Xəbər lenti


Ölkə başçısının məmurların “Şuşanı işğal planı” barədə söylədiklərindən sonra həmin müsahibədə barəsində söz açılan 6 iri məmurun “həyat və yaradıcılığı” barədə mətbuatda xeyli informasiyalar yayıldı. Ancaq əslində, bu informasiyalar yeni deyil və uzun illərdir elə hakimiyyət də daxil olmaqla, hamı kimin nəylə varlandığını və nələrə sahib olduğunu yaxşı bilir...
Az qala “Böyük altılıq” kimi təqdim olunan bu qrupda diqqət cəlb edən fiqurlardan biri də həmin dəstədə vəzifəcə ən böyük olmasa da, imkan baxımından heç kimdən geri qalmayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovdur. Ölkə başçısının dediklərindən belə aydın olur ki, digərləri kimi o da Azərbaycanın müxtəlif guşələrindəki mülklərilə kifayətlənməyib, Şuşada da “lövbər salmaq” istəyirmiş.

Saleh Məmmədovun bu “təşəbbüsü” üzə çıxarkən, istər-istəməz bir müddət əvvəl “Azəravtoyol” şefinin Londondakı mal-mülkü, ailə biznesi və oğlunun adına olan şirkətləri barədə yayımlanan sənədlər yada düşür. Jurnalist Cavanşir Həsənlinin yayımladığı həmin məlumatlardan aydın olur ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədli hələ 20 yaşı olanda Avstriyada, 21 yaşında İngiltərədə şirkət açıb.
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burada 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.
Onu da qeyd edək ki, mətbuatda yazılanlara görə, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R.Vəliyevin qızı ilə ailə həyatı qurub.

Həmçinin, qeyd olunur ki, Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, həmçinin İstanbulda 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.
Bildirilir ki, “Azəravtoyol” rəhbəri “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. S.Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərin siyahısı da dərc olunub:
“Saha İnvestment Dış Ticaret Limited”
“Subhan Dış Ticaret Limited”
“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”
“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”
“Azerturk İnvestment Dış Ticaret Limited”
Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.
S.Məmmədovun Azərbaycandakı mülklərinə gəlincə, mətbuatda onun Nabranda yerləşən dəbdəbəli villasının görüntüləri yayılmışdı. Həmin villanın tikilməsinə isə 12 milyon manata yaxın pul xərcləndiyi iddia olunurdu.

Qısası, Saleh Məmmədovun özünün malikanələri və oğlunun adına olan əmlak və şirkətlərin miqyası bu məmurun imkanları barədə kifayət qədər dolğun təsəvvür yaradır. Bu baxımdan onun Şuşada da iqamətgah, villa və s. “qurub-yaratmaq” istəyində qeyri-adi bir şey yoxdur – Londonda varsa, Şuşada niyə olmasın?!
***
Saleh Məmmədovun özü və oğlu Sübhan Məmmədli barədə internetdə axtarış verərkən qarşımıza başqa bir Sübhan Məmmədli də çıxdı - 44 günlük son Qarabağ müharibəsində şəhid olmuş leytenant Sübhan Məmmədli! Bu şəhidimiz Saleh Məmmədovun oğlu ilə demək olar ki, həmyaşıddır, özü də Şuşaya gedən yolda, Fizuli-Cəbrayıl istiqamətində şəhid olub. Bəli, şəhid Sübhan Məmmədli uğrunda döyüşdüyü və həyatını qurban verdiyi Şuşanı görmədi. Əvəzində, onun adaşı olan Saleh Məmmədovun oğlunun nə vaxtsa Şuşadakı villasında dincələcəyini istisna etmək olmaz…
Cəlal Məmmədov
“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 099          Tarix: 4-02-2021, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma