Xəbər lenti

 Hələ vaxtsız, erkən saçları haqsızlıqdan, ana müqəddəsliyindən, sevdiyi insan həsrətindən,  dağların dümağappaq zirvəsindən seçilməyən Z. Qafarlı şəxsiyyəti, sənət dünyasııyla öz vəhdətini yarada bilib. Ali insani hisslərini qoruyan, onun mənəviyyatına hakim olan sözləri, dəyərli düşüncəsi söz və sənət mərtəbəsində özünü qurmağı bacarıb. Fikirlərin axarı, sözün baxarı, həqiqətin söykəndiyi, haqsızlığın qaçdığı şeyriyyət kürsüsündə əyləşən şair, öz poeziyasının tülünə bürünərək, onu oxuyanların, sevənlərin əbədiliyinə yoldaş, ürəklərinə sirdaş olub. 
Tale sizinlə, bəxt yollarınızla olsun! Şəxsiyyətinizdəki bütövlülük, yaradıcılığınızdakı uğurların yoluna işıq olsun həmişə, Zirəddin müəllim!!! 
                                                                          NƏCİBƏ İLKİN

  

Uşaqlıq illərinə qayıdanda...

 

Yenə dünyayla birsən,

Məndən nə istəyirsən?!

Bir atüstü ömürsən –

Məndən nə istəyirsən?!

 

Şalvarı yırtıq oğlan,

Dişləri mırtıq oğlan,

Əl çək, ay sırtıq oğlan,

Məndən nə istəyirsən?!

 

Dedim, daşıb qaynama,

Özünlə çox oynama,

Daş atırsan aynama,

Məndən nə istəyirsən?!

 

Dağa-daşa vuruldun,

Uçuruldun, quruldun,

Uşaqlıqdan yoruldun-

Məndən nə istəyirsən?!

 

Saldın sözə meyil sən,

Sözə baxan deyilsən...

Veyilsən ki, veyilsən,

Məndən nə istəyirsən?!

 

Çox oğullar doğulur,

Ər bilmə hər oğulu!

Çoban Əhmədin oğlu,

Məndən nə istəyirsən?!

 

 

Evdən qaçaq Zirəddin,

Köksü ocaq Zirəddin,

Ayə, uşaq Zirəddin,

Məndən nə istəyirsən?!

 

30.05.2016

 

     Varsa

 

Demək, incidəni var,

Qəlbin usyanı varsa...

Çöl də dönüb yurd olar,

Qurub tikəni varsa.

 

Mənə demə, öl, qurtar!

Dara düşsəm, gəl, qurtar!

İmkansıza əl tutar,

Kimin imkanı varsa.

 

Ötən quş hayandadı?-

Yolun o tayındadı,

O da can hayındadı,

Ağrıyan canı varsa.

 

Yurdun toyu, yası var,

Hər eşqin butası var,

Gülün də xətası var,

Gülün tikanı varsa.

 

Zirəddini tut daşa,

Baxmaz ömürə, yaşa,

Yolu vuracaq başa,

Əldə sükanı varsa.

 

31.05.2016

 

         Keçirsən

 

Sənsiz ömrüm-günüm gör nə gündədi,

Özün əhvalımı bilib keçirsən.

Başımı qoymuşam sənin yolunda,

Başını aşağı salıb keçirsən.

 

Bil ki, hər gəlişin bahar, yazımdı,

Sazımdı, sözümdü,- təzə yazımdı,

Toxunma könlümə, sənə lazımdı,

Sən ki, hər gün ordan gəlib keçirsən!

 

Doymuram nazından, ərkindən sənin,

Halını soruram hər gündən sənin,

Mən dəli olmuşam dərdindən sənin,

Sən isə bu dərdə gülüb keçirsən.

 

Zirəddinin eşqi deyil səngiyən,

Nə küsən oğlanam, nə də inciyən,

Sənin xəyalınla təkəm indi mən,-

Sən də yüz xəyala dalıb keçirsən.

 

23.06.2016

     Təklik

 

Əziz əmim oğlanları!

Ehsan, Nurəddin, Həsən, Oruc,

(Hüseyn də didərgin düşdü.)

Dünyadan köçdünüz,

O xoş, o sizli günlərim

Yadıma hər gün düşdü.

Mən qalıb yaşamağı,-

Siz ölümü seçdiniz.

 

İndi hər kəndə gedəndə

Getməyə bircə yer var-

Qəbirstanlıq–uyuduğunuz məkan,

Nə olsun ki, başım üstündə Göy,

Ayağım altında Yer var...

Burda ayaqlarım yerimir,

Durun təkan verin mənə, təkan!

 

Əmim oğlanları!

Sizdən necə doyum?!

Hamınızdan ərköyün idim,

Məni həmişə əzizləyərdiniz,

Sevərdiniz boyumu,

Sağlığınızda sevinərdim,

Deyərdim, biri həkimdi,

biri müəllimdi

İndi nə həkimim var,

Nə müəllimim

Təkcə şeirlərim təsəllimdi.

 Əmim oğlanları!

Döyüləsi qapınız yox,

Deyiləsi sözünüz.

Çəkildi evdən-eşikdən

Gözünüz

Özünüz qəsdlə tək qoydunuz məni,

Özünüz!

Yas saxlayıram!

İndi sizi ağlamaq əvəzinə

Özümü ağlayıram,

Özümü!

 16.06.2016.

 

Səndən sonra...

 

Susuz çiçəyə dönüb,

Solmuşam səndən sonra.

Xəbərin yox,-lal-dinməz

Olmuşam səndən sonra.

 

Nə deyim o illərə?-

Kaş dönəydi bir kərə...

Ürəyimi çöllərə

Salmışam səndən sonra...

 

Sızıldaram sim kimi,

Gör itirdi kim kimi?!..

Dünyada yetim kimi

Qalmışam səndən sonra.

 

Qaçdım Haqdan, nahaqdan,

Doymuşam yaşamaqdan,

Yoxam elə o vaxtdan,-

Ölmüşəm səndən sonra.

 

Zirəddini ha qına,

Hara, kimə tapına?!

Hər gün bağlı qapına

Gəlmişəm səndən sonra...

 

25.07.2016.

    Məni

 

Qara yuxular gördüm

Basdıqca qara məni,

Görən bu baxt, bu tale

Aparır hara məni?!

 

Gedir ömür-gün hədər,

Dözmək olmaz bu qədər,

Sonu bitməz bu kədər

Qoydu avara məni!

 

Yoxdur hökmüm, hünərim,

Allah Kərimdir, Kərim!

Bax, bu sənsiz günlərim

Çəkibdir dara məni!

 

Həsrətin gözü doydu,

İki ürək soyudu.

Qara günlərə qoydun,

Sən günüqara məni!

 

Zirəddin il, ay bilmir,

Soruşulmur, sayılmır,

Nə yatmısan, ayıl bir,

Dur, axtar, ara məni!

 

27.07.2016.

 

 Ömrün payız əhvalı.

 

Ömrün də yorulan vaxtı varıymış,

Yolun ortasında yorulub qaldım.

Həsrətin qolları mənə sariymış,

Mən onun boynuna qolumu saldım.

 

Aşdıq yoldaş olub dağı, dərəni,

Ğördüm ki, dostluqda etibarı var.

Bir an da ğözündən qoymadı məni,

Sən demə onun da öz qübarı var.

 

Təklikdən çəkindim illər uzunu,

Amma bu təklikdə hər şey varıymış.

Mən orda dünyanın ğördüm üzünü,

Dünyanı sevənə dünya darıymış.

 

Yaşın bu vaxtından gileylənmədim,

Bir ona yandim ki, hamıya yandım,

Hər gəlib-gedənlə mən əylənmədim,

Axırda özüm öz halıma yandım.

 

Qəlbin yarasını sözlə sarıdım,

Əlacı tapıldı hər dərd-sərimin.

Daha qələmimin rəngı sarıdı,-

Gəldi payız fəsli şeirlərimin.

 

18.09.2016.

 

 Ay ömrüm-günüm.

 

Sevirəm-deyirdin-uydun hər sözə,

Sevdin bəs beləmi, ay ömrüm-günüm?!

Axı, evlər yıxan o söz-söhbəti

Sevən kəs eləmir, ay ömrüm-günüm!

 

Bu yolda özünü salma çətinə,

İnsanlıq şamildir mərdə, mətinə,

Ürəyin bir dünya məhəbbətinə

Ömür bəs eləmir, ay ömrüm-günüm!

 

Çatlayır sinəsi dolu Zirəddin,

Bu yağış Zirəddin, dolu Zirəddin,

Arxası hay-küylə dolu Zirəddin

Dönüb səs eləmir, ay ömrüm-günüm!

 

21.09.2016.

 

       Gedənlər

 

İtirdim o qədər dostu, doğmanı,-

Qanimdir su təki axıb gedənlər.

Elə bil ömürlük olmayıblar heç

Ömrümdən-günümdən çıxıb gedənlər.

 

Əriyən şam olur ürəyim gecə,

Axı, necə dözsün ürəyim, necə?!

Ağrı tək qalacaq ürəyimdəcə

Kövrək ürəyimi sıxıb gedənlər.

 

Həyatım nə zaman sevindi mənim?!

Zirəddin, oğulsan, sev indi məni!

Deyirdin, bu dünya evimdi mənim,-

Bildimi bu evi yıxıb gedənlər?!..

 

02.11.2016.

 

 Nağıldı...

 

Hanı qaynayan oğullar?-

Soguldu getdi hamısı.

Bu dünya bir dəniziymiş,-

Boğuldu getdi hamısı.

 

Vayınıymış, toyunuymuş,

Ömür də bir oyunuymuş,

İllər südlü qoyunuymuş,

Sağıldı getdi hamısı.

 

Qaldı neçə dərdin, sərin,

Aşılmayan gədiklərin,

Bu görüb-görmədiklərin,

Nağıldı-getdi hamısı.

 

Arxan dostuydu, yarıydı,

Demək, hər şeyin varıydı,

Bu da belə bazarıydı,-

Dağıldı getdi hamısı.

 

Qaldın od ilə, köz ilə,

Zirəddin, sözsən, söz, elə!..

Qatdın başını söz ilə,

Ağıldı-getdi hamısı.

 

05.11.2016.

 

 Bilirəm

 

(Mehri, bu gün Sənsizliyimin 17-i yaşıdır. -17.01.2017)

 

Sən yox olub, çəkilmisən göylərə,

O göylərdə hələ təksən,-bilirəm!

Mən gələndə baxıb elə doyunca

Bu gəlişə güləcəksən,-bilirəm!

 

Heç duymadım axırımdı, əzəlim?!

Burda hələ öz başımdı, öz əlim...

Mən yazığı yetim qoydun , a zalım,

Qəbrim üstə gələcəksən,-bilirəm!

 

Burdayamsa, bura gələn deyilsən,

Zirəddinlə bir dərd bölən deyilsən,

Mən ölməsəm, sən də ölən deyilsən,

Mən öləndə öləcəksən,-bilirəm!

 

17.01.2017.

 

     Gəlmişdim

 

12 yaşında dünyasını dəyişən

Qənifənin dünyaya pıçıldadıqları.

Onun ruhuna 2-ci şeir.

 

Gəlməmişdim yoxa çıxsın bu ömür,

Mən gələndə yaşamağa gəlmişdim.

Neyləyirdim bu kəndin baş daşını?-

Mən bu kəndə yaşamağa gəlmişdim.

 

Dünya, səndə ağıla bax, ağıla,-

Gərək elə o yurd-yuva dağıla?!

Bu gəlişim niyə döndü nağıla?

Qalıb səndə yaşamağa gəlmişdim.

 

Ötürdükcə ildən-ilə sən məni,

Qarşıladın gülə-gülə sən məni,

Qəfil gəlib bilə-bilə sən məni

Saldın bəndə-yaşamağa gəlmişdim.

 

Nə tez qıydın gün dəyməyən bu cana?

Sən gətirdin axı məni cahana,

Dönüb məndən üz çevirdin hayana?

Mənəm bəndə-yaşamağa gəlmişdim.

 

O yaş sənə aşiq olub, sən yaşa,

Arsız olub kaş çataydım sən yaşa!

Xanım dünya, yaşadıqca sən yaşa!

Axı, mən də yaşamağa gəlmişdim.

 

22.11.2016

 

  Keçmədi

 

İllər boyu bu könlümə

Könlündən qayğı keçmədi.

Fəsillərin nə istisi,

Nə bir soyuğu keçmədi.

 

Gül yağırdı bənizindən,

Həm yolundan, həm izindən,

Bu məhəbbət dənizindən

Eşqin qayığı keçmədi.

 

Zirəddinin hər yaşında,

Sənsən ağlında, huşunda,

Səndən sonra bir quşun da

Ordan ayağı keçmədi.

 

04.02.2017.

 

Yox olub gedəcəyəm...

 

İşığıydı gəlişin,

Qəlbə qürur gəlirdi.

Dilindən söz eşitsəm,

Gözümə nur gəlirdi.

 

Bu işıq düşən təki,

Kölgəni daşıyardım.

Özüm yaşamırdım ki,

Mən səni yaşayardım.

 

Səniydin söz-söhbətim,

Bəs nədən gedər oldun?!

Ömür yaşamasan da,

Bir ömür qədər oldun!

 

Dön-dedim, eşitmədin,

Axı, səsim yoxuydu.

Arxaya, önə baxdım,

Heç bir kəsim yoxuydu.

 

Yox olub gedəcəyəm

Beləcə, bax, beləcə...

Demə, səni görməyə

Gəlmişiydim eləcə.

 

11.12.2016.

 

Mənim Türküm

 

Bu dünyada əvəzsizdi,

Dürdanədir mənim Türküm.

Özü qədər, ömrü qədər

Zəmanədir mənim Türküm!

 

Hazırdı hər cür zəfərə,

Ağız açmaz bir kafərə,

Pisliyə, böhtana, şərə

Biganədir mənim Türküm!

 

Fərqi yoxdur harda varsa,

Gündüzdürsə, axşamdırsa,

Dünya yanan bir şamdırsa,

Pərvanədir mənim Türküm!

 

Araxsıza qol-qanaddı,

İnsanlığa bəyanatdı,

Yerdi, Göydü-Kainatdı-

Əfsanədir mənim Türküm!

 

Qeyrət çağlayır qanında,

Yurd-yuva dərdi canında,

Ölkələr, xalqlar yanında

Yeganədir mənim Türküm!

 

16.12.2016.




Ana səhifəyə qayıt        Baxış: 2 018          Tarix: 25-07-2017, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma