat təəssübkeşi olan bir şəxsin - məktubunun mənə erməni propaqandası tərəfindən istifadə olunan qızışdırıcı ritorikanı xatırlatması son dərəcə təəssüf doğuran haldır.

Birincisi, fantaziyalardan fərqli olaraq reallıqların alternativi olmur. Bu mənada məktubunuzda təklif etdiyiniz "alternativ reallıqlar" sadəcə mümkünsüzdür. Beləliklə, icazənizlə emosiya və aldatmacaları kənara qoymağa çalışaraq diqqətinizi yalnız faktlara çəkərdim:
Dağlıq Qarabağ

Mən əminəm ki, Ermənistanın güclü pərəstişkarı kimi, BBC-nin Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan, sonuncunun Britaniya auditoriyasını gülünc "tarix dərsi" ilə yalnış yönləndirməyə çalışdığı, digər tərəfdən aparıcının BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiq olunduğu və erməni qoşunlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə istinad edərək onu reallıqlara cavab verməyə çağırdığı "Hard Talk" verilişinə baxmısınız.
Ermənistan və onun əksər dəstəkçiləri öz arqumentlərini müdafiə etmək üçün saxta tarix dərslərinə müraciət etdiyi halda, Azərbaycan və ədalətin tərəfdarı olan istənilən şəxs birmənalı olan və əlavə əsaslandırma tələb etməyən beynəlxalq hüquqa arxalanır. Ermənistan BMT Nizamnəməsinin əksinə olaraq və güc istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ regionu və sonuncu ətrafında 7 rayonunu işğal etmiş və həmin ərazilərdə yaşayan bir milyon Azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti aparmışdır.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə görə daşıdığı birbaşa məsuliyyətdən yayınmaq üçün xalqların öz müqəddəratını həll etməsi prinsipini məzmundan çıxarır və bu prinsipin Dağlıq Qarabağda yaşayan ermənilər üçün birtərəfli sesessiya formasında tətbiq oluna biləcəyi və beləliklə ikinci erməni dövlətinin yaradılmasına aparıb çıxaracaq bir yanaşma formalaşdırmağa cəhd edir.

Reallıqda isə bu cür yanaşmanın BMT Nizamnaməsi, 1975-ci il Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərdə yer alan xalqların öz müqəddəratını təyin etməsi prinsipi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin, bu da aydındır ki, öz müqəddəratını təyin etmək iddiaları məcburi normalar (yus cogenlər) daxil olmaqla beynəlxalq hüququn dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı güc istifadəsi və ya təhdidini qadağan edən və bu kimi digər normalarının kobud şəkildə pozulması ilə müşaiyət olunduqda saxlanıla bilməz.

Dağlıq Qarabağda məskunlaşanlar Azərbaycanın sərhədləri daxilində öz müqəddəratlarını "daxili" şəkildə təyin etmək hüququna malikdirlər.
Bu onu nəzərdə tutur ki, Azərbaycana məxsus Dağlıq Qarabağın azərbaycanlı və erməni icması sülh, ləyaqət və çiçəklənmə şəraitində, Azərbaycanın .ərazi bütövlüyü və suverenliyini pozmadan birlikdə yaşayacaqlar. Azərbaycan hökumətinin bu proses boyunca təklif etməkdə olduğu məhz budur: Azərbaycan daxilində ən yüksək dərəcəli özünü-idarə etmə. Digər tərəfdən sizinki kimi müdaxilələr yalnız münaqişənin həllini bir qədər də gecikdirməyə xidmət edir.

Şuşa
Şuşa 1992-ci ilin 8 may tarixində Ermənistan tərəfindən işğal edilən, sonrasında əhəmiyyətli dərəcədə zədələnən və 1989-cu ildə aparılan əhalinin siyahıya alınma nəticələrinə görə 98 faiz təşkil edən Azərbaycanlı əhalisi tamamilə təmizlənən Azərbaycan şəhəridir. Müvafiq beynəlxalq Konvensiyalara açıq-aşkar məhəl qoyulmayaraq, şəhərin mədəni irsi ermənilər tərəfindən ya tamamilə qarət edilmiş, ya dağıdlımış, ya da talan edilmişdir.

Azərbaycanın Şuşa ilə tarixi bağları bu şəhərdə doğulan və ya böyüyən məşhur tenor Bülbül, bəstəkar Üzeyir Hacıbəyov, 19-cu əsr Azərbaycan şairəsi Xurşud Banu Natavan, 18-ci əsr Azərbaycan şairi Molla Pənah Vaqif və sairə kimi sonsuz sayda məşhur şəxsiyyətlərlə sübut oluna bilər. Vestminister Bələdiyyəsində çalışan yerli Britaniya Azərbaycanlısı da Şuşa yaxınlığında doğulmuş və uşaqlığını orada keçirmişdir. Bəs siz Şuşada doğulan və ya ən azından orada yaşamış hər hansı məşhur erməninin adını çəkə bilərsinizmi?
Naxçıvan

Tarixi faktların dəyişdirilməsi və gözardı edilməsi onları dəyişmək gücünə malik deyil. Naxçıvan həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və heç bir erməni bunu dəyişdirməyi iddia etmir.

Sizin Dağlıq Qarabağın Naxçıvanla dəyişdirilməsini ehtiva edən ticarət təklifiniz ağıla sığmır. Bu təklif həmin ərazilərdən heç birinə ən xırda bağlılğı olmayan Ermənistana uyğun gələ bilər və onlar bunu hər iki tərəfin qazandığı situasiya kimi dəyərləndirə bilər. Bu, "mümkün olduğu qədər ələ keçir" fəlsəfəsi nəticəsində meydana çıxan Ermənistan üçün məntiqi davam təşkil edər. İkincisi, yəqin ki, erməni dostlarınızın təsiridir ki, siz, hər bir məsələni ticarət predmetinə çevirməyə meyllisiniz. Ancaq biz Azərbaycanlılar üçün bu ərazilər bizim qədim yurdumuzun bir hissəsini təşkil edir və satıla və ya alına bilməz.

Tarixi baxımdan, Sovet Rusiyası və hətta Rusiya imperiyası dövründə Ermənistanın xeyrinə Azərbaycan torpaqlarının kəsilməsi ənənəvi siyasət təşkil edirdi. Lakin, artıq bəsdir. Azərbaycanın hazırda Ermənistanın bir hissəsini təşkil edən tarixi ərazilərinin qaytarılmasına israr etməməsi digər ərazilərimizi düşmən tapdağında qoyacağımız anlamına gəlmir.

Gərginliyin artması

Azərbaycan siz qeyd etdiyiniz Konvensiyanı pozmayıb. Bununla belə, mən sizə Ermənistanın ən utanmaz şəkildə pozduğu və pozmağa davam etdiyi BMT Nizamnaməsi, Cenevrə Konvensiyaları, Helsinki Yekun Aktı və bu kimi onlarla beynəlxalq sənəd sadalaya bilərəm.
Bu ölkə müasir beynəlxalq sistemin qəbul olunmuş norma və dəyərlərini pozmaqdan o qədər çəkinmir ki, tərəddüd etmədən faşistlərə xidmət etdiyi sübuta yetirilmiş hansısa Qaregin Nijde-yə öz paytaxt şəhərində heykəl ucaltmışdır.

Kimin müharibə və ya sülh tərəfdarı olmasına gəlincə, mən sizin diqqətinizi Baş nazir Paşinyanın 2018-ci ildə hakimiyyətdə gəldikdən sonra ard-arda həyata keçirdiyi təxribatçı hərəkətlərə çəkmək istərdim:
  • May, 2018-ci il – Nikol Paşinyan oğlunu Dağlıq Qarabağda hərbi xidmətə göndərir. Bu, Ermənistan vətəndaşlarının Azərbaycan ərazilərində hərbi xidmətə cəlb olunduğu növbəti hal (bu dəfə Baş nazirin ailə üzvü səviyyəsində) idi.

  • 5 avqust, 2019-cu il – Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edir və "Qarabağ Ermənistandır" deyərək "Miatsum" (Qarabağın Ermənistanla birləşdirilməsi ilə bağlı Ermənistanın istifadə etdiyi termin) sloqanları səsləndirən kütlənin önündə gedir.
  • 21 may, 2020-ci il Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma rejimin qeyri-qanuni yolla seçilmiş "prezidenti"nin andiçmə mərasimində iştirak etdir və Azərbaycanı daha da yaralamaq üçün mərasim Şuşada keçirilir.

  • 12 iyul, 2020-ci il. Ermənistan Azərbaycanı iki ölkənin beynəlxalq sərhəddi boyu yerləşən Tovuz rayonu istiqamətini atəşə tutur. Bu, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı beynəlxalq hüququn norma və prinsiplərinin növbəti pozuntusu idi. 

  • Azərbaycanın sərhədin işğal olunmayan hissəsini tədricən hərbsizləşdirmək və ərazini Dövlət Sərhəd Xidmətinin idarəçiliyinə vermək qərarına cavab olaraq Ermənistan Müdafiə nazirinə əsasən "daha əlverişli təhlükəsizlik vəziyyəti yaratmağa yönəlmiş qabaqlayıcı zərbələr" və "yeni ərazilər üçün yeni müharibə"ni nəzərdə tutan təcavüzkar hərbi doktrinası əsasında Azərbaycanın bu yaxşı niyyətli jestini istismar etmək və ona qarşı "sürpriz hücum" həyata keçirməyə cəhd etdi. Bu, həmçinin KTMT-ni münaqişəyə cəlb etmək, eləcə də enerji xəttlərini təhlükə altına qoyaraq Azərbaycanı daha da təhrik etmək üçün uğursuz bir cəhd idi. Nəticə etibarı ilə Azərbaycan general da daxil olmaqla, 10-dan çox əsgərini itirdi. Həmçinin, BBC, Independent də daxil olmaqla bütün rəsmi və media hesabatları son toqquşmalarda öldürülən yeganə mülki şəxs kimi Azərbaycandan olan 76 yaşlı mülki şəxsin öldürülməsini təsdiq edir.

  • Sentyabr, 2020-ci il – Azərbaycan da daxil olmaqla dünya ölkələri 4 avqust tarixində Livanda baş verən faciənin ağır nəticələrini aradan qaldımağa çalışdığı bir vaxtda, Ermnistan bu faciədən də istifadə edir və demoqrafik vəziyyəti dəyişmək üçün Livandan olan ailələri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır.
Yuxarıda bəhs olunan BBC proqramı zamanı Stefen Sakurun sözləri ilə desək, bu təxribatçı hərəkətlər və qızışdırıcı ritorikası ilə Ermənistan Baş naziri "heç də sülhqurucusu deyil və onun siyasəti sülh əldə etməyə yönəlməyib". Əksinə, bu ölkənin əsas niyyəti danışıqlar prosesini pozmaq və Azərbaycanın işğal olunmuş ərazilərini anneksiya etməkdir.

Əlbəttə ki, xarici siyasət meyllərinizə gəlincə, siz öz simpatiyalarınız və ya bunun yoxluğundan çıxış edirsiz. Lakin yalnız mənəvi ədalət nöqteyi nəzərindən dəyərləndirərək bu mövqeni Britaniya hökumətinə sırımaq ən azından ədalətsizdir.
Əgər bu məktubdan sonra siz hələ də mənimlə oturub Ermənistanın ölkəmə qarşı törətdiyi ədalətsizlikləri müzakirə etmək istəyisizsə, mən Sizinlə bu görüşü keçirməyə hər zaman hazıram.

Ən sonda bildirmək istərdim ki, sizin də icazənizlə, mən sizin başlatdığınız ənənəni davam etdirərək bu məktubu ünvan sahibinə çatdığından əmin olmadan nəşr edilməsi üçün media nümayəndələrinə təqdim edəcəyəm".



Ana səhifəyə qayıt        Baxış: 3 235          Tarix: 14-09-2020, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma